Tribuna İnformasiya Agentliyi

Mərhum jurnalistin bacısı kirayə qaldığı yerdən də çıxarılır – PROBLEM

03 May

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan məcburi köçkün Sevinc Əliyevanın mənzil problemi həll olunmadığından, çətin vəziyyətdir.

Sevinc Əliyeva bununla bağlı Modern.az saytına danışıb:

“Bilirsiniz, bizim ailə 1993-cü ildə erməni terroru nəticəsində öz doğma dədə-baba torpaqlarımızdan didərgin düşdü. O vaxtdan ailəmizlə bərabər Sabunçu rayon Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsində məskunlaşmışdıq. Atam – Fərhadov Müqabil Nəci oğlu 2015-ci ildə, anam – Fərhadova Solmaz Dadaş qızı isə 2016-cı ildə dünyasını dəyişdi. Ardınca da qardaşım, tanınmış jurnalist Zabil Müqabiloğlu 2017-ci ildə vəfat etdi. Qardaşım sağlığında “525-ci qəzet”, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində çalışıb və gunxeber.com xəbər saytının baş redaktoru olub.
Nəzərinizə çatdırım ki, atam, anam, bacım və qardaşım Sabunçu rayonu Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsində yaşayırdıq. Dövlət tərəfindən heç vaxt mənzillə təmin olunmamışıq. Ailə üzvlərimizin hamısı dünyasını dəyişəndən sonra mən həmin ünvanda tək yaşayırdım. Həmin ünvandakı mənzilimiz bu il mart ayının 21-də gecə saatlarında (04:00 radələrində) yanıb kül oldu. Baş verən hadisəyə görə evsiz qaldım. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini də məni qəbul edərək, kömək edəcəyini bildirdi və söz verdi. Həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovla görüşüb. Daha sonra mənə zəng edərək bildirdi ki, komitə məni mənzillə təmin edəcək. Lakin Əli Həsənovun zamanında “Qaçqınkom” mənə vəd etsə də, bunu gerşəkləşdirmədi…”.

S.Əliyeva qeyd edib ki, hazırda kirayə haqqını ödəyə bilmir və çətin vəziyyətdədir:

“Digər tərəfdən hazırda kirayədə qalıram. Düzdür, ilk ay Zəngilan rayon İcra Hakimiyyəti aylıq kirayə haqqımı ödədi və bununla əlaqəli söz də vermişdilər ki, vaxtlı-vaxtında kirayəpulu mənə veriləcək. Buna baxmayaraq Zəngilan rayon İcra Hakimiyyəti vəd olunan kirayə pulunu vermir. Halbuki, onlar pulu öz şəxsi ciblərindən vermirlər, dövlət bunun üçün büdcə ayırır. İndi bu vəziyyətdə mən nə etməliyəm?! “Qaçqınkom” bəlkə evi 4-5 aya verəcək, o zamana kimi küçələrdə qalmalıyam? Kirayə qaldığım evin sahibi də pul tələb edir, amma ödəyə bilmirəm”.

S.Əliyeva aidiyyatı qurumları onun probleminin həllinə dəstək olmağa çağırıb.