Laçında “at oynadan” “Sumqayıt uşağı” (FOTOLAR)backend

Laçında “at oynadan” “Sumqayıt uşağı” (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
O, döyüş dostları ilə birgə özlərinin “özəl iaşə obyekti”ni – “Veteran” çay evini də yaradıb
Valideynləri Laçından olsa da, Bəhruz (əsl adı Pərvizdir, ancaq hamı onu Bəhruz kimi tanıyır) Sumqayıtda dünyaya gəlib – 3 aprel 1993-cü ildə, Laçının işğalından 11 ay sonra. Laçın haqqında, onun əlçatmaz dağları, geniş düzləri, sıx meşələri, gur və saf sulu çayları haqqında ancaq atasından eşidib, o yerləri yalnız şəkillərdə, köhnə videolarda görüb. Vətən müharibəsi başlayanda qeyrətli bir oğul kimi evdən xəbərsiz könüllü olaraq Milli Orduya yazılıb. Rəsmi çağırışı gözləməyə səbri çatmayıb, hər gün hərbi komissarlığın yolunu “döyənək” eləyib və artıq oktyabrın 1-də istəyinə nail olaraq, bununla həm də evdəkiləri təəccübdə, heyrətdə qoyaraq, cəbhəyə yollanıb. Bircə bunu deyib: ”Ata, gedirəm sənin, babalarımızın yurdunu düşməndən azad etməyə!”. Bunun müqabilində atası Zöhrabın qürurla oğluna baxıb, ona uğur, qələbə diləməkdən başqa çarəsi ola bilərdimi?
Boylu-buxunlu, cüssəli, cəsur oğlan olan Bəhruz artıq neçə vaxtdır atasına verdiyi sözə əməl edib. Döyüş dostları ilə birgə cəbhə boyu Cəbrayılda, Qubadlıda düşmənə qan udduraraq, daha da irəliyə gedib, Laçına ilk yetişən igidlərimizdən olub (rəsmi xəbərdən də neçə gün əvvəl!). Və böyüyüb, boya-başa çatdığı Sumqayıta, atasına şad xəbər də göndərib: “Ata, sənin doğma yurdunda – Laçındayıq, sənin Vəlibəyli kəndindəyik. Ermənilərdən gəbərtdiklərimizi gəbərtdik, qalanları da tülkü kimi qaçıb getdilər. Allah qoysa, tezliklə bütün laçınlılar öz dədə-baba ocaqlarına dönə biləcəklər. Bir də o murdar düşmənin ayağı bu yerlərə dəyməyəcək! Qoymarıq!”
Bəhruzun Laçın dağlarında əldə silah at oynatması, özünün və döyüş yoldaşlarının  igid, vüqarlı görkəmləri də göstərir ki, Vətənin bu cəsur övladları Laçına, bütün Qarabağa bir daha düşmən ayağının dəyməsinə heç vaxt yol verməyəcəklər.
…Bəhruz Vətən müharibəsinə qədər Azərbaycan əsgəri kimi çox çətin relyefli, havası sərt, qarlı-sazaqlı olan Murov dağında ciddi sınaqlardan keçib. Onun ilk olaraq Goranboyun Ağcakənd, Ballıqaya ərazilərindən başlanan əsgər həyatı sonralar qarlı-şaxtalı Murov zirvələrində davam edib.
Bəhruz hələ uşaqlıqdan – ağlı kəsəndən elə o arzuda-istəkdə olub ki, ordumuzun sıralarında vuruşaraq, azğın düşməni döyüş dostları ilə birgə doğma torpaqlarımızdan qovaraq, müqəddəs sandığı Qarabağı, üzünü görmədiyi, bəlkə atasından da çox daim həsrətində olduğu dədə-baba yurdu Laçını azad etsin. Həmişə bu istəklə yaşayıb. Fikirləşib ki, əgər Azərbaycanın əfsanəvi sərkərdəsi Şah İsmayıl Xətai hələ 14 yaşından ağır, qanlı döyüşlər apararaq, böyük Azərbaycan naminə möhtəşəm qələbələr qazana bilibsə, niyə o özü və yaşıdları 18-19 yaşında düşmənə qan uddura bilməsinlər? Ona görə də hərbi sirrlərə, hərb qaydalara mükəmməl yiyələnmək üçün əsgərlik dövründə komandirlərin keçdikləri təlimlərdə həvəslə iştirak edib, fəallıq göstərib. Neçə il əvvəl hərbi komandanlıqdan aldığı təşəkkürnamələr də bunu təsdiq edir.
Elə o zaman Murovdağda düşmənlə üz-üzə dayanıb hərbi xidmətini davam etdirərkən əsgər yoldaşları kimi o da hər gün Ali Baş komandanın “hücum!” əmrini gözləyib. Çünki elə o vaxtlar hiss etmişdi ki, üz-üzə dayandıqları erməni dığaları mənfur olduqları qədər də qorxaqdırlar, Milli Ordumuzun qurd ürəkli oğullarının kiçik bir harayı, həmləsi qarşısında davam gətirməyib, qaçmağa üz tutacaqlar.
Ataları Zöhrab kişinin doğma Laçınla bağlı söhbətlərinin, həsrət dolu kövrək xatirələrinin nəticəsidir ki, Bəhruzun kiçik qardaşı Məhəmmədəli də əsl dağlar oğlu kimi hərbi xidmətini məhz Murovdağda keçib. Hətta cəsur bir əsgər kimi 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib, komandanlığın təşəkkürünü də alıb. Həmin il əsgəri xidmət dövrü başa çatsa da, yaranmış hərbi vəziyyətə görə o, hələ bir aydan da artıq xidmətini davam etdirməli olub.
Elə Bəhruzu könüllü döyüşə getməyə, Qarabağ uğrunda vuruşmağa, çətin, qanlı-qadalı yollardan keçməyə sövq edən də məhz ailədə hökm sürən vətənpərvərlik, torpağa bağlılıq hissləri olub. Axı, onun babası Lətif Əşrəf oğlu Əzizov da vaxtilə döyüşçü olub –  ikinci Dünya müharibəsinin iştirakçısı kimi uzun və ağır döyüş yolu keçib, el-obasına üzüağ, orden-medallarla, 1-ci qrup müharibə əlili kimi qayıdıb. Onun sonralar Laçın dağlarında keçən mənalı həyatı daim doğma yurdu ilə bağlı olub. Lətif kişinin unudulmaz, nurlu xatirəsi bu gün də nəvələr üçün əzizdir, onların yoluna işıq saçır…
Bugünlər Bəhruzun atası Zöhrab Əzizov Qarabağ torpaqlarımızı, doğma yurdu xilas etmək üçün odlardan-alovlardan keçmiş oğlu ilə fəxr edir, böyük qürur duyur! Axı, hansı ata belə oğullarla fəxr etməz, öyünməz, sevinməz ki?!..