Maskalar çıxarılır: – Geriyə “cərimə təcridxanası”na bənzəyən Azərbaycan qaldı…backend

Maskalar çıxarılır: – Geriyə “cərimə təcridxanası”na bənzəyən Azərbaycan qaldı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərdən yumşalsa da, qəfil sərtləşib, uzanır. Söhbət androloji xəstəliklərdən əziyyət çəkənlərin problemindən yox, Azərbaycansayağı xüsusi karantin rejimindən gedir. Rejimin pandemiyanın qarşısının alınması məqsədilə elan olunduğu deyilsə də, insanımız xəstəlikdən yox, sərtləşən karantinin gətirdiyi sərt və amansız qaydalardan qorxur, çəkinirdi. Elə indi də çəkinir. Amansız dedikdə, söhbət fiziki təzyiq və ya işgəncələrdən getmir. Amma ona bərabər bir üsuldan gedir – cərimələrdən. Haldan-hala keçən karantinin ağrı-acısını isə aşağı və orta təbəqənin insanları çəkdi.
Üç ilə yaxındır ki, Azərbaycanda pandemiya əleyhinə xüsusi karantin rejimi tətbiq olunub və maskası ağzından bir qədər aşağı sürüşənlər karantin rejiminin sərtliyini ən axırıncı dozasına kimi hiss edirlər. İnsanlar öz aralarında nə qədər cərimə edildiklərini, məbləğləri müzakirə edir, hətta yarışdırırlar. Cəriməsi daha az olanlar, “yarışda” uduzub, nisbətən, daha çox cərimələnən dost-tanışlarına hətta qonaqlıq verir, bu “şirin” məğlubiyyətlərini deyib-gülərək, qeyd edirlər – “… qaçılmazdırsa, həzz almalısan” prinsipi ilə…

Minimum əməkhaqqı 300 manat olan ölkənin insanı min manatadək “maska, sms cəriməsi” alırsa və daha sonra onu deyib-gülərək xatırlayırsa, bunun bir mənası var – “ödəyə bilməyəcəm”. Hə, necə, hansı tərzdə ödətdirilər, bu, artıq başqa məsələ. Məsələn, sırf cərimələr ödənilsin deyə İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsi (İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir – AR-nın Qanunvericiliyi) dəyişdirilə bilər. Bu qanunun dəyişdirilməsinin lehinə səs verənlər arasında isə vaxtilə xüsusi karantin rejiminin ən sərt, “başkəsən” zamanlarında Ramiz Mehdiyevin nəvəsinin toyunda sağlıq deyən deputat Səyavuş Novruzov da ola bilər. Təəccüblənməli bir şey yoxdur.

Zarafatı bir kənara qoyaq. Xanımlar və bəylər, vəziyyət olduqca ciddidir. Ölkə “cərimə təcridxanasına” dönüb və insanlar öz cərimələrini bir şəkildə sildirmək üçün hüquqşünaslara, ekspertlərə, belə vəziyyətlərdə daha çox xatırlanan Konstitusiyamıza üz tutur, bir yol axtarırlar. İşi qayda-qanunla həll etmək istəyənlər məhkəmələrə, aidiyyatı qurumlara, qeyri-qanuni həll etmək istəyənlər isə “qohum-tanış”a baş vururlar. Nə qohum-tanışı, nə də məhkəmə təcrübəsi olmayanlar isə “Gürcüstan” xəyalı ilə yaşayıb, bir gün mərhəmət sahibi birilərinin bu cərimələri sildirəcəyini arzu edirlər. Bəs biz Gürcüstan ola bilərikmi, yaxud da axı, niyə Gürcüstan olmalıyıq? Axı, biz azərbaycanlıyıq.

Xülasə, mayın 1-dən etibarən maska məcburiyyəti ləğv edilir. Ancaq hələ də bəziləri “vətəndaş, aşağı!” komandasını eşidəcəyindən qorxaraq, maska taxmağa davam edəcək. Operativ Qəragah isə xüsusi karantin rejimini yenə iyulun 2-nə kimi uzadıb. Bəlkə də nə vaxtsa yenidən başlatmaq üçün “əlyeri” qoyub. Axı, qarşıdan yenə “Formula -1” gəlir. Azərbaycansayağı karantinşünaslar “Formula-1”dən qorxur, bəs öz cəmiyyətindən həya edirmi? Həya sahibləri cavablandırsın.
Bizimyol.info