Kriminal avtoritet “Qaqaş” 12 il, dəstəsinin üzvləri isə 10 il cəza aldı -YARILAN BAĞ EVLƏRİ, 52 ZƏRƏRÇƏKMİŞ…backend

Kriminal avtoritet “Qaqaş” 12 il, dəstəsinin üzvləri isə 10 il cəza aldı -YARILAN BAĞ EVLƏRİ, 52 ZƏRƏRÇƏKMİŞ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal aləmdə “Qaqaş” ləqəbi ilə tanınan şəxs və onun dəstəsinin üzvləri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Qaqaş” ləqəbi ilə tanınan Valeh Əsədullayev və onun dəstəsinin üzvləri – Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, Valeh Əsədullayev 12 il, Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynov hərəsi 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bildirək ki, məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini tam təqsirli bilməyiblər. Bildiriblər ki, onlara qarşı irəli sürülən bəzi ittihamlar əsassızdır. Müttəhimlər istintaqda etirafedici ifadələrini isə təzyiq altında verdiklərini deyiblər.

İttihama görə, onlar Binəqədidə bağ evlərindən silsilə oğurluqlar ediblər.

Keçirilən əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri – paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.

Müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayev olub. O, adları çəkilən şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib. Saxlanılan şəxslərin Binəqədi və ərtaf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib. İş üzrə 52 nəfər zərərçəkən şəxs var.