access_time Dərc olunub: 13:46
ABŞ-IN BU ADDIMI İLƏ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ NƏ DƏYİŞƏCƏK?-ŞƏRH

Bu həftə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyi Brayzanın ABŞ-ın öz həmsədrini geri çağıracağına dair mətbuata verdiyi açıqlamaya münasibət bildirib. M. Zaxarova deyib ki, bir həmsədrin azalması formatın dəyişməsi ilə nəticələnəcək:“Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək. Bu hansı səbəbdən olacaq, pullarımı çatmayacaq, artıq yeni məsələ olacaq. Digər tərəfdən ABŞ nümayəndəsinin geri çağrılmasının səbəblərinə dair sual birbaşa Dövlət Departamentinə ünvanlanmalıdır”.Bəs, ABŞ öz həmsədrini geri çağıracaqmı? TİA.AZ-a bu barədə politoloq Nəzakət Məmmədova  belə bir şərh verdi: “ABŞ-ın Minsk qrupundakı həmsədrini geri çağırması əlbəttə ki, bir təklifdir. Bundan əvvəl də Brayza Fransanın Minsk qrupunda Avropa Birliyi ilə əvəz olunması fikrini irəli sürmüşdü. Lakin düşünürəm ki, ABŞ Rusiyaya əks balans yaradan dövlətdir və onun həmsədrlikdən uzaqlaşması Qarabağ məsələsinin tamamilə Rusiyanın nəzarətinə keçməsinə səbəb olardı. Rusiya onsuz da real olaraq münaqişəni tam nəzarətdə saxlayır. ABŞ burada yalnız danışıqlar prosesində iştirak etməklə müdaxilə edə bilir.Əgər o həmsədrlikdən uzaqlaşarsa, münaqişə artıq həllolunmaz bir mərhələyə daxil ola bilər. Çünki açıq desək, Rusiya nə qədər münaqişənin həllini istədiyini bəyan etsə də, onun həllində yox, uzanmasında, bununla da Ermənistan və Azərbaycanı özündən asılı saxlamaqda maraqlıdır.
ABŞ isə Qafqazda sabitlikdə, münaqişələrin daha tez bir zamanda həllində maraqlı tərəf kimi çıxış edir. Çünki bu Rusiyanın buradakı təsirini azaltmağa, eyni zamanda ABŞ-ın da iştirak etdiyi layihələrin təhlükəsizliyini təmin etmiş olar.

 Lakin münaqişənin həlli üçün bir neçə sərt vacibdir: ya beynəlxalq güc balansı dəyişməli, Rusiyanın mövqeləri zəifləməlidir. Bu özünü bir çox məsələlərdə, o cümlədən Qarabağ probleminin həllində də göstərə bilər. Bu, indiki şəraitdə real görünmür. Digər daha real variant Minsk qrupuna yeni, daha güclü, obyektiv dövlətin, məsələn Almaniyanın və ya dövlətlər birliyinin - təşkilatın, məsələn elə Brayzanın təklif etdiyi kimi Avropa Birliyinin daxil olması ola bilər.”Son günlər Rusiya və Türkiyə prezidentlərinin görüşünə toxunan N.Məmmədova mövcud vəziyyəti bu cür qiymətləndirdi: “Türkiyə Azərbaycan üçün ən ideal variantdır, amma aydın məsələdir ki, Ermənistan və Rusiya qətiyyətlə buna qarşıdır, elə ən son Soçi görüşündə də Putinin mövqeyi bunu tam sübut elədi.

Digər bir variant isə Ermənistanda demokratik düşüncəli, şovinist təfəkkürün uzaq iqtidarın hakimiyyətə gəlməsi olardı ki, Rusiyanın və diasporanın təsirindən uzaq olan bu komanda Azərbaycanla konstruktiv danışıqlara hazır olsun və adekvat mövqe nümayiş etdirsin.”

NÜŞABƏ
TİA.AZ

Şərhlər