Limanda minlərlə rus hərbçisi mühasirəyə düşdü – Ukraynadan Putinə “bayram hədiyyəsi”backend

Limanda minlərlə rus hərbçisi mühasirəyə düşdü – Ukraynadan Putinə “bayram hədiyyəsi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arasmsız hücumlardan sonra dünən Ukrayna Silahlı Qüvvələri (SQ) Stavki yaxınlığında Rusiya ordusunun müdafiəsini yarıb Torsk-Drobışevo yolunu kəsib. Nəticədə son təchizat yolu və düşmənin Liman şəhərinin qərbinə doğru geri çəkilməsinin qarşısını alıb.

Beləliklə, Ukrayna ordusu Liman şəhərinin mühasirəsini tamamlayıb. Rus “Telegram” kanalları şəhərdə Rusiyanın 20-ci ordusunun bölmələrinin, BARS xüsusi təyinatlı dəstəsinin və LNR qüvvələrinin təcrid vəziyyətində qaldığını xəbər verirlər. Rusiya qüvvələri yaxınlıqdakı Yampol qəsəbəsini (dəmir yolu stansiyası) isə tərk edib.

Liman Donetsk vilayətinin şimalında yerləşən mühüm dəmir yolu qovşağıdır. Xarkovdakı fiaskodan sonra Rusiya komandanlığı bu istiqamətdə müdafiə xətti qurub, oranı saxlamağa çalışırdı.

Təhlilçi Şahin Cəfərli bildirir ki, Liman qələbəsi Putinin bugünkü bayramına Ukrayna tərəfindən yaxşı “hədiyyə”dir: “Bu məntəqənin azad olunmasından sonra Svatovo-Rubejnoye xətti üzrə Luqansk vilayətinə hücum başlayacaq. Luqansk Rusiyanın ilhaq etməyə hazırlaşdığı bölgələr içərisində demək olar ki, 100 faizə yaxın ərazisi işğal olunmuş yeganə vilayətdir. Məsələn, Donetsk vilayətinin təxminən 50%-i, Zaporojyenin təxminən 40%-i, Xersonun təxminən 15%-i Ukraynanın nəzarətindədir”.

Ekspert xatırladır ki, ABŞ Senatı dünən Ukraynaya 12,4 milyard dollar yardım ayrılmasını təsdiqlədi.

“Bu miqdarın 7,8 milyardı hərbi məqsədlər üçün xərclənəcək. Bundan əlavə, ABŞ Cənubi Koreyadan 3 milyard dollarlıq silah-sursat alıb, Ukraynaya göndərəcək. Bu qərarlar “Lend-Liz”in işə düşməsi deməkdir”, – o əlavə edib.

Ş.Cəfərlinin sözləriunə görə, daha bir mühüm qərar ondan ibarətdir ki, Pentaqon Ukrayna üzrə ayrıca komandanlıq yaradacaq: “Ukraynaya hərbi yardımları, Ukrayna əsgərlərinə təlim verilməsini və digər məsələləri general rütbəli hərbçinin rəhbərliyi ilə bu komandanlıq koordinasiya edəcək. Başqa sözlə desək, Ukrayna müharibəsinin lazımi nəticə ilə sona çatdırılmasına bu komandanlıq məsul olacaq”.