KORRUPSİYAYA QARŞI MÜBARİZƏ: QANUNVERİCİLİK VƏ İCRA MEXANİZMİbackend

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ: QANUNVERİCİLİK VƏ İCRA MEXANİZMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Korrupsiya həyat və yaşayış vasitələrinə təsir göstərir. Hökumətlərə və vətəndaşlara inamı azaldır. Bu, bərabərsizliyi pisləşdirir və yoxsulluğu artırır. O, investisiyaların qarşısını alır və iqtisadi artıma mane olur və davamlı inkişafa fəal şəkildə mane olur. Cəmiyyət ya korrupsiyaya qarşı mübarizə aparır, ya da onilliklər ərzində onun qurbanı olurlar.

Korrupsiya kasıblara və ən həssas təbəqələrə qeyri-mütənasib şəkildə təsir etsə də, heç birimiz bundan immun deyilik. Həm insanlar, həm də planet üçün daha yaxşı gələcək yaratmaq üçün biz korrupsiya ilə mübarizədə birgə işləməliyik

Başqa ölkələrdə olduğu kimi Azərbaycanda da korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi tədbirlər görülməkdədir. Bu sahədə iki dövlət qurumu ixtisaslaşıb: Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (bundan sonra Komissiya) və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsidir (bundan sonra Korrupsiyaya qarşı mübarizə İdarəsi). Hər iki dövlət qurumunun formalaşdırılmasında əsas məqsəd korrupsiyaya qarşı mübarizənin institusionallaşdırılması və səmərəli qurulmasıdır.

Ölkəmizdə korrupsiyaya qarşı həm qanunvericilik sferasında, həm də institusional səviyyədə mübarizə aparılır. Bu istiqamətdə ixtisaslaşmış dövlət qurumlarının işini xüsusilə qeyd etmək lazımdır. Korrupsiyaya qarşı mübarizə qurumlarının fəaliyyəti və qərar qəbul etmə prosesi barədə məlumatların alınması qanunvericiliklə kifayət qədər tənizmlənir, lakin bir sıra çatışmazlıqlar qalır. Ümumiyyətlə, dövlət qurumlarının fəaliyyətinin şəffaflığını tənzimləyən qanunvericilik kifayət qədər güclü hesab olunur. “İnformasiya əldə edilməsi haqqında qanun”a əsasən, korrupsiyaya qarşı mübarizə istiqamətində çalışan qurumlar da daxil olmaqla, bütün dövlət qurumları qanunla qadağan olunan digər hallar istisana olmaqla, öz fəaliyyətləri barədə məlumatları açıqlamalı və şəffaflığı təmin etməlidir. Amma Komissiyanın faəliyyətini tənzimləyən Əsasnaməsində fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı aydın öhdəliklər nəzərdə tutulmayıb. Bununla belə, Komissiya illik hesabatlar hazırlayıb, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Məclis və Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Bütün dövlət qurumları korrupsiya ilə mübarizə istiqamətində həyata keçirdikləri fəaliyyət ilə bağlı sentyabr ayına qədər Komissiyaya məlumat verməlidirlər. Komissiya bütün dövlət qurumlarından məlumatları toplayır və növbəti ilin Fevral ayına qədər hesabatı hazırlayır amma bununla belə dövlət qurumlarının vahid hesabat formaları mövcud deyil. Komissiya ictimaiyyət arasında sorğular keçirmək, müzakirələr aparmaq və digər bu kimi tədbirlər təşkil etməklə bağlı məsuliyyət daşıyır. Komissiyanın eyni zamanda fəaliyyət planlarının yekunlarına dair hesabat hazırlamaqla bağlı da öhdəliyi var.

Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı əsas icraedici orqan olduğundan qurumdan ildə iki dəfə hesabatın hazırlanması və bu istiqamətdə görülən işlər, hazırlanan ittihamnamələr, verilən cəzalar və xəbərdarlıqlarla bağlı məlumatları ictimaiyyətə açıqlamalıdır. Eyni vaxtda, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsindən dövlət qurumları arasında korrupsiyanın vəziyyəti və korrupsiyanın mövcud olduğu əsas sahələr barədə məlumatların verilməsi tələb olunur.

