Kreditlər niyə DONDURULMUR?.. Banklar nəyi gözləyir?backend

Kreditlər niyə DONDURULMUR?.. Banklar nəyi gözləyir?

Niyə onların heç biri təşəbbüs göstərib, irəli durmur? Bankları da xalqın bu ağır günlərində insafa, qayğıkeşliyə, vətənpərvərliyə ölkə rəhbəri dəvət etməlidirmi?

 

Dövlətimizin başçısı bütün dünyanı başına götürmüş gərgin epidemik vəziyyəti nəzərə alaraq, xalqımızın sosial çətinliklər qarşında qalmaması, böhranlı şəraitdən mümkün qədər rahatlıqla çıxa bilməsi üçün çox mühüm qərarlar qəbul edib, səmərəli tədbirlər gördüyü halda bank rəhbərləri niyə heç nə baş verməyibmiş kimi, onlara heç nəyin dəxli yoxmuş kimi müəmmalı şəkildə susub durur, bu ağır bəladan xalqımızın üzüağ, çox ziyan görmədən çıxması üçün öz töhfələrini vermək istəmirlər? 

 

Axı, kredit götürənlərin əksəriyyəti hal-hazırda işsizdir və onların ipoteka ödənişləri ən azı 400-500 manat və daha çoxdur ki, bunu ödəmək heç də asan deyil. İpoteka krediti götürmüş gənc ailə indiki imkansızlıq şəraitində bu qədər pulu hardan tapıb versin ki, ailəsi də ac-yalavac qalmasın?

Bu ağır günlərdə əhalinin öz kredit borclarını ödəmələri banklar üçün çoxmu vacibdir? Axı, onsuz da kredit götürülən gündən banklar bütün müştərilərin belinə çox ağır yük qoyublar. 23-29-dan az olmayan kredit faizlərinin azaldılması barədə (xarici ölkələrdə bu rəqəm 5-6 faizdən çox deyil) illərlə danışıqlar getsə də, həmin rəqəm aşağı salınmır ki, salınmır (bununla belə sadəlövh camaatı 14-15 faiz – “effektiv faiz” adı ilə “mədəni şəkildə” aldadıb, kreditə cəlb edir, əslində isə krediti elə 23-29 faizdən başlayaraq çıxırlar. Axı, sadə əmək adamı hardan bilsin ki, “effektiv faiz” nə olan şeydir, əvvəli 23-29-la başlanan, sonda 7-8 faizlə tamamlanan kredit faizinin orta – “effektiv” rəqəmidir).

Təxminən 15 gün əvvəl kredit ödənişlərinin müvəqqəti dondurulması ilə bağlı Milli Məclisdə məsələ qaldırıldı. Diqqətə çatdırıldı ki, indiki gərgin, böhran vəziyyətdə əhali öz kreditlərini ödəyə bilməyəcək, ona görə də bir əncam çəkilsin, ödənişlər heç olmasa iki aylığa dayandırılsın. Rusiyada bu məsələyə ölkə miqyasında baxılıb və kredit borcu olanlar üçün ödənişlər sentyabrın sonuna qədər dayandırılıb (onlar buna “каникул кредитов” deyirlər).

Yaxşı olar ki, bizdə də Beynəlxalq Bank, “Kapitalbank” və digər banklar da daxil olmaqla bütün banklar ölkə başçısının xüsusi göstərişini gözləmədən humanist bir təşəbbüs göstərərək, kredit ödənişlərinin heç olmasa 2-3 ay təxirə salınmasına qərar versinlər. Yəqin ki belə bir qərar bankların fəaliyyətinə, onların gəlirlərinə çox da ciddi təsir göstərməz. (Onsuz da onların gəlirləri digər imkanlı adamların və çox yüksək olan kredit faizlərinin  hesabına kifayət qədərdir). Ancaq işlərin dayandırıldığı indiki sıxıntılı, çətin dövrdə kredit ödənişlərinə məcburiyyətin davam etməsi sadə əmək adamlarını, onların ailələrini çox ağır sınaqlar, məhrumiyyətlər qarşısında qoya bilər.

Bankirlər, utanmayın, irəli durun! Axır ki, xalqa dayaq durmağın, sizin də xeyirxahlıq, mərdlik sınağından çıxmağınızın əsl vaxtı, əsl  zamanıdır! Utanmayın, ürəkli olun!

 

Rəhman ORXAN,
Əməkdar jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki