Tribuna İnformasiya Agentliyi

İMADƏDDİN NƏSİMİ DÜNYASININ SİRRİ- (V hissə)

15 Dekabr

Adəm cənnətdən çıxarılarkən maddi aləmə çevrilməzdən bir an öncə, təbii ki, sidrətül-müntəha çevrəsi böyüklüyündə olmamışdır. 

Adəm cənnətdən çıxarılarkən maddi aləmə çevrilməzdən bir an öncə, təbii ki, sidrətül-müntəha çevrəsi böyüklüyündə olmamışdır. 


Müqayisə üçün ikinci cisim yoxdursa o cismin böyüklüyü-kiçikliyi haqqında söz demək doğru deyildir. Böyüklük-kiçiklik də cismin sürəti kimi nisbi anlayışdır; ikinci cisim, yəni hesablama nöqtəsi yoxdursa cismin hərəkətdəmi, yoxsa sükunətdəmi olduğunu demək mümkün deyildir. Daha dəqiqini isə bu zaman o iki cisimdən kənardakı üçüncü cisim bilər, çünki iki cismin bir-birinə yaxınlaşması mütləq ikisinin də hərəkətdə olması anlamına gəlməz, ola bilər birinci sükunətdədir, yaxınlaşan ikincidir. Ola bilər ikinci sükunətdədir,

yaxınlaşan birincidir. Hətta ola bilər ikisi də qarşı-qarşıya yox, eyni istiqamətdə hərəkət edirlər, sadəcə, ikinci cismin sürəti birincinin sürətindən kifayət qədər böyükdür. Üçüncü cismə nəzərən isə bu zaman dəqiq bilmək olar ki, onlardan hansı hərəkətdə, hansı sükunətdədir. Böyüklük-kiçiklik də beləcə nisbidir; kainatda tənha cisim Qalaktikalar qədər böyük olsa da məhduddur, konkretdir deyə sonsuzluqla müqayisədə kiçicik bir zərrədir, biz isə cismani kiçiyik deyə, əlbəttə ki, Qalaktikalar bizim üçün son dərəcə böyükdür. Günəş sistemimiz bizim Qalaktikamızın kənarlarına yaxın yerləşir. Qalaktikamız da öz növbəsində milyardlarla Qalaktikadan oluşan ulduz topaları sisteminin kənarlarındadır. Yəni biz Kainatın mərkəzindən, sidrətül-müntəha çevrəsinin mərkəzindən kifayət qədər uzaqdayıq.Bu böyüklükdə Adəmə, təbii ki, cənnət yaşamaq üçün dar olardı; belə ki, hədislərdə deyilir ki, cənnətin eni göylər və Yer genişliyindədir. Yəni Adəm cənnətdə maddi-məkan böyüklüyündə olmuş olsaydı cənnətin eninə zorla sığardı. Adəmin maddi-məkan halı cənnətdən çıxarılandan sonranın son dərəcə genişlənmiş halıdır. Din də, elm də təsdiq edir ki, Kainat hər zaman genişlənməkdədir.

  Maddi aləmə çevrilmə anındakı Adəm sidrətül-müntəha böyüklükdəki Adəmlə müqayisədə, təbii ki, çox kiçik, zərrə şəklində olmuşdur. O bir başqa sualdır ki, kiçik bir cisimdən bu böyüklükdə aləm necə əmələ gəlmişdir. Bunun

mümkünlüyünə  “Böyük partlayış” nəzəriyyəsi artıq cavab vermişdir, sadəcə onu deyim ki, hər birimiz doğulanda əl boyda bir körpə, ondan da əvvəl ana bətnində yalnız mikroskop altında görünə bilən bir zərrəcik olmamışıqmı?

