“Lukaşenko üçün ən düzgün qərar istefadır…” – “Belaruslular qisasçı deyillər”backend

“Lukaşenko üçün ən düzgün qərar istefadır…” – “Belaruslular qisasçı deyillər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda 9 avqust prezident seçkisindən sonrakı etirazlar 19-cü günə keçib. Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonun hakimiyyətdə qalmasına kömək etmək üçün Rusiya təhlükəsizlik qüvvələrindən istifadənin mümkünlüyünə eyham vurub.

Prezidentliyə keçmiş namizəd, hazırda Litvada olan Svetlana Tixanovskaya bildirib ki, Rusiya qoşunlarının onun ölkəsinə yeridilməsi səhv addım olardı.

“Bu bizim daxili problemimizdir, daxili məsələni belaruslular Belarus hökuməti ilə birlikdə həll etməlidir”, – deyə Tsixanovskaya “Azadlıq” radiosuna müsahibəsində deyib.

Avqustun 28-də Litvanın paytaxtı Vilnüsdən müsahibə verən Tixanovskaya ailəsinə təhdidlərdən dolayı getməli olduğunu söyləyib.

Onun həyat yoldaşı Sergey Lukaşenkonun potensial rəqibi idi, seçkidən qabaq həbs olunub, hazırda Minsk yaxınlığında təcridxanada saxlandığı deyilir. İngiliscə rəvan danışan, əvvəl daha çox evdarlıqla məşğul olmuş Tixanouskaya əri həbs olunandan sonra namizədliyini verib.

Seçki saxtakarlığı iddiaları artdığı bir məqamda Tixanovskaya bir sıra tanınmış mədəniyyət xadimləri ilə müxalifətin Koordinasiya Şurasını təsis edib.

Şuranın məqsədinin Lukaşenko hökumətilə yeni seçki, məhbusların buraxılması, sonucda onun hakimiyyətdən getməsilə bağlı danışıqlar aparmaq olduğu bildirilir. Ancaq şuraya cinayət işi açılıb, onun Minskdəki iki lideri saxlanıb, digər üzvləri, o cümlədən Nobel mükafatı laureatı Svetlana Alekseyeviç dindirilməyə çağırılıb.

Belarusun ayrı-ayrı şəhərlərində isə etirazlar davam edir, Minskdə ən böyük nümayişə yüzminlərlə etirazçının qatıldığı bildirilir.

Tixanovskaya da müsahibəsində Lukaşenkonu istefa verməyə çağırıb, bunu dəyərli qərar adlandırır.

“Ondan ötrü ilk prezident, uzun müddət vəzifədə olmuş şəxs kimi ən düzgün qərar xalqın xahişilə istefaya getmək olardı, vəzifədən getməsini qanlı qırğına çevirmək, xalqın nifrətini qazanmaq deyil”, – o deyib.

Lukaşenko isə yeni azad və ədalətli seçki keçirməklə bağlı çağırışları rədd etməklə yanaşı nümayişçilərə qarşı daha sərt mövqenin mümkünlüyünə də eyham vurub.

Lukaşenko və Putinin seçkidən sonra azı beş dəfə telefonla danışması Kremlin böhrana mümkün müdaxiləsi sarıdan narahatlığı artırır. Avqustun 27-də dövlət televiziyasına müsahibəsində Putin deyib ki, Lukaşenkonun xahişilə xüsusi təhlükəsizlik qüvvəsi hazırlanıb.

“Vəziyyət nəzarətdən çıxmayınca bundan istifadə olunmayacağı haqda razılığa gəlmişik”, – Putin deyib.

Tixanovskaya isə deyib ki, Putinin mesajı aydındır. Ancaq o, Rusiya qüvvələrinin ölkəyə girməsinə ehtiyac olmayacağını vurğulayır. Eyni zamanda provokasiyaların mümkünlüyü haqda da xəbərdarlıq edir, yəni, hakimiyyət sərt tədbirlərə əl atmaq üçün bilərəkdən zorakılığa da əl ata bilər.

“Hansısa ‘kömək’, çevik polis, yaxud başqa kimisə ölkəyə gətirməyə səbəb olmayacaq, çünki biz sırf dinc etirazlar edirik. Belarus xalqı içində heç kəs məsələnin zorakılıqda həllini istəmir”, – o deyib.

Müxalif siyasətçi deyir ki, Lukaşenko vəzifəsindən könüllü, zorakılıq olmadan getməlidir. amma o, etirazçılara qarşı zorakılıq və repressiyaya əl atmış rəsmilərin müəyyən aqibətlə üzləşəcəyini də sözlərinə əlavə edib.

“Təəssüf ki, cinayət törətmiş hakimiyyət yaddaşlardan silinməyəcək. Belaruslular qisasçı deyillər. Mənə elə gəlir ki, şərəflə getmək mümkündürsə, bu, Lukaşenkonun taleyini xeyli yumşalda bilər. Hər şeyin gözəl bitməsini istərdim. Uçuruma yuvarlanmaq istəmirəm”, – Tixanovskaya bildirib.