Lerik qəzası: sürücü xətası, yoxsa qəzavü-qədər?! – Ekspert rəyibackend

Lerik qəzası: sürücü xətası, yoxsa qəzavü-qədər?! – Ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İstintaq dövründə sürücünün idarəetməni niyə itirməsilə bağlı sualın cavabı tapılacaq. İdarəetmənin itirməyə görə minlərlə səbəb tapmaq olar. Dəqiq səbəb bəlli olandan sonra hadisəyə hüquqi qiymət veriləcək”.
Bu fikirləri Bakupost.az -a ötən gün Lerikdə 8 nəfərin ölümü, 10 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsindən danışarkən nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Ekspert qeyd edib ki, Azərbaycanda avtobus və mikroavtobuslarla bağlı vəziyyət acınacaqlıdır:
“Ölkəyə iri tutumlu avtobusların gətirilməsilə bağlı rüsumlar çox bahadır. Ona görə çoxları yalnız köhnə avtobusları gətirir. Yaxud bazarda olan avtobusları bir-birinə sata-sata dolanırlar. Avtobus və mikroavtobus parkı yenilənməlidir. Müəyyən imkanlar yaradılmalıdır ki, yenilənmə baş tutsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ictimai şuranın üzvü kimi marşrutların müsabiqəyə çıxarılmasında iştirak edirəm. Ora təqdim olunan mikroavtobusların istehsal ilinə baxanda adamı dəhşət bürüyür. Bunlar hələ rəsmi qaydada sərnişindaşımaya təqdim olunanlardır. İndi görün qeyri-rəsmi nələr var. Rayonlar və şəhərlərarası şərnişindaşıma fəaliyyəti göstərmək istəyənlər 1990, 1998, 2005-2006-cı illərin mikroavtobuslarını müsabiqələrə təqdim edirlər. Çox acınacaqlı bir vəziyyətdir. Sual verəndə ki, niyə bunları yeniləmirsiz, sahibkar deyir, imkanım yoxdur. Gürcüstünda 50 min manata olan iritutumlu avtobus, Azərbaycana 150-200 minə gəlib çıxır. Buna görə problem yaşanır. Gürcüstanla Azərbaycanın arasında elə də böyük məsafə yoxdur. Necə orada 50 minə, Azərbaycanda 150-200 minə başa gəlir?”.
Ekspert sürücülərin iş və istirahət rejimi ilə bağlı məsələyə də diqqət çəkib:
“Sürücülərin iş və istirahət rejimi məlum deyil. Əgər yoxlanılarsa, sürücünün nə vaxt tibbi müayinədən və avtobusun texniki baxışdan keçdiyi bəlkə də bilinməyəcək. İki ay bundan əvvəl yol nəqliyyat hadisəsində 6 nəfər, bu dəfə də 8 nəfər dünyasını dəyişib. Qanunda nəzərdə tutulub ki, sürücü uzaq yola səyahət etdiyi zaman səhhəti, avtomobilin vəziyyəti barədə məlumat verməlidir. Amma bu məlumat kimə, hara verilməlidir? Varmı belə bir mərkəz ? Lerikdə sərnişin daşıyan sürücü Xırdalanda Bakı Dövlət Yol Polisi İdarəsində ərizə yazmalıdır ki, mən sabah 30 nəfəri ziyarətə aparacam? Yəni bölgələrdə bir mərkəz varmı? Ortalıqda açıq suallar qalır. Rayon Polis İdarəsinə müraciət etsə, ona hansı imkanı yarada biləcək? Hansı texniki müayinəni keçirə biləcək? Ümumiyyətlə, bu texniki müayinəni kim keçirəcək? Poliklinikalarda sağlamlıq haqqında arayışı 50 manatdan satırlar. Sürücülük vəsiqəsi almağa gedəndə 50 manata sağlamlıq haqqında arayış verirlər. Formal tibbi müayinə üçün isə 10 manata sağlamlıq arayışı satırlar. Yəni, reallıq budur. Buna tibbi nəzarət edən varmı? Yoxsa hər dəfə iki aydan bir 6-8 nəfərin ölümünü izləməli olacağıq?! Bununla ciddi məşğul olmaq lazımdır”.
E.Muradlı vurğulayıb ki, bölgələrdə mikroavtobusların texniki baxışdan, sürücülərin isə tibbi müayinədən keçirilməsilə bağlı mərkəz yoxdur:
“Lakin bunun həlli mümkündür. Bütün avtovağzallarda tibbi müayinə məntəqəsi olur, avtobusların texniki müayinədən keçirilməsi üçün şərait var. Lakin ölkədə sərnişindaşıma xaos vəziyyətindədir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bunun öhdəsindən gələ bilmir. Sürücülər avtovağzaldan avtovağzala işləmək istəmirlər. Müxtəlif qeyri-ciddi səbəblər gətirərək, bundan imtina edirlər. Avtovağzaldan kənarda sərnişin daşıyan sürücülərin bəzilərinin hətta narkoman, sərxoş olduğu da ortaya çıxır. Təklif oldur ki, şəxsi avtobusları olan sürücülər avtovağzal ərazisində texniki müayinə və sağlamlıq haqqında arayış alandan sonra bu reysləri həyata keçirsinlər. Ondan sonra heç Yol Polisinə belə ehtiyac olmayacaq”.
E. Muradlı Lerikdə baş verən dəhşətli qəzanın səbəblərinə də toxunub:
“Lerikdəki qəza hadisəsinin səbəbi tam müəyyən olunmayıb. Bununla belə, məsələnin digər tərəfi də var. Məsələn, hər kənddə, qəsəbədə bir nəfərin mikroavtobusu olur. İşi düşən hamı onu axtarır. Əgər ziyarətə gedən həmin mikroavtobusu Yol Polisi saxlasaydı, ziyarətə gedənlər polisi qarğıyardı ki, “ziyarət sənə qənim olsun” və s. Sürücü qalır kənara, amma sərnişinlər yol polisinin üstünə hücum edirlər. Dəfələrlə bu cür mənzərə ilə qarşılaşmışam. Polis sürücünün sənədinin olmadığını deyəndə, sərnişinlər aqressiya ilə qarşılayır ki, qoy bizi aparıb-gətirsin, sonra nə edirsən, et. Sürücü də aparanda qəza baş verir, yarısı ölür, yarısı da xəstəxanalıq olur. Ziyarətə gedənlər sürücünün sağlamlığı, yuxusuzluğu, avtobusun texniki müayinədən keçməsilə bağlı bir dəfə də olsun, sual ediblərmi? Hər bir vətəndaşın ictimai qınağı, mövqeyi olmalıdır. Avtobusun saz vəziyyətdə olmasını tələb etməlidir”.
Ekspert avtovağzallarla bağlı da mühüm məsələyə toxunub:
“Avtovağzal kompleksinin ətrafına baxsanız, görərsiniz ki, oradan rayonlara avtobus və mikroavtobuslar işləyir. Hamısının da arxasında kimlərsə dayanıb. Hətta avtovağzalda rəsmi sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlar var ki, 3 avtobusu avtovağzal ərazisində, 3-nü isə çöldə işlədir. Yəni, qanunla da, qanunsuz da işləyir. Bütün bunlar real vəziyyətdir. Zaman-zaman bunu deyirik, amma artıq üzərinə getmək lazımdır”.