Tribuna İnformasiya Agentliyi

lham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

14 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib.

TİA.AZ xəbər verir ki, VI Qlobal Bakı Forumunun önəmini vurğulayan dövlət başçısı bu tədbirin mütəmadi olaraq keçirilməsindən, getdikcə daha çox iştirakçını özünə cəlb etməsindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialının və beynəlxalq səviyyədə nüfuzunun artmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanın və İsmail Serageldinin, o cümlədən İdarə Heyəti üzvlərinin bütün bu işlərə verdiyi töhfəni yüksək qiymətləndirib və mərkəzin İdarə Heyətinin üzvlərinin fəal iş aparmaları nəticəsində bu təşkilatın fəaliyyətinin gündəliyinin genişləndiyini bildirib.

Xoş sözlərə və Mərkəzin işinə verilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Qlobal Bakı Forumunun böyük önəm daşıdığını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə nüfuzunun artdığını məmnunluqla vurğulayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çində, ABŞ-da və dünyanın bir sıra ölkələrində tədbirlər keçirdiyini deyən qonaq bunu Mərkəzin fəaliyyət coğrafiyasının genişlənməsinin və dünyada bu quruma olan marağın göstəricisi kimi dəyərləndirib.

Görüş iştirakçıları Azərbaycanın beynəlxalq rolunun artdığını, ölkəmizin sabitliyə və təhlükəsizliyə töhfə verdiyini qeyd edərək bildiriblər ki, Qlobal Bakı Forumunun fəaliyyəti dünyada gedən proseslərə müsbət təsir göstərir və artıq beynəlxalq tədbirə çevrilib.

Söhbət zamanı bu tədbirin müxtəlif tərəflər arasında fikir mübadiləsinin və müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığı vurğulanıb.

Sonda xatirə şəkli çəkdirilib.