“McDonald’s”ı boykot edən müəllim işdən çıxarıldıbackend

“McDonald’s”ı boykot edən müəllim işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“McDonald’s”ın Azərbaycan nümayəndəliyinin Ordumuzun düşmənə qarşı əks-hücumlara başlamasından sonra sosial media hesablarında dəstək məqsədi ilə yaydığı postları və paylaşımları silməsi insanlarımız tərəfindən etirazla qarşılanıb. Hüseyn Həsənov adlı gənc müəllim “McDonald’s Azerbaijan” restoranlarının qarşısında dayanaraq vətəndaşlara Vətən müharibəsi apardığımız zamanda restoranın bu addımı barədə məlumat verərək boykot çağırışı edib. Müəllimin bu addımından sonra isə bir çox gənc restoranı bu formada boykot etməyə başladı.

Lakin indi Hüseyn Həsənov ingilis dili müəllimi kimi işlədiyi  Avropa Azərbaycan məktəbindən çıxarılıb. Məsələnin həlli ilə əlaqədar Hüseyn müəllimlə əlaqə saxladıq. Müəllim bu barədə “MediaPost”a bildirib ki, o, məktəbin Vətən müharibəsi zamanı fəaliyyətsizliyinə etiraz etdiyinə görə işdən çıxarılıb:

“Rəhbərliklə ilin başından bəri sadəcə məktəbə aid olan mövzularla əlaqədar qərarları ilə bağlı razılaşmadığım və fikrimi açıqca, mədəni bildirməyimə baxmayaraq müəyyən problemlər yaşadıq. Bəzi sənədləri gecikdirdiyimə görə əvvəlcə mənə töhmət verildi. Başqa bir iclasda məni “grade leader” vəzifəsindən azad etdilər. Bir daha görüş təyin edib nəinki yaxşı “grade leader”, həm də “yaxşı müəllim deyilsən” deyəndə mən də bu fikirlə razılaşmadım və aramızda vəziyyət kəskinləşdi. Orada heç kimi təhqir etməmişdim, amma mənə şiddətli töhmət verəcəklərini dedilər. Qardaşım da hüquqşünas olduğu üçün başa saldı ki, təhqir etməmisənsə, töhmət verə bilməzlər. Kompensasiya vermədən çıxarmaq üçün belə ediblər. Həmçinin mən bu zaman zərfində cəbhəyə apardığım yardımlarla bərabər, məktublar da aparırdım. Məktubları insanlar mənə elektron poçt olaraq göndərirdi. Mən də həmin məktubları məktəbdə çıxarırdım. Məktəbin yeni qaydasına görə, iş saatı və günü xaricində ora getmək istəyən şəxs müdirdən icazə almalıdır. O icazə verərsə, mühafizə içəri buraxır. Hər dəfə icazə alırdım, amma son dəfə unutmuşdum, səhər tezdən yazdım. Müdir o saatda “mail”ə cavab yaza bilməzdi. Mühafizənin rəisi də nə üçün gəldiyimi bildiyi üçün məni içəri buraxdı. Amma müdir etirazını bildirdi ki, mənim icazəm olmadan buraxmısınızsa, bir də olmasın. Mühafizəçi də bildirib ki, Hüseyn müəllim gec yazmışdı sizə, amma nə üçün gəldiyini bildiyimə görə, icazə verdim, bu da bizim məktəbdən kiçik pay olsun. Sonra müdirə yazdım ki, etirazınız məktəbə icazəsiz girməyimə görədir, yoxsa məktəbə aid olmayan bir şeyə görə içəri girməyimə görədir. Buna cavab gəlmədi. Mən gözləyirdim, müdir mənə yazaq ki, məktubları çap edə bilərsən, amma icazə almalısan. Bu məsələlərdən sonra ikinci dəfə töhmət verdilər. Töhmətdən sonra isə gözləmədiyim anda işimə xitam verildi. Mənim də məsələni ictimailəşdirməkdə istəyim direktorun italyan olması və müharibə dövründə məktəbimizin heç bir post paylaşmamasıdır. Yəni məktəb heç bir reaksiya bildirməyib. Səbəb kimi beynəlxalq məktəb olması göstərilir.. Bizim yaşadıqlarımıza bir italyanın canı yanmaya bilər, amma biz susmamalıyıq. Sahibkara da “mail” yazmışam, lakin hələ cavab gəlməyib. Xəbəri varsa, yazmırsa, bu, bir ayıb, xəbəri varsa, heç nə etmirsə, bu da ikinci ayıbdır. Çünki bura dönərxana deyil, məktəbdir. Məktəbinin bu dövrdə nə etdiyindən xəbəri yoxdursa, bu, ayıbdır. Özünə də yazdım ki, bu, 30 illik bir sınaq idi və siz sınaqdan kəsildiniz”.