Tribuna İnformasiya Agentliyi

Mərhum jurnalistin bacısı “Qaçqınkom”un yeni sədrinə müraciət etdi – MƏTN

02 May

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan qaçqın düşmüş Sevinc Fərhadova Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevə müraciət edib.

İnanırıq ki, adıçəkilən quruma yeni təyinat alan R.Rzayev evsiz-eşiksiz qalan, illərlə yataxanada yaşamağa məcbur olan, nəticədə evi yanıb kül olan və bütün ailə üzvlərini itirmiş S.Fərhadovaya kömək edəcək.

TİA.AZ  S.Fərhadovanın “Qaçqınkom”un yeni sədri R.Rzayevə ünvanladığı müraciəti olduğu kimi kimi təqdim edirik:

Cənab Sədr!

Ermənilərin silahlı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər Sizin diqqət və qayğınızla daim əhatə olunub. Zəngilan rayonundan məcburi köçkün kimi bizlər də Sizin qayğınızı həmişə öz üzərimizdə hiss etmişik. Digər Zəngilan sakinləri kimi, bizim ailə də 1993-cü ildə erməni terroru nəticəsində öz doğma dədə-baba torpaqlarımızdan didərgin düşdü. O vaxtdan ailəmizlə bərabər Sabunçu rayon Pirşağı qəsəbəsindəki Məşəl düşərgəsində məskunlaşmışdıq. Öz isti yuvasından didərgin düşmüş valideynlərim bizi – övladlarını ( iki qız, bir oğlan) böyük əziyyətlə böyütdü, onların bircə gün belə olsun üzləri gülmədi: problemlər, məşəqqətlər, qaçqın həyatı… Atam – Fərhadov Müqabil Nəci oğlu 2015-ci ildə, anam – Fərhadova Solmaz Dadaş qızı isə 2016-cı ildə dünyasını dəyişdi.

Ardınca da qardaşım, tanınmış jurnalist Zabil Müqabiloğlu 2017-ci ildə vəfat etdi. Qardaşım, ölkənin ən məşhur imzalarından olan Zabil Müqabiloğlu sağlığında “525-ci qəzet”, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində çalışıb və gunxeber.com xəbər saytının baş redaktoru olub. Zabil bütün gəncliyini Azərbaycan mətbuataının inkişafına, ölkəmizin milli maraqlarının qorunmasına həsr etdi. İndi onun da bir övladı bizlərə əmanət qalıb.

Nəzərinizə çatdırım ki, atam, anam, bacım və qardaşım Sabunçu rayonu Pirşağı qəsəbəsi Məşəl düşərgəsində yaşayırdıq. Dövlət tərəfindən heç vaxt mənzillə təmin olunmamışıq. Ailə üzvlərimizin hamısı dünyasını dəyişəndən sonra mən həmin ünvanda tək yaşayırdım. Ailə həyatı qurmamışam. Tək başına, bir qarnı ac-bir qarnı tox yaşayırdım… Lakin…

Cənab Sədr!

Həmin ünvandakı mənzilimiz bu il, mart ayının 21-də gecə saatlarında (04:00 radələrində) yanıb kül oldu. Mənzil yananda mən evdə olmamışam, bayram günü olduğuna görə bacımgilə qonaq gtemişdim. Gecə qonşular mənə zəng edərək evimizin yandığını dedilər. Evdə hər şey yanıb kül oldu – bütün əşyalar, ən əsası da Zabilin xatirələri… məhv oldu! Evdən heç nə çıxarmaq mümkün olmadı. İndi qalmağa yerim yoxdur, evimiz yanıb kül olandan bəri onun-bunun evində gecələyirəm. Subay qadınam, nə edəcəyimi, kimə sığınacağımı bilmirəm. Mən Sizə, dövlətimə sığınıram. İnanıram ki, məni bu çətinlikdən xilas edəcəksiniz…

Cənab Sədr!

Sizdən xahiş edirəm ki, Zəngilan rayonundan məcburi köçkün olduğumu, dövlət tərəfindən məcburi köçkün olduğumuza görə heç vaxt mənzillə təmin olunmamağımızı, düşərgədə yaşadığım mənzilin yanıb kül olmasını, tək qalmağımı nəzərə alaraq mənim mənzillə təmin olunmağım üçün lazımı göstərişlər verəsiniz!