Legionerlərə xərclənən milyonlar: – “Bu ciddi bir siqnaldır…”backend

Legionerlərə xərclənən milyonlar: – “Bu ciddi bir siqnaldır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Tokio 2020-nin bağlanış mərasimi keçirildi. Azərbaycan 44 idmançı ilə qatıldığı Tokio-2020-ni 3 gümüş, 4 bürünc medal ilə bitirdi. İdman ölkəsi olan Azərbaycan üçün bu çox zəif nəticə və ya uğursuzluq hesab oluna bilər. İdmançılarımızın olimpiadadakı uğursuzluğu gözlənilən idimi?

“Qol.az” saytının baş redaktoru, idman yazarı Aydın Bağırov olimpiadadakı uğursuzluqlar haqqında Yenisabah.az-a danışıb. O, son illər Azərbaycanın müəyyən idman növlərində zəiflik müşahidə olunduğunu qeyd edib:

“Boks, güləş, cüdo kimi idman növlərində zəiflik müşahidə edilir. Olimpiada da olan uğursuzluq da gözlənilən idi. Digər səbəb isə idmançı sayımızın az olması oldu. Düzünü desək qızılsız qalacağımızı heç kim gözləmirdi. Hər kəs düşünürdü ki, ən azı bir qızıl medalımız olmalıdır.

Olimpiya oyunlarında ən vacib məsələ qızıl medaldır. 50 gümüş medal olsa belə 1 qızıl medal ondan daha üstündür. Ölkələrin medal sıralamasına baxdığımızda görə bilərik ki, qızıl medalı olanlar daha üstün səviyyədədir. Burada kəmiyyət və keyfiyyət əsas rol oynayır. Bu uğursuz nəticələr Azərbaycanın Gənclər və İdman nazirliyi, qurumlar, təşkilatlar üçün ciddi bir siqnaldır”.

A.Bağırov Azərbaycana gətirilən legionerlər haqqında da danışıb:

“Komandaya gətirilən legionerlər, yerli idmançılardan üstün olub nəticə verməlidirlər. Bir çox ölkələrdə, qardaş ölkə Türkiyənin milli komandasında xarici idmançılar, legionerlər var. Bu təcrübə digər ölkələrin timsalında Azərbaycanda da həyata keçirilir.

Lakin legionerdən legionerə də fərq var. Məsələn Mariya Stadnik özü Ukraynalıdır lakin bizə o qədər doğmalaşıb ki, ona yad deməyə adamın dili gəlmir. Bizim çətin anlarımızda idman sahəsi, ölkənin ictimai siyasi həyatı, yəni bütün məsələlərdə öz mövqeini ortaya qoyub. Dünya çempionu, Avropa çempionu olub, nəticələri də bunu sübut edir.

Olimpiya oyunlarında 44 idmançı iştirak edirdi və bir çoxu legioner idi. Onlardan cəmi 2-3 nəfər nəticə verdi, medal qazandı. Məsələ burasındadır ki, həmin idmançılara uzun illərdir ki, pul xərclənir. Əgər bu xərclənən pullar bir nəticə vermirsə deməli legioner siyasətindən imtina olunmalıdır və onlara ayrılan pul bizim yerli uşaqlarımızın önə çıxarılmasına yönəldilməlidir. Azərbaycan gəncləri arasında əlbəyaxa döyüş, fərdi idman növləti, yarışlar zamanı özünü çox yaxşı nəticə göstərən, potensiallı uşaqlar olur. Bu istiqamətdə iş aparılmalıdır, pul yönləndirilməlidir həmin uşaqların gələcəyinə. Lakin görürük ki, bilərəkdən bunu etmirlər. Bütün federasiyalarda legioner siyasəti həyata keçirilir. Əsas səbəb isə legionerlərə ayrılan pulun bölüşdürülməsidir. Yəni bu siyasət müəyyən maraqları əhatə edir”.

Bağırov gənclərlə bağlı bir məsələyə də toxunub: “Bizim yalnız yerli deyil, xaricdə olan, xarici ölkənin bayrağı altında çıxış edən idmançılarımız var. Olimpiya oyunları zamanı gördük ki, Ukraynanın Azərbaycanlı idmançısı finala qədər yüksəldi və onlara gümüş medal qazandırdı. Xarici ölkələrdə çox sayda azərbaycanlı idmançı var və onlarla da iş qurulmalıdır.

Son zamanlar müəyyən şikayətlər də qeydə alınır. Azərbaycanlı valideynlər federasiyalara müraciət edirlər ki, uşaqları Azərbaycanı təmsil etsinlər, lakin yerli federasiyalardan onlara rədd cavabı gəlir. Xaricə üstünlük verilmə siyasətini mütləq dayndırmaq lazımdır. Bu siyasət Azərbaycan idmanının gələcək uğurlarına zərbə olacaq”.