Tribuna İnformasiya Agentliyi

“Kristal Abşeron” Heydər Əliyevin adından yalan reklamda istifadə edir?- VİDEO

05 May

“Kristal Abşeron” tikinti şirkətinin Sumqayıtda reallaşdırdığı “SahilPark” layihəsilə bağlı reklamında yalan var.

Belə bir iddia ilə AFN-ə müraciət edən Sumqayıt sakinləri şirkətin məşhur reklam çarxında kobud səhvə (yaxud bilərəkdən yalana) yol verildiyini deyirlər. Söhbət məşhur teleaparıcı Emin Musəvinin də iştirak etdiyi reklam çarxından gedir. Vətəndaşlar jurnalistin burada günahının olmadığını qeyd etməklə, şirkəti bu səhvi aradan qaldırmağa çalışırlar. Bəs səhv nədən ibarətdir? AFN-in redaksiyasına ünvanlanan müraciətdə bildirilir: “Bu yaxınlarda telekanlaların birində təsadüfən “Kristal Abşeron”un inşa etdiyi Sumqayıtdakı binalarla bağlı reklam çarxına baxdıq. Həmin reklam çarxında tanınmış teleaparıcı Emin Musəvi deyir ki, “Mən Emin Musəvi bu dəfə sizi Sumqayıt şəhərindən Göyərçin heykəlinin yanından salamlayram. Düz bir il əvvəl “Kristal Abşeron” şirkəti xüsusi memarlıq üslubunda hazırlanan, gördüyünüz “SahilPark” layihəsinin inşaasına başladı. Artıq tikinti bitmək üzrədir” və “Kristal Abşeron”un nümayəndəsi Şükür bəydən soruşur ki, ”Sizin lahiyənizin Sumqayıtdakı digər yaşayış komplekslərindən fərqləndirən əsas cəhətlər hansılardır?” O da cavab verir ki, ”gördüyünüz bu 7 mərtəbəli layihənin qarşısında Sumqayıt Bulvarı arxasında isə Heydər Əliyev parkı yerləşir” və s.
Məsələ orasındadır ki,neçə vaxtdır telekanallarda, sosial şəbəkələrdə, “Kristal Abşeron”un saytında gedən bu reklamda yanlışlıq var. Videonun 29-33 saniyələrində “gördüyünüz bu 7 mərtəbəli layihənin qarşısında Sumqayıt Bulvarı, arxasında isə Heydər Əliyev parkı yerləşir” deyərkən səhvə yol verilir. Həmin yerdə tikdikləri binaların arxasında Heydər Əliyev parkı yox, Nəsimi adına Mədəniyyət və İstirahət Parkı yerləşir. Nəsimi parkı da bulvarın əsas hissələrindən birini təşkil edir. Bunu elə öz videolarının yuxarıdan çəkilən görüntülərindən də görmək olar.
Heç olmasa “Kristal Abşeron” o boyda binaları harada tikdiyini bir dəqiq öyrənərdi, sonra reklam çarxı çəkərdi. Bir reklam çarxını dəqiq hazırlaya bilmirlərsə kim təminat verir ki, o binalarda keyfiyyət, başqa şeylər də reklamdakı kimi olmayacaq? Onlar çox güman Nəsimi parkı ilə, ərazidən bir neçə kilometr uzaqda, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev Parkını səhv salıblar, yaxud bilərəkdən yalan danışırlar… Düzdür, “Kristal Abşeron”un Sumqayıtın 6-cı mikrorayonunda da binaları var, amma onlar da Heydər Parkının arxasında deyil”.

“Kristal Abşeron” şirkətinin mətbuat sözçüsü Rəşad Qurbanova telefon açıb məsələ ilə bağlı mövqe öyrənmək istəsək də, cəhdimiz boşa çıxdı. Şirkət təmsilçisi müraciət müəllifinə qarşı istehzası, bizə qarşı isə hədəsi ilə yaddaşımızda qaldı: “Yazını dərc edin, cavabınızı da alarsız!”
Hər bir halda şirkətin mövqeyini dərc etməyə hazırıq.

"Kristal Abşeron" Heydər Əliyevin adından yalan reklamda istifadə edir?-