Tribuna İnformasiya Agentliyi

Leontyev ermənilərə “arvad” dedi, İrəvan qarışdı

07 May

Rusiyalı məşhur jurnalist Mixail Leontyevin Ermənistanla bağlı ifadələri Ermənistanda kəskin reaksiyaya səbəb olub.

Axar.az xəbər verir ki, Leontyevin çıxışı ilə bağlı təkcə Ermənistan mətbuatı yox, həm də rəsmi dairələr də açıqlama yaymağa başlayıb.

Rusiyanın Ermənistandakı səfirliyi qismən də olsa, Leontyevin bu çıxışını qınayıb. Səfirlik Leontyevin çıxışının onun öz şəxsi fikri olduğu və Ermənistan-Rusiya münasibətlərinə təsir etmədiyini bildirib. Səfirlik Ermənistanla münasibətlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə Mariya Zaxarovanın fikirlərinə uyğun formada hərəkət etdiyini açıqlayıb.

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan isə məsələyə öz Feysbuk səhifəsində münasibət bildirib. Onun sözlərinə görə, Leontyevin tarix və geosiyasət məsələsindən heç bir anlayışı yoxdur. O, həmçinin, jurnalistin ölkədə yaranmış vəziyyətlə bağlı məlumatlı olmadığını deyib. Toqonyanın fikrincə, Leontyevin fikirləri provokasiya xarakteri daşıyıb.

Ermənilərin Rusiyadakı ən böyük diasporu olan Rusiya Erməniləri İttifaqı isə Leontyevin Ermənistanla bağlı ifadələrini kəskin şəkildə qınayıb. Diaspor qanunvericilik çərçivəsində Leontyevlə hesablaşacağını rəsmən bəyan edib.

Qeyd edək ki, dünən “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Leontyev Ermənistandakı hadisələri kəskin şəkildən qınayan açıqlamalar yayıb. O, ermənilərin Azərbaycanla Rusiya münasibətlərinə kölgə salmağa çalışdığını bildirib:

“Bu yük lap əvvəldən olub. Əgər onlar ayrılmaq istəyirlərsə, o zaman, üzr istəyirəm, “arvad, arabadan düş, sənsiz daha rahatdır” (qədim rus deyimi, “yaxşı yol”, “xoş getdin” mənasında) və hər şeyə nöqtə qoyaq”.