 Maddi aləmin bu gördüyümüz ulduzlar, planetlər, Qalaktikalar kimi nəhəng halı ilahi zaman ölçüsü ilə bir göz qırpımındaca baş vermişdir. Bu hala gəlib çatmağın isə, təbii ki, ilkin halı və sonrakı inkişaf

prosesləri olmuşdur. Bu gördüyümüz aləm maddi aləmin mümkün ola biləcək ən son halıdır ki, çox sonralar məhz bu son hal üçün Yer üzü insanı yaradılmışdır; maddi aləmin bu son halına səhvən birinci dünya deyirik, əslində isə, bu, son, yeddinci dünyadır. Birinci dünya isə Adəmə cənnətdən çıxarılarkən Allahın “Ol” əmrindən həmən sonrakı maddi aləmin ilk, ibtidai haldır. Ona görə Nəsimi deyir: “İbtidadır, ibtidadır, ibtida. İbtidadan hasil oldu intəha”. “İntəha” bizim yaşadığımız bu yeddinci dünyadır. Əslində yeddi dünya bölgüsü şərtidir, bir tək maddi aləm vardır. Qalan altı dünyanı Günəş sisteminin digər orbitlərindəki və ya digər Qalaktikalardakı planetlərdə axtarmaq düzgün deyildir, çünki o planetlər də bu yeddinci dünyanın maddiliklərindəndir, sadəcə, hələlik o uzaq Qalaktikalara gedəcək inkişaf səviyyəsində deyilik, amma bir gün gedə bilsək oraları da bu bədənimizlə görüb-duymaq  dərəcədəki bədən ölçülərində, intervalındayıq. Yeddi dünya maddi aləmin bir-birindən doğan, sonrakı əvvəlkinin bir üst halı olan, iç-içə inkişaf yoludur. Yeddisi də Adəmin maddi aləmə çevrilişi zamanı, ilkin yaradılış zamanı eyni anda var olmuşdur. Sadəcə, biz insan olaraq əvvəlki dünyaları görmədən ən son, yeddinci dünyada yaradılmışıq. Və yalnızca bu yeddinci dünyanı görmək, eşitmək, duymaq aralığında yaradılmışıq. Gözlərimiz qırmızı-bənövşəyi rəng əhatəsindəki infraqırmızı və ultrabənövşəyi rəngləri görməyə, qulaqlarımız

yüksəktezlikli səsləri eşitməyə, dərimiz qeyri-maddi heç bir şeyi hiss etməyə qadir deyil. Burnumuz da məhdud qoxubilməyə, dilimiz də məhdud dadbilməyə uyğundur. Dərimizə də yalnız yeddinci dünya maddilikləri tipinin təmasını hiss edə bilirik. Aləmi bu beş duyğumuzun bu dünyadakı bədən tipi ilə duyumu digər altı dünya üçün çox ibtidaidir. Yəni varlıq aləmi gördüyümüz kimi deyildir, sadəcə, yeddinci dünya, bu dünya gördüyümüz kimidir. Başqa necə rənglər, dadlar, səslər, qoxular var ki, bu bədənlə biz onların varlığından heç cür xəbər tuta bilmərik. Biz mikroaləmi də görmürük, ona mikroskop altında baxırıq, amma mikroskopun da göstərə bilmədiyi daha hansı mikroaləmlər var, o bizə bəlli olmaz bu dünyada. Əgər, misalçün, biz ağacı ağac kimi görürüksə mikroaləm üçün dəmi o, ağacdır? Xeyr, o aləm üçün ağac, sadəcə, molekullar, atomlar, atom nüvəsi ətrafında hərlənən elektronlar, o nüvələrin içindəki protonlar-neytronlar, o protonların-neytronların içindəki daha nələr-nələr yığınağıdır. O ağacın ətrafını bürüyən hava da eləcə mikrozərrəciklər yığınağıdır. Sadəcə, o mikrozərrəciklər yığınağı bizim yeddinci dünya mühitinə uyğunlaşdırılaraq yaradılmış dərketmə aparatımız üçün şəkillənmiş halı ilə, ağac halı ilə görünür deyə biz ona ağac deyirik. Bir başqasına planet, bir başqasına daş, bir başqasına inək, bir başqasına da insan deyirik, yəni nəticə etibarı ilə, hər bir şey zərrəciklərdən ibarətdir, gördüyümüz nə varsa hamısı şəkillənmədir, surətdir, obrazdır. Qalan altı dünya həmin o zərrəciklər yığınağının yeddinci dünyamızdakı şəkillənmə hallarına qədərki mərhələləridir. Biz öldükdən sonra qalan altı dünyanı da, yəni bundan əvvəlki altı inkişaf yolunu da görə biləcəyik. Maddi aləmin əvvəlki hər inkişaf

