Masallı  İcra Hakimiyyəti yayılan məlumatı təkzib edirbackend

Masallı İcra Hakimiyyəti yayılan məlumatı təkzib edir

Masallı rayon İcra Hakimiyyətindən TİA.AZ-a-a təkzib yazısı daxil olub. Təkzibdə deyilir:

“Masallı Rayon İcra Hakimiyyəti bildirir ki, 22 aprel 2020-ci il tarixdə saat 17:00 radələrində Youtube internet kanalı vasitəsilə yayılmış Masallı rayonunun Qarğalıq kənd sakini Vəliyev İbarət Hidayət oğlunun Masallı RİH başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyevin son zamanlar koronavirus rejimi dövründə sakinlərə paylanmalı olan yardımları dükanlarda satdırması, yaxın qohumlarına və imkanlı adamlara paylaması, fəaliyyətində korrupsiya hallarına yol verməsi, özünə 190 manat yardımın verilməməsi ilə bağlı rayon Məşğulluq idarəsinə etdiyi müraciətinə baxılmaması barədə  video süjet Masallı RİH tərəfindən araşdırılmışdır.

Araşdırma zamanı İ.Vəliyevin səsləndirdiyi məlumatların əksər qisminin şər-böhtan xarakterli olduğu və yerli icra orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədi daşıdığı müəyyənləşdirilmişdir.
Araşdırmalarda həmçinin məlum olmuşdur ki,  son günlər sahibkarlar və digər imkanlı şəxslər tərəfindən koronavirusla bağlı paylanan ərzaq yardımları İ.Vəliyevin atasına, qardaşına və iki əmisi oğluna verilmişdir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən qardaşı oğlu Dəyanət Vəliyev də ərzaq yardımı almışdır. Ona hər gün dörd ədəd çörək verilir.
Məlumat üçün bildiririk ki, İ.Vəliyevin beş nəfər ailə üzvü vardır. Böyük oğlu İqamət Vəliyev hərbi xidmətdən yayınır. Onun özünün daş evi, həyətində 20 başdan çox xırda buynuzlu mal-qarası, 0,88 ha payıbəlli və 0,30 ha həyətyanı  torpaq sahəsi vardır.

İ.Vəliyev 130 manat təqaüd alır.

Bütün bunlara baxmayaraq növbəti mərhələdə yardım verilməsi üçün tərtib edilmiş  siyahıda İ.Vəliyevin də adı qeyd olunmuşdur.
Ərazi nümayəndəsi S.Zalıyevin 2014-cü ildə icarəyə verilən torpaq sənədlərini  saxtalaşdırdığına görə Masallı rayon Məhkəməsi tərəfindən onun dövlət qulluğunda bir il altı ay işləməsinə qadağa qoyulmuş və aylıq əmək haqqının iyirmi faizi mislində cərimə olunmuşdur. Rayon məhkəməsinin qərarı S.Zalıyevin şikayəti əsasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ləğv olunmuş və o, əfv edilmişdir.
Bildiririk ki, İ.Vəliyevin sosial şəbəkələrdə müraciət yaymasının əsas səbəbi icra nümayəndəsinin əmisi nəvəsinin onların ailəsində gəlin olması və müxtəlif səbəblərdən boşanması ilə bağlı qisas almaq məqsədi daşıyır.
Materiala baxdıqca açıq-aydın görürük ki,  bu kanalda və bəzi internet resurslarında  yerli icra hakimiyyətlərini dövlət orqanı kimi nüfuzdan salmağa cəhd göstərir”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki