Tribuna İnformasiya Agentliyi

Küçə itləri Bakı sakinlərinə rahatlıq vermir – FOTO

12 Oktyabr

Bakıda küçə itləri ilə bağlı tədbirlər görülsə də, hələ də şəhərdə sahibsiz heyvanlarla rastlaşırıq.

Oxu.Az-ın məlumatına görə, bu gün səhər saatlarında Dövlət Statistika Komitəsinin yaxınlığında çox sayda küçə itləri müşahidə edilib.Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov saytımıza açıqlamasında bildirib ki, hazırda şəhərin hər yerində küçə itlərinin sayı artıb:

“Heydər Əliyev Fondunun və BŞİH-nin birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılır. Laboratoriya qurulub, xüsusi təyinatlı maşınlar, itlərə keyidici iynələrin vurulmasında istifadə ediləcək güllələr alınıb.

Eyni zamanda, işçilər üçün xüsusi geyimlər alınacaq. Tikinti işlərinə görə, dörd aydan çoxdur ki, itlərlə bağlı heç bir əməliyyat aparmırıq. Buna görə də sahibsiz itlərin sayı artıb. Amma narahatlığa əsas yoxdur. Yaxın günlərdə bu işə yenidən qayıdacağıq”.

İdarəsinin rəisi bildirib ki, artıq sahibsiz küçə itlərinə qarşı mübarizə ilə bağlı keyidici iynələrin bir hissəsi ölkəyə gətirilib:

“Onlar qısırlaşdırılacaq. Üç-beş ilə sahibsiz heyvanlar şəhərdə sayıla biləcək qədər azalacaq”.