Koronavirusun sonu, yoxsa üçüncü dalğası gəlir?backend

Koronavirusun sonu, yoxsa üçüncü dalğası gəlir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa qarşı bir neçə şirkətin hazırladığı vaksinasiya prosesi sürətlə davam etdirilir. Lakin bir yandan da COVİD-19-un yeni ştamları yayılır. Artıq bir ildən çoxdur ki, dünya koronavirus həyəcanını yaşayır. Bəs bu proses nə zaman bitəcək?

Əvvəlcə onu bildirək ki, biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 110 milyon 114 min 175 nəfər, bu virusdan ölənlər isə 2 milyon 431 min 597 nəfərdir. İndiyə qədər 84 milyon 934 min 984 nəfər koronavirusa qarşı müalicə alaraq, bu xəstəlikdən sağalıb.

Son günlərin statistikası nə deyir?

Son günlərdə qeydə alınan statistika deməyə əsas verir ki, koronavirusa yoluxanların sayında azalma var. Bu barədə ÜST rəsmisi də öz çıxışında məlumat verib.

Ötən gün koronavirusa dünyada cəmi 342 min 508 nəfər yoluxub, ölüm sayı isə 9 min 833 nəfərdir.

Müqayisə üçün bildirək ki, ötən ilin sonu, bu ilin ilk ayında dünyada bir gündə koronavirusa yoluxanların sayı 700 min nəfərdən yuxarı olurdu. Eləcə də qeyd etdiyimiz aralıqda dünyada hər gün koronavirusdan ölənlər 15 min nəfərin üstündə idi. Yəni statistikada enmə xəttini açıq şəkildə görmək mümkündür.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, yeni ştamm məsələsi var və ekspertlər hesab edirlər ki, koronavirusa yoluxma sürətlənə bilər. Buna görə də vaksinasiya prosesi də paralel şəkildə daha da sürətli formada aparılmalıdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla  bildirib ki, yeni ştammın yoluxuculuq qabiliyyəti daha yüksəkdir: “COVID-19-un bir çox ştamları var. Britaniya ştammı yeni bir ştammdır və onun yoluxuculuq qabiliyyəti yüksəkdir. Bu baxımdan yeni pandemiyadan deyil, yeni dalğadan söhbət gedə bilər. Britaniya ştammı sürətlə yayılsa, vaksinasiya aktiv aparılmasa, əlbəttə, üçüncü dalğanı gözləyə bilərik. Ona görə də dünya ökələri tələsməli, vaksinasiya əleyhinə aparılan təbliğatın qarşısı bütün vasitələrlə alınmalıdır. İnsanlar maariflənməlidirlər. Təəssüflər olsun ki, bizdə bu işlər çox aşağıdır. İnsanlar vaksinasiyaya həvəslə getməlidirlər. Çünki xəstəlikdən qorunmaq üçün bundan optimal yol yoxdur. Pandemiyanın yeni dalğası məhz bu mübarizə vasitələrinin adekvat olmamasından qaynaqlana bilər”.

Həm Azərbaycanda, həm də dünyada ekspertlər koronavirus pandemiyasının nə zaman bitəcəyini söyləməkdə çətinlik çəkirlər. Lakin hesab edilir ki, bu ilin ortalarına qədər virusa yoluxanların sayı kəskin azala, insanlarda immunitet formalaşa və pandemiyanın sonu gələ bilər. Təbii ki, bütün bu proqnozların da həqiqiliyini zaman göstərəcək. İndiyə qədər bu pandemiya ilə bağlı verilən proqnozların çox hissəsi özünü doğrultmayıb…

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç da COVID-19 pandemiyasının nə zaman bitəcəyi barədə suala cavab verməkdə çətinlik çəkib.

“Bir neçə amil olacaq. Bunlardan biri dünyanın bütün regionlarında xəstələnənlərin sayının eyni zamanda epidemioloji həddən aşağı düşməsidir”.

O hesab edir ki, səhiyyə sisteminin yükü azalarsa, pandemiyanın da sonu gələ bilər. Bunun nə zaman baş verəcəyini isə Vuynoviç söyləyə bilməyib. Vuynoviç “Rossiya-1″in efirində deyib ki, üçüncü dalğanın olacağını istisna etmir: ”İkinci dalğa. Bəli, indi bütün dünya üzrə onun səngiməsi müşahidə olunur. Ancaq hələ ki kifayət qədər kollektiv immunitet formalaşmayıb. Əgər ehtiyatlı olmasaq, koronavirus pandemiyasının üçüncü dalğasını da görəcəyik”.

Sonda onu da qeyd edək ki, fevralın 17-də Azərbaycanda koronavirus infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.