Masallı Döyüşçülər Fondu yüzlərlə ailəyə yardım edibbackend

Masallı Döyüşçülər Fondu yüzlərlə ailəyə yardım edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhə bölgəsində gedən döyüşlərdə iştirak edən, könüllü, yaralı və şəhid ailələrinə dəstək kampaniyasından Masallı rayonundan olan sahibkarlar, dövlət məmurları, statusundan və mövqeyindən asılı olmayaraq rayon sakinləri də kənarda qalmayıb. Onlar bu məqsədlə “Masallı Döyüşçülər Fondu”nu təsis edib və vaxtaşırı olaraq qismən səfərbərlik dövründə Orduya qatılan, könüllü, yaralı və şəhidlərin, əsgər və zabitlərin ailələrinə yardım edirlər.

TİA.az-a danışan Fondun rəhbəri Ruslan Bağışov bildirib ki, indiyə qədər yüzlərlə ailəyə ərzaq yardımı paylanıb: “Biz bu işi sistemli şəkildə həyata keçiririk və sıralarımıza qoşulan şəxslərin sayında ciddi artım var. Hazırda ikinci partiya yardım üçün vəsait toplamağa müvəffəq olmuşuq. Yaxın günlərdə növbəti yardımlar ünvanlarına çatdırılacaq. Qərara gəlmişik ki, hər 15 gündən bir bu aksiyanı davam etdirək. Bizim məqsədimiz döyüşdəki əsgərlərin gözünün arxada qalmaması, ailələrinin maddi ehtiyaclarının qarşılanmasıdır. Komandamız kəndlərdə araşdırma aparır ki, diqqətdən kənarda qalan olmasın”.

R.Bağışovun sözlərinə görə, hər bir vətəndaş bu günlərdə Azərbaycan Ordusunun yanında olmalıdır: “Bilirsiniz ki, Cənab Prezident İlham Əliyev bəyan etdi ki, işğaldan azad olunan ərazilərdə yeni infrastruktur yaradılacaq, kəndlər, qəsəbələr və şəhərlər yenidən qurulacaq. Eyni zamanda işğaldan əziyyət çəkən, döyüşlər zamanı fədakarlıq göstərən soydaşlarımıza hərtərəfli yardım göstəriləcək. Dövlətimiz bu işləri ən yüksək səviyyədə həyata keçirir. Lakin dövlətini, millətini, xalqını sevən vətəndaşlar, sahibkarlar olaraq biz də bu proseslərdən kənarda qala bilmərik. Çox qürurverici haldır ki, hər kəs bu müqəddəs işə öz töhfəsini verməyə çalışır. Biz də həmçinin”.

Fondun vasitəsilə yardım göstərmək istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar:

(050)  440-40-04

İmran, TİA.AZ