Komissiya isə öz fəaliyyəti ilə bağlı bəzi məlumatları veb səhifəsində yerləşdirir. Qurumun veb səhifəsində qanunvericilik, fəaliyyət planları və bəzi xəbərlər yerləşdirilsə də son yenilənmiş hesabatlar, təhlillər, fəaliyyət planının yerinə yetirilməsi vəziyyəti ilə bağlı məlumatlar da daxil olmaqla bəzi vacib informasiyalar saytda yer almır. Bəzi hallarda məlumatlara müvafiq başlıqlar qoyulsa da, mətn hissəsi boş olur. Komissiya hesabatları ictimaiyyətə açıqlamalı olsa da bu baş vermir və bir çox hallarda hesabatlar daxili sənədlər kimi saxlanılır və vətəndaş cəmiyyəti ilə bölüşülmür. Vətəndaş cəmiyyəti üzvləri və media tərəfindən dəfələrlə müraciət olunmasına bamayaraq, Komissiya tərəfindən əldə olunan nəticələr və fəaliyyət planının icra vəziyyəti ilə bağlı məlumatların yayımlanmaması vətəndaş cəmiyyəti arasında ciddi narahatçılıq doğurur.

Bütün dövlət qurumlarının ümumi problemidir ki, veb səhifəyə qoyulan sənədlərin dili çox texniki olur və siravi vətəndaşlar tərəfindən çətin anlaşılır.

Komissiya veb səhifəsində dövlət qurumlarında korrupsiyanın yayılma səviyyəsini öyrənmək məqsədilə onlayn sorğu keçirsə də, sorğunun nəticələri ilə bağlı ictimaiyyətə məlumat verilmir. Eyni zamanda Komissiya tərəfindən Şəffaflığın Artırılması və Korrupsiya ilə mübarizəyə dair strategiyanın inkişaf etdirilməsi məqsədilə, korruspiya ilə bağlı müxtəlif tendensiyaları özündə əks etdirən tədqiqatlardan istifadə edir. Bundan başqa vətəndaş cəmiyyəti üzvlərinin də fikirləri nəzərə alınır. Həmçinin Milli Fəaliyyət Planının əsas istiqamətlərinin müəyyənləşdirilməsində istinad olunan tədqiqat ilə bağlı nəticələr də açıqlanmamışdır.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ayrıca veb səhifəsi mövcud olmasa da, qurum tərəfindən mütəmadi olaraq mətbuat konfransları təşkil olunur ki, burada yarım illik və illik hesabatlar ictimaiyyətə təqdim olunur, korrupsiya ilə əlaqədar istintaqı aparılan və məhkəmədə baxılan işlər barədə ictimaiyyətə və mediaya məlumat verilir. Bu tədbirlərdə daha çox korrupsiyaya dair qanun pozuntularının əhatə dairəsi, vətəndaşların korrupsiyaya dair qavramaları, korrupsiya əməllərinin hüquq mühafizə orqanları tərəfindən aşkarlanması ilə bağlı bacarıqları və cinayət axtarış fəaliyyətində əldə edilən uğurları və digər fəaliyyətlər haqqında məlumat verilir.

2011-ci il 3 mart tarixində Baş Prokurorluq tərəfindən korrupsiyaya dair məlumat vermənin asanlaşdırılması məqsədilə 161 nömrəli qaynar xətt təsis edilib. Pulsuz, eyni zamanda asan istifadə olunan qaynar xəttə vətəndaşlar birbaşa olaraq zəng edərək şikayətlərini birdirə bilərlər. Bu qaynar xəttin təsisi ictimaiyyət tərəfindən göndərilən şikayətlərin sayının artmasına köməklik göstərib.

Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi yeni administrativ binasında vətəndaşların istifadəsi üçün müasir və rahat təsisatlar qurmuş və bu təsisatlar elektronik köşklərlə təchiz edilmişdir. Köşklərin məqsədi informasiyaya çatımlılığı sürətləndirmək, departamentin işçi heyəti ilə telefon əlaqəsi yaratmaq, elektron xidmətlərdən istifadə etmək və sairədir. Korrupsiyaya qarşı mübarizə İdarəsinin həmçinin vətəndaşlardan şikayətləri daha səmərəli şəkildə qəbul etmək üçün qaynar xətdən istifadə edir.

