Tribuna İnformasiya Agentliyi

Masallıda Bioloji Təbabət Klinikasının yeni filialının açılışı oldu-FOTO

03 Dekabr

Bakı Bioloji Təbabət klinikasının təsisçisi və rəhbərliyi Sumqayıt, Göyçay filiallarından sonra cənub bölgəsində yaşayan əhalinin sağlamlıq problemlərinin həllinə kömək etmək və xarici ölkələrə xəstə axınının qarşısını almaq məqsədilə 2018-ci il, dekabrın 1-də Masallı rayonunda möhtəşəm bir sağlamlıq ocağının açılışına start verdi.

Tədbirdə Masallı icra başçısının müavini Aybəniz Qafarova, millət vəkili Sabir Hacıyev, Bioloji təbabət üzrə Almaniya və Ukraynadan dəvət olunan mütəxəssislər, Bioloji Təbabət Klinikasının Bakı, Sumqayıt, Göyçay filiallarının kollektivləri iştirak edib. 2009-cu ildən Bakıda fəaliyyət göstərən Bioloji Təbabət klinikası Azərbaycanda ilk olaraq orqanizmi kimyəvi preparatlarla zəhərləmədən əhaliyə bioloji üsullarla keyfiyyətli tibbi xidmət göstərir. Masallı rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Bioloji təbabət klinikasının son model tibbi avadanlıqlarla təchiz edilmiş yeni filialının ümumillikdə, cənub bölgəsindəki əhalinin sağlamlıq problemlərinin aradan qaldırılması istiqamətində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrikini tədbir iştirakçılarına çatdıran A. Qafarova Masallı Bioloji Təbabət Klinikasının eyni zamanda rayon səhiyyə xidmətinin inkişafına da böyük töhvə olacağını bildirib. Sonra 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərən Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin prezidenti, professor Fikriyyə İbrahimli çıxış edərək bildirib ki, Bioloji Təbabət Klinikasının Masallı filialında pasiyentlər xroniki, çətin sağalan və ya sağalması mümkünsüz hesab edilən xəstəliklərin müalicəsində effektiv və təhlükəsiz müalicə üsulu sayılan bioloji təbabətlə müalicə metodlarının köməyi ilə öz sağlamlıqlarına qovuşa biləcəklər.

Bioloji təbabət üzrə mütəxəssislərdən, Almaniyanın Viadrina Universitetinin dosenti,eyni zamanda İtaliyanın Milan Universitetində bioloji təbabət üzrə ekspert,vertebroloq H. Rays, Almaniya Akupunktura və Nevral Terapiya Cəmiyyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru U. Günter , Milan Universitetinin dosenti, doktor J.Bandlov,Ukraynalı mütəxəssis, Homotoksikologiya üzrə beynəlxalq dərəcəli mühazirəçi, mama-ginekoloq Y. Nekrasova Masallıda Bioloji Təbabət Klinikasının açılışı münasibəti ilə iştirakçıları təbrik edərək bu möhtəşəm tədbirdə iştirak etmək üçün məmnuniyyətlə Azərbaycana səfərə gəldiklərini bildiriblər.Çıxış edənlər eyni zamanda bioloji təbabətlə müalicə üsullarının əhəmiyyətindən danışaraq onu da qeyd ediblər ki, alman təcrübəsinin Azərbaycanda tətbiq olunması üçün Bioloji Təbabət klinikasında yaradılan şərait ölkənin səhiyyə sisteminin inkişafı yolunda atılan uğurlu addımlardan biridir. Mütəmadi olaraq Azərbaycanda müxtəlif xəstəliklər üzrə xəstə qəbulu keçirən xarici qonaqlar bundan sonra da bu əməkdaşlığı davam etdirəcəklərini və bioloji təbabətlə müalicə üsullarının ölkəmizdə təbliğinə dəstək olacaqlarını bildiriblər.

Tədbirin sonunda Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Yaqubov Bioloji Təbabət klinikasının 3-cü filialının Masallıda açılmasını ölkə başçısı, cənab Prezident İlham Əliyevin sahibkarlara xüsusi qayğısı və bölgələrin iqtisadi inkişafına dəstəyinin nəticəsi kimi qiymətləndirib. O, qeyd edib ki, həkim və tibb işçilərindən ibarət hələ ki 70-ə yaxın insanın çalışdığı klinka fəqərəarsı disk yırtığı, diabetik və trofiki xoralar, əlilliyə aparan artrit, artroz, skolioz,ürək damarlarının aterosklerozu, podaqra, revmatoid artrit kimi xroniki xəstəliklərin müayinə və müalicəsi üçün beynəlxalq standartlara cavab verən apartlarla təchiz olunub.Gələcəkdə kollektivin sayının daha da artırılmasını nəzərdə tutmuşuq. Laboratoriyada Amerika istehsalı olan, avtomatlaşdırılmış yüksək həssaslığa malik son model immunoloji analizator xüsusilə, hepatit xəstəliyinin göstəricilərini dəqiqliklə təyin edir. Biokimyəvi analizator – təcili müayinələr və yüksək dərəcədə dəqiq nəticələr verməklə 1 saat ərzində 1200 test hazırlamaq imkanına malikdir.

Burada bir çox xəstəliklərin diaqnozunun aşkar edilməsində əhəmiyyətli və müasir diaqnostikada ən informativ üsullardan hesab olunan Maqnit rezenans və Komputer tomoqrafiyaları, 4D rejimli Ultrasəs müayinə aparatı, rentgen, qaranlıq sahəli mikroskopiya və s. pasientlərin xidmətinə verilib. Klinikada Təcili tibbi yardım və Cərrahiyyə şöbələri , Allerqologiya, Andrologiya, Endokrinologiya, Ginekologiya, Kardiologiya, Nevrologiya, Oftalmologiya, Pediatriya, Qastroenterologiya, Stomatologiya, Urologiya və Fizioterapiya şöbələri fəaliyyət göstərir. Əsas terapiya ilə yanaşı gedən Ozonoterapiya, Hirudoterapiya, Plazmaferez, 18 ton Naxçıvan duzundan hazırlanmış Duz mağarası və Naftalan terapiyası, Hidrokolonoterapiya müalicələrin daha effektli olmasına xidmət edəcək. Bununla yanaşı hər həftənin 2-ci və 5-ci günləri Bakı Bioloji Təbabət Klinikasının həkimləri Masallı filialında pasiyent qəbulunu həyata keçirir. Daha sonra Elxan Yaqubov Masallı Bioloji Təbabət klinikasının açılış rəmzi olan lenti kəsərək, qonaqlar və tədbir iştirakçılarını klinika ilə yaxından tanış olmağa dəvət etdi. Klinikanın ayrı-ayrı şöbələri ilə tanış olan xarici və yerli qonaqlar bölgələrdə Bioloji Təbabət klinikasınn yeni filiallarının açılmasını klinikanın təsisçisi Elxan Yaqubovun, Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyəti üzvlərinin ümumilikdə, bioloji müalicə metodlarına üstünlük verən həkim kollektivinin əməyi və uğuru kimi qiymətləndiriblər.