Masallıda şəhid gizir İntiqam Əsgərlinin anım mərasimi keçirilib-VİDEObackend

Masallıda şəhid gizir İntiqam Əsgərlinin anım mərasimi keçirilib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asiya TV xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları – Anar İsgəndərov, Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon sakinləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, İntiqamların qanının yerdə qalmadığından söhbət açıb.

O bildirib ki, bütün şəhidlərin ruhu, onlarının ata və analarının qarşısında baş əyirəm. Torpaq uğrunda ölən varsa, Vətəndir, deyirlər.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər “Qəhrəmanlar Parkı”ndakı xiyabanın dünən, 8 noyabr 2021-ci il tarixdə, Zəfər Günümüzün bir illiyini qeyd etdiyimiz bir gündə açılışı haqqında məlumat verən rayon rəhbəri buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova və əməyi keçən hər bir kəsə minnətdarlıq ifadə edib.

İki şəhid anası Ziba Əsgərova çıxışında bildirib ki, Aprel döyüşlərinin qəhrəmanı Nurlanın itkisi atasına çox pis təsir etmişdi. Müharibə başlamazdan qabaq, sentyabrın 25-i axşam evdə oturmuşduq, İntiqam gəldi. İntiqam bütün sözünü, sirrini mənə deyirdi. Müharibə başlayanda mənə dedi ki, biz irəli gedəcəyik. Allah mənə qısa ömür yazıbsa, qoy bu cəbhədə olsun, kənarda yox. Gedəndə dedi ki, Allahın qismətidi, Aprel döyüşlərində güllə yağışının altından sağ gəldim. Bu dəfə də taleyimdə qayıtmaq varsa, qayıdacam. Yoxdursa, Vətən yolunda şəhid olacam, şərəf duyun!

Sonra qazi Bakir Abdullayev, Birinci Qarabağağ müharibəsi iştirakçısı Xanım Cəfərova, yazıçı Xanım Əsədullayeva və başqaları şəhid qardaşları – Aprel şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı İntiqam haqqında danışıblar.

Sonra Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyevin rəhbərliyi ilə yazıçı-publisist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” əsərinin motivləri əsasında hazırlanmış ədəbi kompozisiya nümayiş olunub.

Masallı Dövlət Regional Kollecinin tələbələri, həvəskar aktyorlar Aysun Əliyeva və Səbinə İbrahimli, həmçinin aktyor Cavid Quliyev “Cəsur qardaşlar” Fəxri fərmanları ilə təltif olunublar. Təltifləri şəhidlər anası Ziba Əsgərova təqdim edib.

Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülüb.

Qeyd edək ki, Şəhid İntiqam Əsgərli ailəli idi. Nur adlı bir qız övladı və Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanının şərəfinə İntiqam adlı bir oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Viləş kəndindən olan Vətən müharibəsinin şəhidi gizir İntiqam Əsgərli ölümündən sonra “Vətən uğrunda” medalına və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Onun adı Masallı şəhəri 3 nömrəli tam orta məktəbə verilib.

Xatırladaq ki, Viləş kəndinin mərkəzi küçəsi İntiqamın qardaşı, Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyır.