Tribuna İnformasiya Agentliyi

“Lider”də xanım jurnalistə böhtan atıldı- efir borclunu güclü etdi

10 May

Bir neçə gün öncə “Lider” TV-də yayımlanan “Ümidlə gəl” verilişində aparıcı Hacı Quliyev tanınmış jurnalist, woicepress.az saytının baş redaktoru Ülkər Musazadə haqda böhtan səsləndirib. Bu sayt və rəhbərliyi tərəfindən şantaja məruz qaldığını deyən aparıcı H.Quliyev bu şantajın motivi haqda təəssüf ki, bircə kəlmə də açıqlama verməyib.

Məsələnin məğzini isə AFN-ə Ü.Musazadə özü açıqlayıb. Onun sözlərinə görə, H.Quliyev ona 300 AZN borcludur və həmin borcu istədiyi üçün aparıcı tərəfindən sosial şəbəkədə təhqirə məruz qalıb: “Hacı Quliyevlə bizi “Qoşa ulduz” jurnalının baş redaktoru Gülzar Şəmkirli tanış edib. Oturub “Lider” TV-nin kafesində birlikdə çörək kəsmişik, söhbət etmişik. Onun sosioloq və psixoloq kimi PR-nı aparmamızı istəyib, özünün buna zamanı olmadığını söyləyib. Ona bizim saytımız vasitəsilə bu işi görə biləcəyimizi dedim. Gülzar xanımla dostluq münasibətimiz olduğu üçün onun xatirinə bu işi görməkdən ötrü sırf tərcüməçi və proqramistə çatası olan aylıq 300 manatı istədim. Bildirdim ki, mən yazacağım məqalələr üçün ondan pul almayacam. Razılaşdıq və fevral ayından başladım yazıları yazmağa. Yazılar hər biri 4 dildə yayımlandı, saytda xüsusi reklam banneri qoyuldu. Fevralın 24-də başlanan bu əməkdaşlığa martın 24-də son qoyuldu. Ay ərzində dərc edilən yazılar Hacıya hesabat olaraq göndərildi. Amma danışdığımnız kimi ayın sonunda pul verilmədi. Mən öz cibimdən tərcüməçi və proqramistin pulunu verdim. Ondan sonra Hacı telefonlarıma cavab vermədi. Aprelin əvvəlləri atam xəstəxanaya yerləşdirildi. Ona qan köçürülməli idi, mənim isə əlimdə pul yox idi. Hacıya çox müşkül durumda olduğumu yazdım. Cavabında məni ağır sözlərlə təhqir etdi. Mən də “haqqımı halal etmirəm” deyib onu blok etdim. Bundan sonra bir Allah bilir mən atamı xəstəxanada necə çətinliklə çıxartdım.
Hacı ilə işlədiyimi, pulumu vermədiyini bilən bir neçə jurnalist dostumuz məsələni ictimailəşdirməyi məsləhət gördü. Lakin mən kəsdiyimiz çörəyə hörmət əlaməti olaraq buna getmədim. Görünür, Hacı üçün bu kimi məsələlərin əhəmiyyəti yoxdur”.

Ü.Musazadə deyir ki, bütün olanlara baxmayaraq, bir jurnalist kimi aldanmasına rəğmən sakit oturmaq istəməyib. Bu məqsədlə H.Quliyevin yaxın dostu olan, Rusiya Dövlət Dumasında deputat köməkçisi işləyən Ramin Qasımovdan yardımçı olmasını xahiş edib: “Feyzbuk üzərindən onunla bu barədə danışdım. Bundan sonra Hacının verilişindən prodüsser bir xanım mənə yazdı, yazıları niyə yayımlamadığımızı soruşdu. Dedim ki, gördüyümüz işin pulu verilmir, ona görə. Məsələ belə də qaldı. Atamın xəstəliyi səbəbi ilə Türkiyədə olduğum bir vaxtda Hacı efir vasitəsilə haqqımda şər, böhtan dolu çıxış edib. Guya mənim tərəfimdən şantaja məruz qaldığımı deyib. Amma hansı şantajdan söhbət getdiyini açıqlamayıb. Təəssüf edirəm ki, TV rəhbərliyi də bu süjeti yoxlanmadan efirə buraxıb. Məni mediada çox adam tanıyır. Necə bir insan olduğumu bilənlər bilir. Ünvanıma səslənən əsassız böhtana qarşı biganə qalmayacam, Milli Televiziya və Radio Şurasına, Mətbuat Şurasına müraciət edəcəm. Üstəlik, Hacını məhkəməyə verəcəm və təzminat alıb qan köçürülməsi gərəkən xəstələrə verəcəm. Çünki mən bu durumda olmağın nə olduğunu bilirəm. Sosial layihə adı altında yayımladığı verilişdə Hacı birbaşa dövlət siyasətinə qarşı çıxır. Xəstə, imkansız adamları efirə çıxarır aidiyyatı dövlət qurumları qalır bir kənarda iş adamlarından, biznesmenlərdən kömək istəyir. Azərbaycanın çox humanist, hər bir vətəndaşının dadına çatan rəhbərliyi var, onlarla sosial layihələr reallaşdırılır dövlət səviyyəsində. Belə bi durumda iş adamlarının efirdən kiməsə yardıma çağırılması absurd və ölkə rəhbərliyinə etimadsızlıqdan başqa bir şey deyil”.