Masallıda şəhid Sənan Seyfullayev anıldı – VİDEO/FOTOLARbackend

Masallıda şəhid Sənan Seyfullayev anıldı – VİDEO/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonu Ərkivan qəsəbəsində “Vətən uğrunda” medallı şəhid Sənan Seyfullayevin anım günündə onun adına tikilən abidə-bulaq kompleksin açılışı olub. Qəsəbənin girişində inşa edilən abidə-bulaq kompleksdə Sənanla yanaşı Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan, Ərkivan qəsəbəsindən olan digər qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.

Tədbir başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Asiya TV xəbər verir ki, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Millət vəkilləri – Anar İsgəndərov, Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Vətən müharibəsi şəhidlərinin və qazilərin Vətən qarşısında xidmətlərinin dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdıran icra başçısı, Masallıların Vətən torpaqlarımızın azad olunmasında övladlarının, doğmalarının göstərdikləri əvəzsiz xidmətlərdən qürur duyduqlarını, şəhidlərin heç vaxt unudulmayacağını qeyd edib.

Mərasimdə çıxış edən şəhidin dayısı Taleh Sultanov, Qarğalıq kənd orta məktəbinin tarix müəllimi Cəbrayıl Qurbanov və başqaları ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və birici xanım Mehriban Əliyevaya, Masallı rayonunun icra başçısına, millət vəkillərinə minnətdarlığını ifadə ediblər.

 

Açılışı olan bulağın və şəhidlərimizin adını əbədiləşdirmək üçün görülən digər işlərdə zəhməti keçənlərə təşəkkür bildirilib.

Tədbirdə Ərkivan məktəbliləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.

Tədbir iştirakçıları torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının şəkilləri olan abidə-bulaq kompleksini ziyarət edib, üzərinə qərənfillər düzərək, şəhid bulağından su içiblər.

Sonra anım mərasimi ehsan süfrəsi arxasında davam edib. Din xadimləri şəhidlərin ruhuna dualar oxuyub, islamda şəhidlik məqamının aliliyindən danışıblar.Anım mərasimi Ərkivan şəhidlərinin uyuduğu qəsəbə qəbiristanlığında şəhid Sənan Seyfullayevin məzarının ziyarəti ilə yekunlaşıb.

 

FOTOLAR Elsevər Əliyev və Rəşad Fərəcova məxsusdur: