Londondakı Uyğur Tribunalı qərar verdi: “Soyqırımı törədilib!”backend

Londondakı Uyğur Tribunalı qərar verdi: “Soyqırımı törədilib!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən müstəqil ictimai tribunal Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda uyğurlara və digər etnik azlıqlara qarşı soyqırımı törədildiyi haqda qərar çıxarıb.

Novator.az saytı ABŞ-ın CNN kanalına istinadla bildirir ki, ictimai məhkəmə Çin Xalq Respublikasının sədri Si Cinpin də daxil olmaqla, ölkə rəhbərliyini uyğurlara qarşı törədilən cinayətlərdə təqsirli bilib.

Britaniya hökuməti bu ilin martında Sincanda insan haqlarının pozulmasına görə Çin rəsmilərinə sanksiyalar tətbiq edib. Pekin buna cavab olaraq bir neçə Britaniya vətəndaşına və şirkətinə sanksiyalar qoyub. Çinin sanksiya qoyduğu şəxslər arasında insan haqları məsələləri üzrə ixtisaslaşmış məşhur hüquqşünas Cefri Nays da var.

2020-ci ildə Dünya Uyğurları Konqresi Cefri Naysdan Sincandakı hadisələrı araşdırmaq üçün ictimai tribunal yaratmağı xahiş edib.

Dünya Uyğurları Konqresi mühacir uyğurların beynəlxalq qurumudur. Konqres Sincan Uyğur Muxtar Rayonunda və dünyanın başqa yerlərində yaşayan uyğurların maraqlarını təmsil edir.

Cefri Nays uyğur fəalların təkidi ilə 2020-ci ildə Uyğur Tribunalı adlı qeyri-rəsmi məhkəmə yaradıb.

Tribunalın sanksiyalar qoymaq, insanları məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur.

Tribunal tam müstəqil qərar çıxarmaq, uyğurlara qarşı cinayətləri qərəzsiz, ədalətli, balanslaşdırılmış şəkildə, bütün dəlilləri araşdırmaqla mühakimə prosesi aparmaq barədə öhdəlik götürüb.

CNN-in məlumatına görə, Uyğur Tribunalının qərarını dekabrın 9-da bu müstəqil ictimai məhkəmənin sədri Cefri Nays elan edib.

Tribunalın qərarına əsasən, Çin Xalq Respublikası Sincanda uyğurların kökünü kəsmək üçün uyğur ailələrində uşaq doğumunu məhdudlaşdırmağa, doğulan uşaqların sayını azaltmağa hədəflənmiş cinayətlər törədib. Eyni zamanda Çin hakimiyyəti Sincan Uyğur Muxtar Rayonunda yaşayan uyğurlara, ümumiyyətlə bu bölgədəki bütün müsəlman azlıqlara qarşı insanlıq əleyhinə cinayətlər kateqoriyasına aid digər ağır cinayətlərə yol verib. Beləliklə, müstəqil tribunal Çinin Sincan bölgəsində uyğurların və başqa etnik azlıqların soyqırımına məruz qaldığı qərarına gəlib.

Qərarda Çin lideri Si Cinpinin, bütövlükdə ölkə rəhbərliyinin bu cinayətlərə görə birbaşa məsuliyyət daşıdığı elan olunur.

Çin rejimi Cefri Naysın rəhbərlik etdiyi müstəqil məhkəməni tanımır və Uyğur Tribunalını “düşmənlərin Çinə qara yaxmaq üçün istifadə etdiyi saxta məhkəmə” adlandırır.

Çinin Xarici İşlər Nazirliyi dekabrın 9-da yaydığı açıqlamada Dünya Uyğurları Konqresini ABŞ-da və Qərbdə Çin əleyhinə fəaliyyət göstərən qüvvələrin nəzarət etdiyi separatçı qurum kimi xarakterizə edib.

Dünya Uyğurları Konqresinin mərkəzi qərargahı Almaniyanın Münhen şəhərində yerləşir. Mərkəzi qərargah Uyğur Tribunalının qərarını alqışlayıb.

Çinin Londondakı səfirliyi isə tribunalın qərarını etirazla qarşılayıb.

Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Bura guya etnik özünüidarəetmə rayonudur, əslində isə muxtariyyət tam formal xarakter daşıyır. Rayonu idarə edən Kommunist Partiyası katiblərinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

Sincan Uyğur Muxtar Rayonunda bir milyondan çox uyğur əsir düşərgələrində saxlanır.

2021-ci ilin yanvarında ABŞ Dövlət Departamenti uyğurlara qarşı hərəkətləri rəsmən soyqırımına cəhd adlandırıb. Oxşar qiymətləndirmə Dövlət Departamentindən qabaq Kanada və Niderland parlamentlərində də qəbul olunub.

Hüquq müdafiəçiləri və hüquq müdafiə qrupları dəfələrlə bəyan ediblər ki, Çin hökuməti uyğurlara münasibətdə insanlıq əleyhinə cinayətlər törədir və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyasının bütün müddəalarını pozur.

2021-ci ilin noyabrında ABŞ-ın Holokost Memorial Muzeyi Çində uyğurlara qarşı törədilən repressiyalarla bağlı “Bizi yavaş-yavaş yox etmək üçün: Çin hökumətinin uyğurlara hücumu” adlı hesabat yayıb.

Hesabatda Çin hökumətinin Sincan Uyğur Muxtar Rayonunda yaşayan milyonlarla uyğur müsəlmana verdiyi zülmlərə dair sübutlar əks olunub. Hesabat müəllifləri Çində 3 milyon uyğurun məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qaldığını aşkarlayıblar. Hesabatda Çin hökumətinin uyğur icmasına hücumunun olduqca ciddi və geniş xarakter daşıdığı, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, bir milyondan çox uyğurun əsir kimi düşərgələrdə saxlandığı vurğulanıb.

Holokost Memorial Muzeyi Çin hökumətinin əməllərini soyqırımı siyasətinə bərabər tutub və bu cinayətlərə dərhal son qoyulmasına, xüsusilə uyğur qadınların məcburən abort edilməsi hallarının qarşısını almaq üçün qəti addımlar atılmasına çağırıb.