“Kristal Abşeron”un fəhləsinin ölümü ilə bağlı cinayət işi açılıbbackend

“Kristal Abşeron”un fəhləsinin ölümü ilə bağlı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kristal Abşeron” MTK-nın paytaxtın Səbail rayonu ərazisində apardığı tikinti işləri zamanı 1 nəfər ustanın ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 26-sı saat 16 radələrində paytaxtın Səbail rayonu ərazisində aparılan tikinti işləri zamanı 1 nəfər ustanın ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Kristal Abşeron” MTK-nın Səbail rayonu, Q.Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 1984-cü il təvəllüdlü Nəriman Salahov vəfat edib, 1987-ci il təvəllüdlü Aruz Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.