mərhələsinə, hər dünyasına uyğun olan yeni bədənlərdə yaşamaqla göstəriləcək bizə həmin əvvəlki dünyalar, təbii ki, bir başqa şəkillənmələri ilə. Bu, Allahın ayəsidir ki, deyir Biz insanların bədən əmsallarını dəyişməyə, onları bilməyəcəkləri daha necə bədənlərdə yaşatmağa qadirik. Adəm Nəsiminin diliylə  “Bu neçə məkanı keçdim ki, bu  cismü-cana gəldim” deyəndə həmin o əvvəlki altı məkanı nəzərdə tutur. O altı məkan, o altı dünya həmin bu maddi aləmin içindədir, o məkanlara qeyb aləmi deyilir. “Aləmül-qeybin vücudu Kainatın eynidir”  misrasının açılışı budur. Öldükdən sonra hər birimiz o altı dünyada bir-bir yaşaya-yaşaya maddi aləmin ən ilkin halı olan

zamana da gedəcyik, Allah bizə o ibtidai məkanı da göstərəndən sonra bizi təkrar bu yeddinci dünyada öldüyümüz ana gətirəcək və bizdən əvvəl ölmüşlərlə birlikdə Qiyaməti, hər şeyin silinib yok olmasını və təkrar dirilişi gözləyəcəyik. Beş duyğumuz eyni ilə qalacaq, duyğular dəyişməz və bütün insanlarda eynidir. Dəyişən bədən tipimiz olacaq; yəni duyğularımız yox, duyğu aparatımız dəyişəcək. Ölmək, altıncı dünyaya keçmək, sadəcə, başqa bədən tipinə keçmək deməkdir, dünya, aləm isə həmin dünya, həmin aləmdir, şərti olaraq altıncıdır. Altıncıda yaşayaraq bu dünyada yaşayanları görəcəyik, eşidəcəyik, amma müdaxilə edə bilməyəcəyik. Sonra beşinciyə keçib yenə başqa bir bədən tipi ilə orada yaşayacağıq, bu səfər yalnız yeddinci dünyadakıları deyil, altıncı dünyadakıları da görəcəyik, eşidəcəyik, amma yenə də müdaxilə edə bilməyəcəyik. Beləcə, bütün dünyalarda yaşaya-yaşaya birinci, ibtidai dünyanın da sakini olacağıq. Bədəncə ən mükəmməl halımız həmin o ibtidai dünyada olacaq. Amma yenə deyirəm ki, ibtidailik-alilik bölgüsü şərtidir, mərhələ-mərhələ keçdiyimiz üçün ona ibtidai deyilir, əslində isə ilkin yaradılış zamanı ibtidai ilə ali dünya arasında, yəni bu gün yaşadığımız dünya arasında zaman ölçüsü olmamış, hər şey bir göz qırpımında yaradılmışdır. Bədənimiz isə ona görə mükəmməl olacaq ki, çünki o ilkin dünyadan bütün sonrakı altı dünyanı da, o dünyaların sakinlərini də görəcək, eşidəcəyik. Başqa sözlə, maddi aləmi ibtidai-ali halı ilə bütünlüklə, əslində olduğu kimi görə biləcəyik. Yəni ölüm deyə bir şey yoxdur, beş duyğumuzla, əqlimiz-şüurumuzla bir bədən tipindən digər daha üstün bədən tipinə keçmək var. Və bu baxımdan əslində dünyadan dünyaya keçmək məsələsi yoxdur; maddi aləm birdir, dünya da birdir, maddi aləmin özüdür. Sadəcə, maddi aləmin bizə yeddi tip bədəndə yeddi intervalda göstəriləcəyi düşünülmüşdür deyə yaşayacağımız hər intervala ayrıca dünya deyib bu vahid aləmi yeddi yerə bölmüşük.

 Görəsən, Nəsimi qəzəllərini birinci şəxsin deyil, üçüncü şəxsin təkində yazmış olsaydı, yəni “Adəmdə sığar ikən cahan, O bu cahana sığmaz” desəydi yenə dəmi avam, cahil kütlə ona qarşı qalxardı? Ola bilsin ki yox.

Amma ilahi həqiqəti dərk edib kamilliyin zirvəsinə çatmış şair bütün digər qəzəllərində də “Mən”in, birinci şəxsin dilində danışır. Çünki o, həzrət Adəm haqqında danışmır, onun özü imiş kimi danışır. Niyə? Çünki ağılla,

qəlblə kamilliyin zirvəsinə yetənlər cismən olmasalar da ruhən həzrət Adəmin özü olmuş olurlar. Ona görədir ki, şair “Onda sığar…”, ”Adəmdə sığar…”, ”İlk insanda sığar…” demir, ”Məndə sığar ikən cahan, mən bu cahana

sığmazam” deyir. Yəni mən kamilləşib həzrət Adəm həqiqətini dərk etmişəmsə o elə mənəm. Yəni Nəsimi öz şair təxəyyülündə Adəmi bir ədəbi obraz kimi xəyal etməmişdir, Adəm özü Nəsiminin dili ilə danışmışdır. Əbədilik vəd olunan cənnət məkanının içindəkilərdən birisi olduğu üçün Adəm də əbədi var olanlardandır. Əbədi olan hər şey isə həqiqidir, bu maddi cahanımızdakı hər şey o həqiqinin, həqq olanın maddiləşməsi, görüntüsüdür. Demək,

Nəsimi özü də o maddiliklərdən biri olduğu üçün o həqiqi, həqq olan Adəmin maddiləşmələrindən,sadəcə, birisidir. Vücud olaraq Nəsiminin görüntüsü “insanü-bəşər”dir. İçindəki ruh da bütün o maddiliklərin hər birisinin içindəki ruhun eynisidir, Adəmin içindəki ruhun eynisidir. İlahidəndir. Sadəcə, maddiliklər içində o dövrdə ən kamili Nəsimi imiş deyə Adəm onun dili ilə danışmışdır. Demişdir “Gövhərü-Laməkan mənəm, Kövnü-məkana sığmazam”. Yəni, ey insan, sənin vücudun kimi, Nəsiminin, digər insanların, digər canlıların, Ayın, Günəşin, ulduzların, ağacların, daşların vücudu kimi görüntü, şəkil, maddi, fani deyiləm.

  Şairin qəzəllərini Allahın diliylə deyil, həzrət Adəmin diliylə yazdığına yəqinlik hasil etdikdən sonra “Məndə sığar ikən cahan” yerinə “Məndə sığar iki cahan” deməyin nə qədər yanlış olduğu dərhal aşkar olur. Guya burada iki cahandan biri Adəmin ilk olaraq yaşadığı cənnət, o birisi isə qovulduğu Yer kürəsi imiş. Necə yəni? Cənnət Adəmdən kiçik idimi ki, Adəmə sığsın? Yaradıldıqdan sonra yaşamaq üçün yerləşdirildiyi məkan onun özündən necə kiçik ola bilər? O məkan onun özü üçün yaradılmamışdırmı ki, onun içində yaşasın və onun hər naz-

nemətindən istifadə etsin? Varlıq məkanı isə Adəmin özündən yaradılmışdır deyə Adəmdən kiçikdir, Adəmin içindədir. Ən çoxu Adəmin özü böyüklükdə ola bilər. Yəni yalnız həmin bu məkan, həmin bu cahan Adəmin içinə

sığandır. Və məhz içinə sığdığı üçün də özünün bu cahana sığa bilmədiyini, bu cahandan böyük olduğunu deyir. Ona görə də qəzəldə söhbət yalnız həmin bu varlıq məkanının, bu cahanın ona sığmasından gedir.

