Maaş artımları bahalığa uyğundurmu?backend

 Maaş artımları bahalığa uyğundurmu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli sərəncamının icrası ilə əlaqədər ölkədə minimum əməkhaqqı və bəzi dövlət qurumlarında çalışanların, o cümlədən müəllimlərin maaşları artırılıb. Xatırladaq ki, sərəncam verildiyi tarixdən bir gün əvvəl ölkədə elektrik enerjsinin və təbii qazın tarifləri yüksəldilib. 2021-ci il ərzində yanacaq, su, qaz və elektrikin qiymətləri ümumilikdə 30 faizdən çox artırılıb. Dövlət başçısının sözügedən sərəncamı bu qərarların, o cümlədən ərzaq, gündəlik tələbat və kənd təsərrüfatı məhsullarının kəskin bahalaşmasından əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə verilib.

Beləliklə, yanvarın 1-dən etibarən minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata çatdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək. “Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir“, – deyə məlumatda qeyd olunur.

Prezidentin digər sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin, o cümlədən direktor və direktor müavinlərinin maaşı 20 faiz, hərbi hazırlıq rəhbərlərinin əməkhaqları isə 40 faiz artırılıb.

Prezident İlham Əliyev “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” da sərəncam imzalayıb. Bu sərəncam AMEA rəhbərliyi, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Elmin İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Dövlət Film Fondu, Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Milli Kulinariya Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi və İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq qurumlarında çalışan işçiləri əhatə edir. Onların maaşları yanvarın 1-dən etibarən 20 faiz artırılacaq.

Artımlar il ərzində baş vermiş bahalaşmaya nə qədər adekvatdır və əhalinin alıcılıq qabiliyyətini dirçəltməyə imkan verəcəkmi?

TİA.AZ-ın pressklub-a istinaadən məlumatına görə, iqtisadçı Rövşən Ağayev bildirir ki, minimum əməkhaqqının 300 manata çatdırılması ədalətli sosial siyasətin təntənəsi kimi təqdim edilir:

“Amma əgər inflyasiyanın etibarlı ölçümü olsa, istehlak səbətinin dəyəri obyektiv şəkildə indeksasiya edilsə, hər kəs görər ki, məsələn, 2019-cu ilin 250 manatlıq minimum əməkhaqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir”.

Ekspert bir neçə aydınlaşdırıcı misal çəkib:

“Əvvəla, 2022-ci ilin minimum istehlak səbətinin dəyəri cəmi 7% artırılır. Halbuki dəyər etibarilə strukturunun ən azı 70%-i qida məhsullarından formalaşan bu normativdə ağırlıqlı olaraq qida inflyasiyasının səviyyəsi nəzərə alınmalıydı. Hətta ictimai etimad qazanmayan rəsmi statistik mənbə belə qida qiymətlərinin bu ilin noyabrında ötən ilin eyni dövrünə nisbətən 15% yüksək olduğunu qeyd edir. Yəni siz keçən il noyabrda 100 manata aldığınız qida səbətini indi 115 manata alırsınız.

İkincisi, xidmətlər səbətində kəskin bahalaşma oldu. Təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 7 manat artır.

Üçüncü vacib məqam – hazırkı istehlak səbəti yalnız mərkəzləşdirilmiş sistemlə istilik əldə edən ev təsərrüfatları üçün normativ müəyyən edib – hər 12 kv. metr üçün ayda 0.15 manat. Halbuki ən yaxşı halda 10-15% insanın bu xidmətə çıxışı var. Əgər kimsə desə ki, minimum səbətdə bir nəfər üçün aylıq 21 kub qaz istehlakı var, o zaman yanılacaq. Çünki 4 nəfərlik ailə 84 kub qazla ən kiçik mənzili heç 10 gün qızdıra bilməz”.

Rövşən Ağayevin sözlərinə görə, hazırkı istehlak səbətinin strukturu və normativləri 3-cü dünya ölkələrinin standartlarına uyğundur: “Halbuki Azərbaycan artıq 15 ildir adambaşına milli gəlirin səviyyəsinə görə Dünya Bankının təsnifatında orta yuxarı gəlirli ölkələr qrupuna daxil olub”.