MAYIN 30-DA İGIDIN YAŞI, ANIM GÜNÜ KEÇİRİLDİ-FOTObackend

MAYIN 30-DA İGIDIN YAŞI, ANIM GÜNÜ KEÇİRİLDİ-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Söhbət Babəkin qəhrəmanlığından gedir

Mayın 30-u ömrümüzün unudulmaz günlərindən birinə çevrildi. “Aran” Uşaqlarının Sağlam İctimai Birliyinin təşəbbüsü ilə hazırlanmış “Qələbə Şəhidləri” kitabının üçüncü cildinin 148-ci səhifəsində özünə əbədi yer eləmiş Babək Bəxtiyar oğlu Allahverdiyevi anmaq üçün əvvəl İkinci Fəxri Xiyabana təşrif gətirdik. Sonra tədbir Heydər Əliyev adına Xırdalan Şəhər Mərkəzində davam etdirildi. Şəhidimiz adına layiq qəhrəmanlardan idi. O, həyatı bahasına ana torpağı sinəsini sipərə çevirən, bütün Azərbaycanla nəfəs alan, şan-şöhrətini ucaldan bahadırlardan biri kimi mücəssəməyə çevrilib. Babək buna görə də üz-üzə dayanmağa, önündə ehtiramla baş əyməyə, xatirəsini yad etməyə, yaşından, vəzifəsindən asılı olmayaraq ehtiram bildirməyə layiq bir gənc idi.

Onun indi cəmi 43 yaşı tamam olub. Bu illərin cəmi ikisini keçmiş sinif, döyüş yoldaşları, Cəmşid Naxçıvanski adına Liseyin, Heydər Əliyev adına Ali Hərbi Məktəbin tələbələri olmadan, motoatıcı hissənin komandiri kimi yad edirdi. Amma ürəyi və duyğuları da hər deyiləni eşidirdi. Çünki şəhidlər ölmürlər, sağdırlar, yenə bizim cərgəmizdədirlər.

Şəhidlər Xiyabanında çoxları çıxış etdilər. Öncə Vətən yolunda canlarını verən şəhidlərin ölməz xatirələri yad edildi. Ruhlarına dualar oxundu. Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev burada bütün şəhidlərə yaşından, vəzifəsindən asılı olmayaraq böyük ehtiram və rəğbət bəsləndiyini dilə gətirdi. Babəkin adının əbədiləşdirilməsi üçün görülən işlərdən danışdı. Qeyd etdi ki, hər bir tədbirdə olmağı özümüzə borc bilirik.

Həmin gün bütün sözlər-söhbətlər səmimi idi. Keçmiş döyüş yoldaşları Faiq Şirəliyev, Kənan Əsgərovun və başqalarının çıxışlarını dinləmək iftixar hissi yaradırdı. Motoatıcı dəstənin komandirinin necə böyük şücaət göstərdiyindən danışırdılar. Bu insanın “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” orden və medallarına haqq etməsinə dair konkret döyüş səhnələrini xatırlayırdılar. Abdin müəllim şəhidin adına verilən küçədən, şəhər 2 və 3 saylı məktəbdə adını daşıyan siniflərdən, xatirə guşəsindən və sair sayğı nümunələrindən danışdı. İradə Kərimova (2 saylı məktəb) rəhbəri olduğu həmin sinifdə yüksək təhsilin bir nömrəli vəzifə olduğunu dedi.

Biz fəxri xiyabanda olarkən Sumqayıtdan və Biləsuvar rayonunda qəhrəman Mübariz İbrahimovun adlarını daşıyan orta məktəblərdən də şagirdlərin tədbirə qoşularaq ehtiramla şəhidi yad etdilər.

Əsmər xanımın həm xiyabanda, həm də Heydər Əliyev adına Xırdalan rayon Mərkəzində duyğuları bütün Azərbaycan analarına xas sözlərlə bitdi: Təki Vətən sağ olsun!

Mərkəzdə rəngarəng proqramla tədbirə hazırlıq görülmüşdü. Vətənpərvərlik ruhlu mahnılar, şeirlər hazırlanmış, jurnalist Nəcibə İlkinin igidlərimizə aid çıxışı poetik parçalarla ifadəsini tapırdı. Bəstəkar, müğənni Ruslan Səfəroğlunun Babəkə həsr etdiyi mahnı yüksək duyumdan xəbər verirdi.

YAP-ın Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxışı zamanı şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan söhbət açdı. Tədbirlərin 130-dan çox ailəni əhatə etdiyini bildirdi.

Şəhidin dayısı Məhəmməd Nəcəfov isə bütün iştirakçılara təşəkkürlərini bildirdi.

Əlbəttə tədbirin ən yadda qalan hissəsi şəhidin iki yadigarının – övladları Bəxtiyar və Çingizin ifasında səslənən şeirlər idi.

Sonda belə bir mənalı günün ömrümüzə yadigar qaldığına və tədbirə dəvət etdiklərinə görə şəhid bacısı Aynurə xanıma, bütün doğmalarına təşəkkürümüzü bildiririk.

Rəhim Hüseynzadə,

Azərbycanın əməkdar jurnalisti