Maaş və pensiyalar nə qədər artırılmalıdır? – “Heç 30 faiz də bahalaşmanı kompensasiya etməz”backend

Maaş və pensiyalar nə qədər artırılmalıdır? – “Heç 30 faiz də bahalaşmanı kompensasiya etməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 16-da Tarif Şurası elektrik enerjisi və təbii qazın qiymətini bahalaşdırdıqdan sonra Prezident İlham Əliyev ölkədə maaş və pensiyaların artırılması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı hökumətə tapşırıb ki, maaşların, pensiya və müavinətlərin artırılması ilə bağlı təkliflər hazırlasın.

Xatırladaq ki, Tarif Şurasının qərarına görə illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi. Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb.

Elektrik enerjisinin də əhali üçün tarif diferensiasiyası bahalaşma istiqamətində dəyişib. Ümumilikdə elektrikin dəyəri 21 faiz bahalaşıb. Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mətbuata bildirib ki, Nazirlər Kabineti Prezidentin sərəncamına uyğun olaraq pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn təklifləri oktyabrın 21-dək hazırlayıb təqdim edəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, gözlənilən artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq.

Sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli isə “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, əhalinin sosial durumunun yaxşılaşdırılmasına dair təkliflər hazırlayıb, təqdim etmək hökumətin vəzifəsidir.

İqtisadçı hesab edir ki, ölkədəki bahalaşma, inflyasiya və digər amillər nəzərə alınmaqla, maaş və pensiyalar azı 25-30 faiz artırılmalıdır: “Ötən illərin təcrübəsinə əsaslanaraq artımın təxminən 25 faiz olacağını proqnozlaşdırmaq mümkündür. Ancaq heç 30 faiz də müşahidə edilən bahalaşmanı kompensasiya etməz”.

N.Bəydəmirli dövlət qulluqçularının maaşlarının orta hesabla 25 faiz, pensiya və müavinətlərin isə 15 faiz artacağını güman edir.