Komissiyanın hesabatlılığının təmin olunması ilə bağlı bir sıra qaydalar qəbul olunub. Komissiya öz fəaliyyətini qanunverici, icra və məhkəmə hakimiyyəti ilə birgə əməkdaşlıq şəklində qurur və dövlət korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyət ilə bağlı həmin qurumları məlumatlandırır. Yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə Komissiyanın öz fəaliyyəti barədə ictimaiyyətə məlumat verib-verməməsi ilə bağlı aydın göstərişlər mövcud deyil. Bununla belə, Komissiya illik hesabatları hazırlayır və ölkə prezidentinə, parlamentə və konstitusiya məhkəməsinə bununla bağlı məlumat verir. Komissiyanın əsasnaməsində, qurumun fəaliyyətində hesabatlılığının və dayanıqlılığının qiymətləndirilə bilməsi üçün konkret indikatorlar mövcud deyil. Məhz bu cür indikatorların olmaması Komissiyanın hesabatlılığını və hazırlanan hesabatların keyfiyyətini qiymətləndirməyə imkan vermir. Bundan başqa, Komissiyanın fəaliyyəti ilə bağlı da şikayətlərin verilməsi üçün aydın qaydalar mövcud deyil, lakin ümumi qaydalara görə hər bir vətəndaş məhkəməyə müraciət edə bilər. Korrupsiyaya qarşı mübarizə İdarəsinin Əsasnaməsinin 14-cü maddəsində göstərilir ki, qurum illik hesbatlarını hazırlamalı və Azərbaycan Respublikası Prezidentinə və Korrupsiyaya Qarşı Mübarizə üzrə komisiyaya təqdim etməlidir. Qanunla, korrupsiya faktları barədə məlumat verən dövlət qulluqçularının və özəl sahədə çalışan şəxslərin qorunması təmin olunmur. Yalnız cinayət prosesində iştirak edən şəxslərin dövlət mühafizəsi haqqında qanununa istinadən şahidlərin mühafizəsi təmin edilir ki, bu da olduqca ümumi yanaşmadır. Həm də qeyd etmək lazımdır ki, bu yalnız istintaq fəaliyyəti dövründə tətbiq olunur.

Təcrübədə, Komissiya illik hesabatlarını hazırlayır və bunu Prezidentə, Parlamentə və Konstitutsiya məhkəməsinə təqdim edir. Komissiya fəaliyyəti ilə bağlı illik hesabatlarını mütəmadi olaraq öz veb səhifəsində yerləşdirməsə də, görülən fəaliyyət ilə bağlı ümumi icmallar və müxtəlif proqramların icrası ilə bağlı qurumun veb səhifəsində məlumatlar yerləşdirilir və bu məlumatlar mediada yayılır. Komissiyanın əsasnaməsində vətəndaşlar tərəfindən müraciətlərin cavablandırılması ilə bağlı öhdəlik olmasa da, ictimaiyyət arasında ayrı-ayrı Nazirliklər və dövlət qurumlarından daha çox komissiyaya inam var. İctimaiyyət və qeyri hökumət təşkilatları tərəfindən Komissiyaya göndərilən sorğuların, şikayətlərin, arayışların və digər müraciətlərin sayı bu fikri təsdiqləyir.

Komissiya, Nazirlər Kabineti ilə birgə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın icrasının monitorinqinə məsuliyyət daşıyan iki qurumdan biridir. Komissiya hüquq-mühafizə və digər dövlət qurumlarından topladığı məlumatların analizini aparır və ildə iki dəfə Prezidentə bununla bağlı hesabat təqdim edir. Bu hesabatlar mediada dərc olunur və ictimaiyyət üçün açıqdır. Komissiya Strategiyanın icrasının uğurlu olub olmaması ilə bağlı yekun qərarı verir. Strategiyanın icrasının qiymətləndirilməsi məqsədilə Dünya Bankının indikatorlarından istifadə olunacağı qeyd olunsa da, bununla bağlı ətraflı məlumat verilmir.

