Tribuna İnformasiya Agentliyi

Lombard sahibi Dürrə İsmayılova ilə zərərçəkmişlər arasında gərginlik- 200 minlik qızıl yoxdur

15 Fevral

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına Dürrə İsmayılovanın vəkili gəlməyib.

Zərərçəkmişlər buna etiraz ediblər. Hakim isə qeyd edib ki, ötən prosesdə Dürrə İsmayılova səhhəti ilə bağlı iştirak etməyib.

Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edərək söyləyib ki, bu prosesin vaxtını bilərəkdən uzatmaqdır. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmək üçün evini satışa qoyduğunu deyib.

Dürrə İsmayılova Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyir. Belə ki, Dürrə İsmayılova Rəşad adlı şəxsin lombardını işlətmək üçün götürüb. Rəşad adlı şəxs müştərilərdən götürdüyü qızılları Dürrə İsmayılovaya təhvil verib. Bundan sonra da uzun müddət lombardı işlədib. Amma indi Dürrə İsmayılova deyir ki, Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımır.

Zərərçəkmişlər isə bildirir ki, Dürrə İsmayılova Rəşaddan qızılları alarkən razılıq əldə ediblər və uzun müddət də faizi ona ödəyiblər.

Dürrə İsmayılova məhkəmədə söyləyib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir.

Məhkəmə iclası fevralın 16-na təyin edilib.

Qeyd edək ki, Dürrə İsmayılova Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Lakin onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. O, hazırda ev dustaqlığındadır.

Bildirək ki, D.İsmayılova Xətai rayonu ərazisində lombard işlədib. O, xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib.

Zərərçəkmişlərin ümumilikdə 200 min manatdan çox ziyan gördüyü bildirilir.