Lotereyada 3 dəfə maşın udan iqtisadçı və psixoloq üz-üzə… – Tez varlanmaq istəyi, yoxsa bəxt?backend

Lotereyada 3 dəfə maşın udan iqtisadçı və psixoloq üz-üzə… – Tez varlanmaq istəyi, yoxsa bəxt?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə ölkəmizdə lotereyaya maraq göstərən insanların sayı xeyli artıb.

İnsanların böyük əksəriyyəti hər gün işə gedəndə və qayıdanda lotereya alırlar. Üstəlik, onların gün ərzində aldığı lotereya biletlərinin sayı ikirəqəmli həddi belə keçir. Təəssüf ki, alıcılar lotereya almağa xeyli miqdarda pul xərcləsələr də, qazancları sıfıra bərabər olur. Həmçinin, bir çox alıcı artıq lotereya aludəçisi olduğunu da açıq şəkildə etiraf edir. Bununla yanaşı, son zamanlarda ölkəmizdə piramida sistemlərinə qoşulan insanların sayı da durmadan artır. Lotereya ilə müqayisədə bu sistemə daxil olanlar daha böyük ziyana uğrayırlar. Hətta son aylar ərzində bir neçə piramida sisteminin ifşa olunaraq çökdüyünü də gördük. Lakin hələ də bu sistemlərə həvəs göstərən çox böyük bir kütlə var.

Həmin insanlar qoşulduqları şəbəkənin piramida sistemi olduğunu bilsələr də, fikirlərini dəyişmirlər. Buna baxmayaraq, piramida sistemində külli miqdarda pul itirən zərərçəkənlərin sayı da artmaqda davam edir.

Maraqlıdır ki, həm lotereya alıcıları, həm də piramida sisteminə qoşulan insanların məqsədi tez zamanda çox pul qazanmaqdır. Lakin onlara bu hədəflərinə çatmaq demək olar ki, qismət olmur.

Bəs nə üçün insanlar qazandıqları pulları lotereya almağa xərcləyirlər? Həmçinin, onlar niyə ziyana uğrayacalarını bilərək piramida sistemə qoşulurlar? TİA.AZ-ın məlumatına görə, psixoloq Gülnar Orucova “Cümhuriyət” qəzetinə deyib ki, lotereya oynayan insanların bəziləri həyatda məğlub olanlardır:

“Onlar həyatda məğlub olduqlarına görə nəyisə çox asanlıqla əldə etmək üçün bu yollara əl atırlar. Lakin iradələri kifayət qədər olarsa, özləri bu qazancı əziyyətlə də əldə edə bilərlər. İradələri zəif olan insanlar əziyyət çəkmək istəmədikləri üçün lotereyalara üz tuturlar. Hətta artıq qadınlar kişilərdən daha çox bu oyunlara maraq göstərirlər. Hazırda insanların içində pul hərisliyi və əziyyətsiz qazanc əldə etmək istəyi formalaşıb. Əslində, insanın əziyyət çəkərək qazandığı pulu lotereyada uduzması məyus olunacaq bir haldır. Əgər dəfələrlə uduzmağına rəğmən yenə lotereya alırsınızsa, deməli, özgüvəninizdə problem var. Belə insanlar nələrsə qazanaraq özünə olan inamını və motivasiyasını bərpa etməyə çalışırlar”.

Psixoloq bildirib ki, realist düşüncə tərzinə malik olan insanlar heç vaxt lotereya oynamırlar:

“Optimist düşüncəli insanlar isə lotereya oynamağa daha çox maraq göstərirlər. Onlar qazanacaqlarına inanaraq bu yola əl atsalar da, sonda acı bir sonla üzləşirlər”.

Psixoloq əlavə edib ki, insanların piramida sistemlərinə daxil olmasının səbəbi onların saxta biznesə inanmasıdır: “Ümumiyyətlə, bu iş sistemində daha çox insanlar cəlb etməklə müəyyən piramidalar qururaraq, faizlər əldə etməyə başlayırlar. Lakin bunun kökündə hər hansısa bir iş dayanmır. Burada məqsəd sadəcə olaraq, insanlara toplu halda müəyyən məbləğlər ödətdirməkdir. Bəzi insanlar bunu iş hesab edir, amma iş deyil. Həmçinin bu sistemlərdə konkret maaş da yoxdur. Təəssüf ki, savadlı insanlar da bu tora düşə bilirlər. Kimlərəsə tez inanmaq və güvənmək bu tora düşməyə səbəb olur. İnsanlar sonunu düşünmədən müəyyən yatırımlar edirlər. Nəticə etibarilə isə qoyulan yatırımlar batır. İnsanların tez zamanda varlanmaq istəyi bu cür yalnış yollara getməsinə gətirib çıxarır”.

İqtisadçı-alim Fuad İbrahimov isə bildirib ki, insanlar sosial vəziyyətindən asılı olmayaraq lotereya oyunlarına maraq göstərirlər:

“Ölkəmizdə və dünyada sivil qaydada keçirilən lotereya oyunları var. Bildiyiniz kimi, Azərbaycanda xüsusi lisenziya əsasında lotereya oyunları keçirilir. Düşünürəm ki, burada iştirak etmək ayıb deyil. Şəxsən mən həyatımda 3 dəfə lotereyadan avtomobil udmuşam. Buna görə də çox xoşbəxtəm. Yəni dövlət tərəfindən təşkil olunan lotereyalarda iştirak etmək olar. Lakin hər hansısa bazası və əsası olmayan piramida sistemlərində vətəndaşlar aldadılaraq, külli miqdarda ziyana uğradılır. Əlbəttə ki, onlar yalandan xeyir vəd edərək dələduzluq edirlər. İnsanlar isə rahat yolla qazanc əldə etmək xüsusiyyəti olduğu üçün belə problemlərlə üzləşirlər. Xatırladım ki, SSRİ dağıldıqdan sonrakı keçid dövründə Azərbaycanda bu qəbildən olan kifayət qədər piramida şəklində olan banklar var idi. Onlar vətəndaşların pullarını yığırdı, amma sonda iflasa uğradılar. Demək olar ki, vətəndaşların əksəriyyəti kapitalını itirmiş oldu”.

Fuad İbrahimov qeyd edib ki, piramida sistemlərinə qoşulan insanlar mütləq şəkildə pullarını itirəcəklər: “Hesab edirəm ki, belə sistemlərdə iştirak etmək qəbahətdir. Ümumiyyətlə, bu məsələdə cinayət məsuliyyətinə cəlb olunma ilə yanaşı, maarifləndirmə işlərinin gücləndirilməsinə də ehtiyac var. Çünki birmənalı şəkildə bu yolun sonu uçuruma doğru gedir. Fikrimcə, sadəcə bankların depozitlərinə etibar etmək olar. Düzdür,onların gəliri çox deyil, amma dayanıqlı şəkildə vəsaitin geri qaytarılması təmin edilir. Digər hallarda bu dələduzluqdur və hər kəs sözügedən sistemlərdən kənar olmalıdır”.