Tribuna İnformasiya Agentliyi

“Liverpul” klubu “Barselona” və “Real Madrid”in rekordlarını yeniləyib

03 May

İngiltərənin “Liverpul” klubu bir mövsümdə vurulan qol sayında avrokubok rekordunu yeniləyib.

“Report”un məlumatına görə, həmin topun müəllifi İtaliyada “Roma” ilə Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab görüşünün 25-ci dəqiqəsində fərqlənən Jorjinyo Veynaldum olub.

O, son 14 qarşılaşmada komandasının 46-cı qolunu vurub. Bu göstərici isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur.

Əvvəlki məhsuldarlıq rekordu İspaniya “Barselona”sına məxsus olub. Kataloniya komandası 1999-2000 mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub.

Digər tərəfdən, “Liverpul”un Sadio Mane, Roberto Firmino və Məhəmməd Salahdan ibarət hücum “trio”su 29 qolla ÇL-in məhsuldarlıq rekordunu müəyyənləşdirib. Cavab görüşündə ilk topun müəllifi olan Mane aktivindəki qolların sayını 9-a çatdırıb. Firmino və Salah isə hərəyə 10 dəfə fərqlənib.

Daha əvvəl bu rekord “Real Madrid”in Kriştianu Ronaldu, Kərim Benzema və Qaret Beyldən ibarət “üçlüy”ünə məxsus olub. Onlar 2013-2014 mövsümündə üst-üstə 28 qol vurublar.