Tribuna İnformasiya Agentliyi

Məhkəmə-Hüquq Şurası hakimləri yenə cəzalandırdı – proses sürətlənir

11 Oktyabr

Əliməmməd Nuriyev: “Belə qərarlar yalnız cəza xatirinə verilmir”

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Oktyabrın 9-da yayılan rəsmi məlumata görə, iclasda hakimlər barədə intizam icraatlarına baxılıb: “Qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov töhmət alıb”.

Bundan əlavə, Səbayel Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib. 4 hakimin isə səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır. 2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasına ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.

Son aylarda tez-tez hakimlərin işdən çıxarılması və ya töhmət almaları halları baş verir. Bu da bir sıra müzakirələr yaradır. Belə halların məhkəmə sisteminin işinə müsbət töhfələr verəcəyi qeyd olunur. Eyni zamanda hakimlərin cəzalandırılması ilə bağlı qərarların davamlı olacağı vurğulanır.

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirdi ki, intizam icraatının başlanması müraciətlər əsasında olur: “Bu, əslində Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaş müraciətlərinə pozitiv münasibətin nəticəsidir. Eyni zamanda bu qərarlar hakimlərin fəaliyyətində olan nöqsanların aradan qaldırılmasına birbaşa xidmət edir. Həmçinin hakimlərin etik davranışlarındakı problemlərin aradan qaldırılmasında da mühüm rol oynayır. Belə qərarlar yalnız cəza xatirinə verilmir. Bəzi hakimlər var ki, müraciətlərə vaxtında baxmır, qərarları vaxtında təqdim etmir, proses zamanı etik qaydalar onlar tərəfindən pozulur, digər qanunsuzluqlara da yol verilir. Əgər bunların qarşısı alınmasa, hakim özbaşınalığı durmadan artar. Hakimlərin qərar qəbul etmələrinə hər hansı bir müdaxilə yoxdur. Bunlar həm də ədalət mühakiməsinin məqsədlərini həyata keçirməyə xidmət edən qərarlardır. Hakimlər bu cür qərarlardan sonra daha məsuliyyətli olurlar, vətəndaş müraciətinə daha diqqətlə baxırlar. Bütün bunlar qanun çərçivəsində olmalı, qanunun tələbləri gözlənilməlidir. Belə qərarlar hakimləri çəkindirici etmir, əksinə onların müstəqilliyinə xidmət edir. Bəzi hərəkətlər var ki, hakimlərin onu etməli olduqları halda etmirlər, hərəkətsizliyə yol verirlər. Nəticədə bu cür cəzalarla üzləşirlər. Səlahiyyətindən sui-istifadə edən hakimlər də az deyil. Bilirsiniz ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üç ildən bir baş verir. Bu qiymətləndirmədə qeyd etdiklərimizə diqqət yetirilir. Onu da unutmaq olmaz ki, hakimlərin özlərini müdafiə etmək imkanları var. Bu baxımdan onların barələrindəki qərarlardan şikayət etmək hüquqları mövcuddur. Hüquqlarından istifadə etmək onların haqqıdır. Hakim hesab edə bilər ki, barəsindəki qərar qanunsuzdur və bunun üçün şikayət verməyə ehtiyac görər. Biz məhkəmələrin monitorinqini aparırıq. Bir çox hallarda bizə də vətəndaşlar və hüquqi şəxslər tərəfindən müraciətlər olur. Biz istərdik ki, vətəndaşlar müraciətləri daha çox Məhkəmə-Hüquq Şurasına etsinlər. Çünki hakimlər barəsindəki qərarları bu qurum verir. Bütün  hallarda hakimlərin fəaliyyətinə xitam vermək olmur ki. Töhmət verilmə halları bunun sübutudur, xəbərdarlıqlar da olunur. Ən son halda hakimin səlahiyyətlərinə xitam verməkdən söhbət gedir. Hakimin fəaliyyətində cinayət tərkibi varsa, bu artıq müvafiq qurumlara göndərilir. Məhkəmə-Hüquq Şurasının son iclasında bir mühüm məsələyə də toxunuldu. Şuranın sədri, hörmətli Fikrət müəllim qeyd etdi ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar iş aparılır, bundan sonra bu məsələyə daha çox diqqət veriləcək”.

Ə.Nuriyev Məhkəmə-Hüquq Şurasının çox effektli, səmərəli fəaliyyət göstərdiyini deyir: “Bu istiqamətdə fəaliyyətini durmadan genişləndirir. Vətəndaşların hüquq və azadlıqlarını təmin etmək üçün var gücü ilə çalışır. Hakimlərin müstəqilliyinə xələl gətirmədən fəaliyyətini aparır. Hakimlərin fəaliyyətinə o zaman xələl gəlir ki, onlar tapşırıq əsasında qərarlar qəbul edirlər. Əgər hakim etik qaydaları pozursa, qanunsuz qərar verirsə, ədalət mühakiməsini həyata keçirmək mümkün olmur. Hakimlərin fəaliyyətinin səmərəli qiymətləndirilməsi ilə bağlı Avropa İttifaqı layihə həyata keçirdi. Hakimlər geniş imkanlar yaradılıb. Bu proses dərinləşdirilməlidir. Belə qərarların hakimlərin bundan sonrakı fəaliyyətlərinə müsbət təsir edəcəyi qənaətindəyəm”.