Tribuna İnformasiya Agentliyi

Məmurlar, deputatlar niyə xalqın simpatiyasını qazana bilmirlər…

05 Avqust
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında, müşavirələrdə hər zaman məmurların etik davranışına dair mülahizələrlə çıxış edir, dəbdəbəli həyat tərzinə alışmış məmurları təvazökar olmağa, həyat tərzlərini sadələşdirməyə, vətəndaşların yanında olmağa çağırır. Cəmiyyətin əksəriyyəti məmurlardan narazılığını dilə gətirsə də, Nazirlər Kabinetinin 2018-ci ildə formalaşdırılan tərkibində müsbət amilləri özündə əks etdirən məmurlar da var.
Məsələn kənd təsərrüfatı naziri İnam Kərimov kənlilərin arasına çıxır, onlarla qalstuksuz görüşlər keçirir. Amma bununla belə “özünü reklam edir” fikirləri bəzi hallarda ondan da yan keçmir. Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, kənd təsərrüfatı nazirinin qubalı fermerlə görüşdə qcağına quzu alıb şəkil çəkdirməsi uzun müddət sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Bu, qeyd edilən məsələni əhatə edən sadəcə bir nümunədir.

Bəs, Azərbaycan məmurunun tipi necə olmalıdır? Nə etməlidir ki, mütləq əksəriyyət onu sevsin, onun arxasınca getsin?

Milli Məclisin deputatı Fəzail Ağamalı məsələ ilə bağlı Modern.az-a bildirib ki, kimliyindən asılı olmayaraq, bir nəfər hamının xoşuna gələ bilməz:

“İstər məmur, istər siyasətçi, istər deputat, istər gözəl romanlar müəllifi, istər gözəl duyğuları özündə ifadə edən şair olsun, hamının xoşuna gəlmir. Burada fərqli fikirlər, fərqli yanaşmalar, fərqli düşüncə tərzi, fərqli psixologiya, fərqli səviyyə, informasiyanı fərqli qəbul edib, onu fərqli dərk etmək bacarığı var. Bu baxımdan mənə elə gəlir ki, Azərbaycanda bütün əhali, xalq, onların mütləq əksəriyyəti məmurlara, deputatlara xalqa qarşı kompleks yaşayır. Onların bütün hərəkət və davranışlarını qəbul etmir, nə xoş halda, nə də ciddi xarakter daşıyan, dövlətin və xalqın maraqlarını ifadə edən vəziyyətdə belə, haradasa nəsə tapıb onun ünvanına tənqidi fikir söyləməyə çalışırlar”.

Deputat qeyd edib ki, hamıdan narazı, özündən razı insanların sayı getdikcə artmaqdadır:

“Və özündən razılıq edib, hamıdan narazı olan, hər müsbət işdə belə mənfi çalar axtaran insanlar sosial şəbəkə hesablarında qeyd edilən davranışları ortaya qoyurlar. Təbii ki, məmurlar da, deputatlar da imkanları daxilində, Konstitusiyanın onlara vermiş olduğu səlahiyyətlər çərçivəsində xalqına xidmət etməyə çalışır, dövlətçiliyimizə ciddi töhfələr verirlər. Bu, danılmazdır”.

F.Ağamalı qeyd edib ki, cəmiyyətin gözü həm də tərəzidir:

“Əgər hansısa məmurlar özlərini xoşagəlməz davranışlarla, xoşagəlməz hərəkətlərlə, neqativ formada təqdim edirlərsə, əlbəttə bu, cəmiyyət tərəfindən qəbul edilmir. Təbii olaraq, onlara qarşı sərgilənən münasibətlər də mənfi olur. Bu da onun özünü toparlaması, ictimai rəydən nəticə çıxarması hallarında təkmilləşdirir. Müsbətə doğru dəyişiklik olmursa, cəmiyyət tərəfindən çıxdaş edilir və artıq məmur kimi də, Milli Məclisin deputatı kimi də kənarda qalır”.