Tribuna İnformasiya Agentliyi

Liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib

22 İyun

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib

BŞTİ-dən verilən məlumata görə, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 60 sualdan ibarət test tapşırığını yerinə yetiriblər.
V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 80 dəqiqə, VII sinfə qəbul üzrə müsabiqədə isə 1 saat 40 dəqiqə vaxt verilib.
Bildirilib ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul üçün müsabiqədə 1 315 nəfər iştirak edib. Onlardan 848-i Texniki-Humanitar Liseyə, 111-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 171-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 185-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün müsabiqəyə qatılıb.
BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli “Zəkalar” Liseyi) qəbul üçün müsabiqədə isə təmayül istiqamətlərinə uyğun olaraq (humanitar, texniki, təbiət) 2142 şagird iştirak edib.