Təcrübədə kənar vətəndaş nəzarəti mövcud deyil. Amma bəzən fərdi qaydada və ya təşkilatlar vasitəsilə spesifik məsələlər üzrə müəyyən işlər aparıb, nəticələr əldə etmək mümkündür. QHT-lər Komissiyada təmsil olunmadıqlarından vətəndaş cəmiyyəti öz təkliflərini yalnız Komissiyanın yanında fəaliyyət göstərən qanunvericilik məsələləri üzrə işçi qrupu vasitəsi ilə quruma çatdıra bilir. Bu işçi qrupunun isə strategiyanın monitorinqində heç bir rolu yoxdur. Rəylərin çatdırılması üçün digər bir vasitə, qərar vermə gücünə malik olmasa da, Korrupsiyaya Qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsidir. “Şəffaflıq Azərbaycan” təşkilatının təşəbbüsü ilə yeni təsis edilmiş “QHT-lərin Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platforması” hökumətin Korrupsiyaya qarşı mübarizə və Açıq Hökumətin təşviqinə dair fəaliyyət planlarında üzərinə götürdüyü öhdəliklərin icrasının monitorinqini həyata keçirməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, fəaliyyət planlarının icrasına nəzarəti məhz Komissiya həyata keçirir. Demək olar ki, Komissiyanın fəaliyyətinə ümumi nəzarəti həyata keçirən qurum mövcud deyil. Yalnız Platforma və Əməkdaşlıq Şəbəkəsi bu prosesdə iştirak edir ki, onun da rolu yalnız monitorinq fəaliyyəti ilə kifayətlənir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti Komissiyanın fəaliyyətinə nəzarətdə fəal rol oynaya və onun işində birbaşa iştirak edə bilməlidir.

Korrupsiyaya qarşı mübarizə qurumlarının etik davranış qaydalarını tənzimləyən hüquqi mexanizmlər kifayət qədər ətraflı və təkmildir, lakin bir sıra aydınlaşdırmalara ehtiyac var. Bu sahəni tənzimləyən iki əsas qanun mövcuddur. Bunlardan biri Dövlət Qulluğu haqqında qanun, digəri isə Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında qanundur. Bundan başqa bir çox dövlət qurumları ayrıca olaraq öz davranış qaydalarını hazırlayıblar. Komissiyanın ayrıca “Etik Davranış Kodeksi” mövcud deyil.

Komissiyanın katibliyinin əməkdaşları dövlət qulluqçuları hesab edildiyindən bununla bağlı məsələlər dövlət qulluqçularının etika davranış kodeksi ilə tənzimlənir. Korrupsiyaya qarşı mübarizə idarəsinin üzvləri isə fərqli dövlət qurumlarının təmsilçiləri olduğundan onlarla bağlı məsələlər, təmsil etdikləri dövlət qurumlarının etik davranış kodeksləri əsasında aparılır. İdarədə bu məsələlər Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi ilə tənzimlənir. Kodeksdə qeyd olunur ki, hər bir prokurorluq işçisi «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlarla və bu Kodekslə müəyyənləşdirilən davranış qaydalarına riayət etməlidir.

İşə qəbuldan öncə bütün dövlət qulluqçuları xidmət andını imzalamadırlar. Dövlət Qulluğu haqqında qanun və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun işə qəbul zamanı uyğunsuzluğun baş verməsinə, ailə üzvlərinin dövlət qulluqçusunun rəhbəri olmasına, kənardan işçi qəbuluna, vəzifə səlahiyyətlərinin icrası zamanı siyasi fəaliyyət ilə məşğul olmağa imkan vermir. Qanunlar eyni zamanda, vəzifəni başa vurduqdan sonra fəaliyyət məhdudiyyələri barədə öhdəliklər müəyyənləşdırır, maraqların toqquşması, hədiyyə alma və qonaqpərvərlik ilə bağlı məsələləri tənzimləyir.

Dövlət Qulluqçularının Etik Davranış Qaydaları Haqqında Qanun 2007-ci ildə qəbul olunub, lakin bu sahəni daha ətraflı tənzimləyəcək olan “Maraqların toqquşması haqqında qanun”, dövlətin beynəlxalq öhdəliklərindən biri olmasına baxmayaraq uzun illərdir Milli Məclisin birinci oxunuşundan sonra qəbul olunmayaraq qalır.

