Masallıda Anım Günü qeyd edildi – VİDEO/FOTOLARbackend

Masallıda Anım Günü qeyd edildi – VİDEO/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarınından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Masallının Qərəmanlar Parkında tədbir keçirilib.


Asiya TV xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, rayon ictimayəti və media nümayəndələri iştirak ediblər.
Tədbir Heydər Əliyev Mərkəzinin önündə Ümummilli liderin heykəlinin ziyarəti ilə başlayıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyev Anım Günü ilə əlaqədar yayımlanan xalqa müraciəti dinlənilib.

Mərasimdə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının xatirəsi ehtiramla yad olunub, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan Zəfərimiz barədə iştirakçılara geniş məlumat verilib.

Masallı RİH başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları-Professor Anar İsgəndərov və Məşhur Məmmədov, Milli Qəhrəman Səfəralı Məmmədovun anası Şahdəstə Məmmədova, şəhidlər anası Ziba Əsgərova, Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, müharibədə sağ qolunu itirən qazi Daməd İbrahimli, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Ağa Rəşid Talıbov və başqaları böyük Zəfərin qazanılmasında, müharibədən sonrakı proseslərdə, o cümlədən şəhid və qazilərə, Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan danışıblar.

Çıxışlarda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək qiymətləndirilib. Vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç zaman unutmayacaq.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsinin reallaşdığı xatırlanıb.
Çıxış edənlər ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər.

Bir qrup döyüşçü və ailələrinə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları təqdim edilib.
Sonra Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında Vətən Müharibəsindən bəhs edən “Vətən var olsun!” ədəbi-bəii kompozisiya nümayiş olunub.
Daha sonra anım tədbiri ağacəkmə kampaniyası ilə davam edib.

Saat 12:00-da ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb