Maaşın artımı xəbəri bahalaşma yaradır – Ekspertbackend

Maaşın artımı xəbəri bahalaşma yaradır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həkimlərin əməkhaqqı 1000 manata qaldırılacaq”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. O, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib:

“Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il üzrə edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətləri vətəndaşlara əlçatanlığı təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək. Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək”.

Əmək haqlarının artırılması hazırda bir qrup həkimə şamil edilsə də, əksər sahələrdə çalışan vətəndaşların maaşlarını artımına ehtiyac var. Çünki bu gün bazarda baş verən qiymət artımı mövcud əmək haqqları ilə uyğun deyil. Digər sahələrdə də əmək haqlarının artması ilə hazırkı bahalaşmanı tənzimləmək mümkündürmü? Yoxsa maaş artımı qiymətləri nə qədər artıracaq? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, əmək haqqının artırılması 31 ixtisas üzrə həkimlərə aiddir və bu hələlik 8 minə yaxın həkimi əhatə edəcək:

“Bu, hazırda bütün həkimlərin maaşlarının artırılması anlamına gəlmir. Ancaq icbari tibbi sığorta sistemində qeydiyyatdan keçən və həmin sistem vasitəsilə xidmət göstərən həkimlərə aid ediləcək. Əmək haqlarının təxminən 1000 manata çatdırılması gözlənilir. Bu da İcbari Tibbi Sığorta Fondunun ödənişləri hesabına olacaq. Nəticə etibarilə 8 min həkimi əhatə etməsi gözlənilir. Ancaq ümumilikdə ölkədə həkimlərin sayı daha çoxdur. Elan olunandan 4-5 dəfə çox həkim fəaliyyət göstərir”.

Ekspert deyir ki, burada əmək haqqı dövlət büdcəsi hesabına deyil, hamımızın ödədiyi İcbari Tibbi Sığorta hesabına olacaq: “Təbii ki, ölkədəki qiymət artımını nəzərə alsaq, maaşların, təqaüdlərin artımı vacibdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, mal və məhsul bolluğu, iqtisadi fürsət yaratmadan ancaq maaş artımı yolu ilə qiymət artımının qarşısını almaq mümkün olmayacaq. Nəticə etibarilə maaş və təqaüd artımı ancaq inflyasiyanın sürətlənməsinə səbəb olur. Azərbaycan hökuməti indiki dövrdə rəqabətli mühiti artıraraq mal və məhsul bolluğunu yaratmalıdır ki, pararlel olaraq maaş və təqaüd artımının insanların real gəlirlərinin artımına təsir göstərsin. İndiki halda maaş və təqaüd artdıqca paralel olaraq qiymətlər daha sürətlə artır”.

Yerli istehsal olmadığı təqdirdə bahalaşma davam edəcəkmi?

Ekspertin fikrincə, ona görə də heç olmasa indiki şəraitdə idxalın qarşısında duran sədlər götürülməlidir:

“Bir çox strateji məhsullar üzrə gömrük rüsumları, əlavə dəyər vergisi ləğv edilə bilər ki, daha çox bolluq yaransın. Bu zaman qiymətlərdə də tənzimləmə mümkün ola bilər”.