Qanuna görə inzibati və köməkçi vəzifələrdə çalışan dövlət qulluqçuları beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçməlidirlər. Attestasiyalar zamanı dövlət qulluqçularının etik keyfiyyətləri də qiymətləndirilməlidir. Lakin xidməti fəaliyyətin qiymətləndirilməsinin qərəzsiz həyata keçirilməsi prosedurları yeni qəbul olunmuş qaydalarla müəyyən edilmişdir.

Etik Kodeskin ən əsas qayəsi dövlət qurumunda korrupsiyanın qarşısını almaq və dövlət qulluqçularının fəaliyyəti zamanı maraqların toqquşmasına imkan verməməkdir. Maraqların toqquşması yuxarıda göstərilən qanunda tam tənzimlənmir və daha əhatəli hələ də qəbul olunmayan Maraqların Toqquşması haqqında qanun layihəsində öz əksini tapır.

Qanunvericiliyə əsasən, xeyli sayda dövlət rəsmiləri öz əmlakları barədə məlumatları mütəmadi olaraq verməlidirlər. Ancaq, təcrübədə bunu həyata keçirmək üçün lazım olan deklorasiya forması mövcud olmadığından, məlumatlar verilmir. Qanunla hökumət rəsmilərindən maliyyə deklorasiyalarını toplamaq məsuliyyəti Korrupsiyaya qarşı mübarizə komissiyasının üzərinə düşür, lakin bununla bağlı aydın mexanizmlər mövcud deyil və maliyyə deklorasiyası formasınının nümunəsi daha əvvəldən təqdim olunsa da, sənədi hazırlamalı olan Nazirlər Kabineti uzun illərdir ki, bunu etmir.

“Korrupsiyaya qarşı mübazirə haqqında qanun”da vəzifəli şəxslərin hədiyyə almasının qadağan edilməsi barədə maddənin təcrübədə həyata keçirilməsi çox çətindir. Qanunda qeyd olunur ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi məbləği əlli beş manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir.

Hətta qanunda hədiyyə ilə korrupsiya hesab edilən hədiyyənin aydın fərqləndirilmiş olsa belə, Korrupsiyaya qarşı mübarizə haqqında qanunda hədiyyələrin yoxlanılması və bu hədiyyələrin müsadirəsi ilə bağlı aydın mexanizmlər mövcud deyil.

Əməkdaşlar mütəmadi qaydada dürüstlük ilə bağlı təlimlərə cəlb edilmirlər. Fərqli təşkilatlardan olan vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə bəzi seminarlar keçirilib, lakin həm Komissiya, həm də İdarə əməkdaşlarının dürüstlüklə bağlı təlimlərə cəlb edilməsi ilə bağlı tam məlumat mövcud deyil.

 

Ədəbiyyat siyahısı.

Qədirov A. Korrupsiya: anlayışı, mahiyyəti və problemləri. http://strategiya.az

Səməndərov Y.F. Mütəşəkkil cinayətkarlıq və onunla mübarizə haqında (ön söz əvəzi) // Qəniyev Ç.A. Mütəşəkkil cinayətkarlığın bəzi məsələləri. Bakı 1997. 218 səh.

Мари Мендрас. Обогащение и клиентско-патронажные отношения в России//Конституционное право: Восточноевропейский обзор, № 1(22), 1998, с. 122

Mеждународный опыт борьбы с коррупцией. www.gugenplan.spb.ru

Севдималиев Р. М. Международый терроризм и политико правовые проблемы борьбы с ним. Баку, 2011, 504 səh

Флетчер Дж., Наумов А.В. Основные концепции современного уголовного права. М. Юрист, 1998. 512 с.

Bertrand de Speville, “Reversing the Onus of Proof: Is It Compatible with Respect for Human Rights”: http://www.transparency.org

Best Practice, Best Person: Inteqrity in Public Sector Recruitment and Selection on the Commissions Website, www.icac.nsw.gov.au

Cash for Peerages, http://everything2.com/title/Cash+for+Peerages

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi “Ali məktəb tələbələri arasında antikorrupsiya mədəniyyətinin formalaşdırmasına media məlumatlarının təsirinin öyrənilməsi və tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.