Tribuna İnformasiya Agentliyi

Lotereyalara maraq azalıb – ARAŞDIRMA

10 Oktyabr

Əziyyətsiz qazanc əldə etmək, bir sürprizlə bütün həyatını dəyişmək hər kəsin arzusu və xəyalıdır. Bir ümidlə arabir bilet alıb bəxtini sınayanlar da var, nə vaxtsa qazanacağına inanıb son qəpiklərini lotereyaya verənlər də.

Maraqlıdır, hazırda lotereya bazarında vəziyyət necədir?

Baku TV-nin əməkdaşları mövzunu araşdırmaq üçün paytaxtın mərkəzi küçələrində lotereya satışı ilə məşğul olan satıcılara üz tutub.

Satıcılar bildiriblər ki, əvvəllər lotereya həvəskarları daha çox idi, indi isə maraq azalıb.

Öz növbəsində İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, 2017-ci ilin yekununa olan statistikaya əsasən, lotereya biletlərinin satışından əldə edilən gəlirlərdə azalmalar qeydə alınıb:

“Əgər 2016-cı ildə 29 milyon bilet satılmışdısa, həmin bilet satışından 33 milyondan artıq gəlir əldə edilib. 2017-ci ildə isə bu rəqəm 26 milyon manata qədər azalıb.”

İqtisadçı bilet satışının azalmasının səbəbini lotereyaya marağın və inamın azalması ilə əlaqələndirib.

“Azərlotereya” tərəfindən daha innovativ metodların istifadə olunması, xüsusən də mükafat fondunun meyarlarının təkmilləşdirilməsi və yenilənməsinə ehtiyac var”.

Vüqar Bayramov qeyd edib ki, lotereya oyunlarında şəffaflığın təmin olunması zəruridir:

“Lotereya oyunları hansısa bir şirkətin daha çox gəlir əldə etməsinə yox, vətəndaşların müəyyən hissəsinin varlanmasına və bu stimulun qorunmasına xidmət etməlidir”.