Tribuna İnformasiya Agentliyi

“LE PEN HAKİMİYYƏTƏ GƏLSƏ, İSLAM DÜNYASINDA …”

24 Aprel

“Fransada keçirilən seçkilərin ilk turunda sürpriz baş vermədi. Gözlənildiyi kimi, yarışın favoriti, mərkəzçi Emmanuel Makron və radikal sağın təmsilçisi Marin Le Pen ikinci tura çıxdılar”. 

“Fransada keçirilən seçkilərin ilk turunda sürpriz baş vermədi. Gözlənildiyi kimi, yarışın favoriti, mərkəzçi Emmanuel Makron və radikal sağın təmsilçisi Marin Le Pen ikinci tura çıxdılar”.



Bu sözləri TİA.AZ-a Fransada birinci tur prezident seçkilərinin nəticələrinə münasibət bildirərkən  politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, ikinci turda da Makronun açıq fərqlə qələbə qazanacağı gözlənilir: 

“Həm rəy sorğuları, həm də ilk turdan sonra baş verənlər bunu göstərir. Məsələn, ölkənin iki böyük siyasi partiyasının namizədləri – ilk turda 20 faiz səs alan respublikaçı Fransua Fiyon və 7 faizə yaxın səs toplayan sosialist Benua Amon öz tərəfdarlarını Makrona səs verməyə çağırıblar. Digər namizədlərin əksər tərəfdarları da Makronun ətrafında cəmləşəcək. Proqnozlara əsasən, Makron ikinci turda 60 faizdən çox, Le Pen isə 40 faizə yaxın səs alacaq. Düzdür, 2 həftə ərzində baş verə biləcək bəzi hadisələr, məsələn, böyük terror aktları vəziyyəti dəyişə bilər. Əgər kütləvi insan ölümləri ilə nəticələnən iri terror aktı baş verərsə, Le Penin şansı yüksələ bilər. Maraqlıdır ki, terror şəbəkəsi məhz Le Penin qələbəsində maraqlı görünür. İlk tur ərəfəsində Parisdə polislərə silahlı hücum olub və 1 polis öldürülüb. Böyük ehtimalla terrorçuların plan, strategiya quran başbilənləri bunu nəzərə alır ki, Le Penin hakimiyyətə gələcəyi təqdirdə, müsəlman miqrantlara qarşı aparacağı radikal siyasət islam dünyasında narazılığı artıracaq və terrorçuların sosial bazasının genişlənməsinə səbəb olacaq. Bu səbəblə, mümkündür ki, mayın 7-ə qədər Fransada yeni terror aktları baş versin. Şübhəsiz ki, Fransa dövlət orqanları da bunu bilir və ölkədə təhlükəsizlik tədbirlərini xeyli gücləndirib. Hesab edirəm ki, terrorçuların, eyni zamanda Rusiyanın Le Peni seçdirmək üçün göstərdiyi və göstərəcəyi səylərə baxmayaraq, Fransanın yeni prezidenti Emmanuel Makron olacaq”.

Bu nəticənin Qarabağ probleminə və ölkəmizin demokratikləşməsinə təsirinə gəlincə, politoloq düşünür ki, Makron seçilərsə, Fransanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyində dəyişiklik olmayacaq:

“Hazırkı prezident Olland dövründə aparılan siyasət davam edəcək. Hər halda, Makron Le Pen ilə müqayisədə Azərbaycan üçün daha məqbul fiqurdur və mötədil mövqelidir. Fransa-Azərbaycan və Avropa Birliyi-Azərbaycan münasibətləri ilə bağlı da ənənəvi siyasətin davam edəcəyini düşünürəm. Əlbbəttə ki, yeni prezidentin öz dəst-xətti mütləq hiss olunacaq, amma  strateji mənada radikal dəyişikliklər gözləmirəm”. 


Yayımların Monitorinq Mərkəzinin sədri, siyasi icmalçı Nəsimi Məmmədli bildirdi ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ probleminin nizamlanması prosesində iştirakı da ölkəmizdə seçkilərin yaxından izlənməsinə təsir edir:

“Bu seçkinin ölkəmizə təsirlərini iki aspektdən dəyərləndirmək doğru olar. Birincisi, Qarabağ probleminin həlli, ikincisi isə ölkəmizin demokratik siyasi gələcəyi ilə bağlıdır. İndiyə kimi Qarabağ problemi ətrafında davam edən diplomatik gəlişmələri təhlil etsək aydın görərik ki, problemin həlli istiqamətində ATƏT-in rolu həlledici deyil və indiki status-kvo davam etdikcə dəyişiklik olmayacaq. Problemlə birbaşa yaxından məşğul olan ATƏT-in Minsk Qrupu olsa da, bu qurum nəinki uzunmuddətli sülhə, hətta atəşkəs razılaşmasına belə doğru-düzgün əməl olunmasına təminatçı ola bilmir. Çünki problemə tərəflərin hökumətləri ilə yanaşı Rusiyanın da xüsusi yanaşması və təsirləri var. Yaxın perspektivdə problemin həllində ATƏT-in rolunun ön plana çıxması mümkün görünmədiyi üçün Fransada kimin prezident olması mövcud duruma xüsusi təsir etməyəcək. Ancaq bununla yanaşı erməni lobbisinin daha çox dəstək verdiyi namizədlərin uğur qazanmamasının psixoloji üstünlükləri də nəzərə alınmalıdır.

Ölkəmizin demokratik gələcəyi ilə bağlı məsələlərdə də Fransanın yeni prezidentinin xüsusi təşəbbüslərinin olacağını güman etmirəm. Demokratik dəyişikliklər əsasən vətəndaşlarımızın siyasi fəallığından asılı olsa da beynəlxalq yanaşmaların təsirlərini də istisna etməməliyik. Xüsusilə də Fransa kimi nüfuzlu dövlətdə insan hüquq və azadlıqlarına hörmət edən bir gənc liderin prezident seçilməsi ölkəmizin demokratik müxalifəti üçün müsbət qarşılana bilər və bu istiqamətdə əlaqələrə önəm verilməsi zəruridir”.

İlahə