“Liverpul” ÇL-də mübarizəni dayandırdı, PSJ 1/4 finalda (VİDEO)backend

“Liverpul” ÇL-də mübarizəni dayandırdı, PSJ 1/4 finalda (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib.
Qaynarinfo xəbər verir ki, “Borussiya” PSJ-nin qonağı olub. Doğma meydanda rəqibini 2:1 hesabı ilə məğlub edən Dortmund klubu cavab matçı ərəfəsində müəyyən üstünlüyə sahib idi. Oyunda hesab 28-ci dəqiqədə açılıb. Neymar ev sahiblərini önə keçirib. Xuan Bernatın birinci hissənin sonlarında vurduğu qol isə qarşılaşmada sonuncu olub. 2:0 hesabı ilə qələbə qazanan PSJ iki oyunun ümumi nəticəsinə görə “Borussiya”nı 3:2 üstələyərək 1/4 finala yüksəlib.
“Liverpul” “Atletiko”nu qəbul edib. İlk matçda Dieqo Simeonenin yetirmələrinin 1:0 hesablı qələbəsi qeydə alınmışdı. Bu görüş də eyni hesabla yekunlaşıb. Amma ilk qarşılaşmadan fərqli olaraq, əsas vaxtda sevinən tərəf “Liverpul” olub. 43-cü dəqiqədə fərqlənən Corcinyo Veynaldum cütə tarazlıq gətirib. 90 dəqiqə ərzində başqa qol olmadığından, əlavə vaxta ehtiyac yaranıb. Əlavə vaxtda 4 qol vurulub. Əvvəlcə Roberto Firmino fərqi artırıb. Hər kəs “Liverpul”un mərhələ adladığını düşünsə də, “Atletiko” geridönüş etməyi bacarıb. Sonradan meydana daxil olan Markos Lyorente 97-ci dəqiqədə fərqi minimuma endirib. Əlavə vaxtın ilk hissəsinə artırılmış dəqiqələrdə isə ispan futbolçu dublunu rəsmiləşdirərək status-kvonu bərpa edib. Dieqo Simeonenin yetirmələri bununla da kifayətlənməyib. Oyunun son saniyələrində Alvaro Morata Madrid təmsilçisinin qələbə qoluna imza atıb. Beləliklə, iki oyunun ümumi nəticəsinə görə “Liverpul”u 4:2 hesabı ilə məğlub edən “Atletiko” adını qitənin ən güclü 8 komandası sırasına yazdırıb.
Qeyd edək ki, ilk oyun günündə “Leyptsiq” (Almaniya) və “Atalanta” (İtaliya) 1/4 finala yüksəlmişdi.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
Liverpul (İngiltərə) – Atletiko (İspaniya) 2:3 (əlavə vaxt)
Qollar: Veynaldum, 43. Firmino, 94 – Lyorente, 97; 105+1. Morata, 120+1.
İlk oyun – 0:1.

PSJ (Fransa) – Borussiya (Dortmund, Almaniya) 2:0
Qollar: Neymar, 28. Bernat, 45+1.
İlk oyun – 1:2.