  Budur. O böyük şairin yaradıcılığına tamamilə yeni yöndən işıq tutub cahillərin onun üzərinə çox böyük bir haqsızlıqla örtdükləri kafir pərdəsini siyirib atmağa çalışdım. Buna nə dərəcədə nail olduğumu yalnız arif

olanlar bilər. Amma tam əminəm ki, onun indiyədək qaranlıq qalmış dünyası  üzərinə saldığım bu işıq bundan sonra onun bütün yaradıcılığının sirrini açmaq üçün nəsimişünaslara yardımçı olacaq. Çünki Nəsimi yaradıcılığına şair poeziyası kimi baxmaq düzgün deyil; hər beytində bir dünya yatan bu qəzəllərin sahibi öz ruhani dünyası ilə bəşəriyyətin fövqündə duran elə tək-tük kamillərdəndir ki, bildiyi, yetdiyi həqiqəti,sadəcə, şerlə söyləmişdir. Həqiqət isə  bir olduğu üçün şair bütün qəzəllərində yalnız və yalnız onu çatdırır insanlara. Fərq yalnız poetik ifadələrdə,  təşbehlərdə, aforizmlərdə, rəmzlərdədir.

 Qeyd etmək lazımdır ki, həm Nəsiminin sağlığında, həm də onun edamından sonra “Nəsimi” təxəllüsü ilə qəzəllər yazanlar çox olmuşdur. O “nəsimilər”in  qəzəllərini əsl Nəsimiyə aid etmək onun həqiqətinin dərk edilməsində çətinlik yarada bilər. Misalçün, əgər qəzəldə deyilirsə ki, “dərimi soydular”, o qəzəl kəsinliklə əsil Nəsiminin deyildir, çünki tarixi fakt bundan ibarətdir ki, onun dərisi boynu vurulduqdan sonra soyulmuş, dərisiz cəsədi Hələb darvazasından bir həftə asılı saxlanmışdır ki, digər hürufilərə dərs olsun; dərisi soyulan meyit dil açıb qəzəl deyəmməz. Və ya qəzəldə əhli-beyt aşiqi kimi göstərilirsə, imam Əlidən mədət umursa, bu da

onun deyildir, böyük bir ehtimalla Xətai dövrünün hansısa qızılbaş “nəsimi”sinin qəzəlidir. Çünki özünə “mühiti-əzəməm, adım Adəmdir, Adəməm” deyən birisinin Yer insanlarından yardım umması, “ya Əli, səndən mədət”   deməsi,təbii ki, ağlabatan deyildir. Yəni Nəsimi həqiqətinin bu yazımdakı kimi açılışını qəbul edərkən qəzəllərdən hansının ona aid olub olmadığını anlamaq artıq o qədər də çətin olmayacaq.

 Mən Nəsimi qəzəllərindən, sadəcə, bir neçəsini şərh etməyə çalışdım; necə ki insan bədəni, Ay, Günəş görüntüləriylə  bəyan olduqlarından onların görüntüləri şərhə sığar, qəzəl də, baxmayaraq ki, həzrət Adəmin diliylə deyilmişdir, insan oğluna qəzəl kimi bəyan olub maddiləşmişdir deyə bir maddiyyət kimi şərhə sığandır. Amma o qəzəlin içində böyük bir hikmət yatır ki, o hikmət o qəzəlin ruhudur, insan bədəninin, Ayın, Günəşin içində olan ruh kimi ilahidəndir deyə şərhü-bəyana, zənni-gümana, bizim lisana sığan deyil. Çünki ruh haqqında bilik yalnız Allaha məxsusdur.                

 Arif olanlar dediklərimi anladılarsa yazım şairin ruhuna ehsan olsun. Cahillər isə, sadəcə, şairə  toxunmasınlar. Bir onu bilsinlər ki, belə bir şair nə ona qədər, nə də ondan sonra dünyaya gəlməmişdir.

                                  (son)
                                       
                                             
Mirzə Hacıyev