Tribuna İnformasiya Agentliyi

Lirənin ucuzlaşmasına sevinənlər nəzarətə götürülüb

13 Avqust

Türk lirəsinin dollar qarşısında mövqeyini itirməsi fonunda sosial media hesablarına nəzarət güclənib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu 346 sosial media hesabı haqda istintaq başladıb.

Prokurorluğun verdiyi bəyanatda bu hesabların sosial şəbəkələrdə dolların məzənnəsinin yüksəlməsi barədə provokasiya edici paylaşmalar etdikləri bildirilir.

“07.08.2018-ci il tarixində dolların məzənnə yüksəlişini provokasiya və ictimai rəyə təsir edən paylaşmalar edən 346 sosial media hesabı təsbit edilib və mövzu ilə bağlı araşdırma başladılıb” – bəyanatda deyilir.

Bütün bu paylaşmaların iqtisadi təhlükəsizliyə xələl gətirdiyi vurğulanıb və buna nəzarət ediləcəyi qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl verilən xəbərdə Türkiyədə bir dolların 7,21 lirəyə çatdığı bildirilib.