Kredit götürmək istəyənlərin nəzərinə -Bankların bu yalanlarına aldanmayın-MÜSAHİBƏbackend

Kredit götürmək istəyənlərin nəzərinə -Bankların bu yalanlarına aldanmayın-MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Problemli kreditlərin yaranmasında bankların yanlış strategiyası ilə yanaşı müştərinin maliyyə savadsızlığı da mühüm rol oynayır. Sözügedən məsələ ilə bağlı suallarımızı cavablandıran bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun TİA.az-a verdiyi müsahibəni təqdim edirik:

– Əkrəm müəllim, bu gün istehlak kredi götürmək istəyən vətəndaşın sərfəli krediti təyin etmək üçün əsas götürə biləcəyi hər hansı bir kriteriya varmı?

– Bu məsələdə konkret bir rəqəm yaxud da yanaşma mövcud deyil. Əgər vətəndaş uyğun şərtlərlə kredit götürmək istəyirsə, çox araşdırmalıdır. Belə desək bankları bir-bir gəzməlidir. Bu nə dərəcədə realdır deyə bilmərik, ancaq ən effektiv vasitə budur. Çünki bu suala konkret bir cavab yoxdur, cavabı vətəndaş özü tapa bilər. Tutaq ki, şəxs eşidir ki, qonşusu A bankından üç il müddətinə 20 %-lə kredit götürüb. Bugünkü Azərbaycan reallığı üçün 20 % aşağı faizdir. Əgər şəxs qonşusu kimi aşağı faizlə kredit götürmək istəyirsə, bu zaman mövcud şərtləri də nəzərə almalıdır. Ola bilər ki, vətəndaş həmin banka müraciət edər, ancaq bank həmin şərtlərlə ona kredit verməz. Çünki bu proses ikitərəflidir. Əgər müraciət edənin maddi durumu qənaətbəxş deyilsə, faiz dərəcəsi və müddət dəyişə bilər. Bu, bank sisteminin dəyişməyən qanunudur.

– Bəzən bankların sadə şərtlərlə kredit təklif etdiyini görürük. Bu təkliflər ilk baxışdan yaxşı təşəbbüs kimi görünsə də bəzi problemləri də aktuallaşdırır. Sizcə, sadə şərtlər problemli kreditlərin yaranmasına səbəb olurmu?

– Düzü, sadə şərtlərlə kredit təklif edən banklar bir çox hallarda bundan şirnikləndirici vasitə kimi istifadə edirlər. Məsələn, bank reklamında qeyd edir ki, 15%-lə kredit verirəm, ancaq gedəndə məlum olur ki, sən demə 15%-dən başlayır. Burda artıq psixoloji məqamlar meydana çıxır. Vətəndaş bir çox hallarda düşünür ki, artıq gəlmişəm, evdəkilər məndən pul gözləyir və s. Əksərən bu kimi hiylələr kreditin götürülməsi ilə nəticələnir. Bir sözlə, sadə şərtlər göründüyü qədər sadə deyil.

-Belə çıxır ki, bank müştərini aldadır. Bu kimi halları tənzimləyən bir mexanizm yoxdurmu?

– Reklam haqqında qanuna görə bank şərtlərini dəqiq və dolgun qeyd etməlidir. Müştərini aldatmamalıdır. Bu məsələyə həm Mərkəzi Bank, həm də İqtisadiyyat Nazirliyi yanında antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət xidməti nəzarət etməlidir.

– Təəssüf ki, bu gün banklar müştəriləri təkcə yalançı reklamlarla yox, həm də yalançı “uğurlar”la aldadır. Məsələn, 2021-ci ilin birinci rübü üçün bankların mənfəət və zərər siyahısında bankın zərərlə işlədiyi yazılır, ancaq sözügedən bank öz hesabatında nəinki zərərin adını çəkir hətta mənfəətdən danışır. Bu barədə nə deyə bilərsiniz?

– Əgər yadınızdadırsa, keçən ilin bu vaxtları ölkədə dörd bank bağlandı. Həmin dörd bankdan biri “Atabank” idi. Halbuki ötən ilin əvvəlində “Atabank”ın dərc olunan hesabatında yazılırdı ki, bank mənfəətlə işləyir. Təəssüflər olsun ki, bir çox banklar bu gün də bu yolu gedərək saxta göstəricilərlə insanları aldadır. Bu, çox ciddi məsələdir.

Aytac Sahəd

TİA.AZ