Tribuna İnformasiya Agentliyi

“Mənim çoxlu mülklərim var, satın ödənilsin” – “AtraBank” işi…

02 May

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin nümayəndəsi Tural Əmənov mülki iddia qaldırdığını bildirib.

Məhkəmə mülki iddianı qəbul edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə E.Nəbiyev özünü təqsirli bilmədiyini deyib. O, sərbəst ifadə verən zaman bildirib ki, “AtraBank” Açıq Səhmdar Cəmiyyəti 23 il fəaliyyət göstərib, heç bir qanun pozuntusu etməyib: “Bank bağlanılandan sonra barəmdə ittiham irəli sürüldü ki, guya yeyinti etmişəm. Bankın 99.3 faiz səhmi mənimdir. Mən burada necə pul mənimsəyə bilərəm axı? Guya mən 802 min manat pul mənimsəmişəm. Bu gün bankdan alacağım 92 milyondur, verəcəyim isə 16 milyondur. Bəs bu necə olur? Kimin pulunu yemişəmsə, gəlsin desin. Bankda 23 il ərzində qazandıqlarımdan kasıba əl tutmuşam, heç mənim şəxsi maşınım belə yoxdur”.

O, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan İlham Nağıyevin pulunu mənimsəmədiyini söyləyib: “Demirsiniz pul mənimsəmişəm. Mənim çoxlu mülklərim var, satın ödənilsin. Bəs niyə həbs etmisiniz məni? Fəridə Məmmədovanın adına qanuni sənədləşmə yolu ilə kredit verilib. Onun həyat yoldaşı sonra rəhmətə getdi. Krediti də vaxtında ödəyirdilər”.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.

E.Nəbiyevin qeyd edilən qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını mənimsəməsinə və ləğvetmədə olan “AtraBank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunur.

Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.