Koronaviruslu xəstələri müalicə edən fədəkar xanım həkim: ”Xəstələri qoyub gedə bilməzdim”backend

Koronaviruslu xəstələri müalicə edən fədəkar xanım həkim: ”Xəstələri qoyub gedə bilməzdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlərdir.

Bu gün həkimlər koronavirusa qarşı mübarizədə ön sıradadırlar. Məhz “gözəgörünməz qəhrəmanlar” adlandırılan fədəkar həkimlərin səyi nəticəsində minlərlə koronavirusa yoluxan xəstələr sağalaraq normal həyata qayıdırlar.

Fədəkar ağ xalatlı qəhrəmanların biri ilə-Sumqayıt şəhər 3 saylı poliklinikasının şöbə müdiri, həkim-terapevt Solmaz Quliyeva ilə müsahibəmi təqdim edirəm.

Əvvəlcə qısa arayış:

Quliyeva Solmaz Telman qızı 1969-cu ildə Qazaxda anadan olub, uşaq vaxtından Sumqayıtda yaşayıb.1987-ci ildə ATİ-nin müalicə-profilaktika fakültəsinə daxil olub, 1993-cü ildə həmin universiteti bitirib.

1994-cü ildən Sumqayıt şəhər 3 saylı poliklinikasında sahə həkimi vəzifəsində işləməyə başlayıb, 26 ildir həkim işləyir.

4 ildir poliklinikada 4-cü terapiya şöbəsinin müdiri vəzifəsində çalışır. Ailəlidir, həyat yoldaşı və 2 oğlu var. Böyük oğlu BMU-nun 2-ci kurs tələbəsidir. Kiçik oğlu abituriyentdir. Öz prinsipial mövqeyi ilə fərqlənən və öz sevimli işinə çox məsuliyyətlə yanaşan Solmaz xanım həm də poliknikanın Həmkarlar Komitəsinin sədridir. Hal-hazırda Solmaz xanım pandemiya xəstəxanasına çevrilən, işlədiyi poliknikanın yanındakı Sumqayıt şəhər 1 saylı xəstəxanada koronavirus xəstələrini müalicə edir.

– Solmaz xanım nə zamandan COVID-19 xəstələrinin müalicəsi prosesinə qoşulmusunuz? Bildiyimə görə könüllü qoşulmusunuz koronavirusla mübarizəyə.

– İyun ayında baş həkimimiz mənə bildirdi ki, ”COVID-19-la mübarizədə bizdən həkimlər 1 saylı xəstəxanaya ezam olunacaq, 2 nəfər həkimin adını ver”. Mən də fikirləşmədən dedim ki, biri elə mən gedirəm.

Mən öz müəissəmizdə şöbə müdiriyəm. Məni göndərmək əslində planda yox idi. Amma fikirləşdim ki, döyüşə öndə komandir getməlidir. İyunun 10-dan 15 günlük pandemiya xəstəxanasına göndərildim. Mənim bu addımımdan sonra şöbəmdəki bütün həkim və tibb bacıları arxamca könüllü gəldi. Bu şöbədə göndərişlə göndərilmə qeydə alınmayıb.

15 gün tamam oldu, geri qayıtmaq vaxtı idi, lakin mən xəstələri qoyub geri dönə bilmədim. Baş həkim dəfələrlə geri qayıtmağımı istəsə də “COVID-in kökü kəsilməyənədək geri dönən deyiləm” cavabını verdim. Həm də yoluxucu şöbədə müdirimiz mənə dedi ki, “doktor getməyin, sizə ehtiyacımız var”.

Təbii ki, mən geri dönə bilməzdim. Bu gün də pandemiya ilə mübarizədəyəm.

– Solmaz xanım pandemiya ilə mübarizəyə qoşulan bir həkim kimi COVID-19-dan müalicə alan xəstələrlə hər gün təmasdasınız. Əfsuslar olsun ki, indiyədək həkimlər arasında COVID-19-a yoluxanlar çoxdur, ölənlər də az deyil. Hər gün həyatınızı risqə atmaq bir insan kimi sizi çəkindirmir ki?

– Koronavirus xəstələri ilə işləyəndə yoluxacağam deyə qorxmamalısan. Döyüşə əsgərlər, bizim halda həkimlər gedir. Bu da bioloji müharibədir. Həkimlər öndə olmalıdır. Biz də millətimizə, vətənimizə borcumuzu verməliyik.

– COVİD-19-un mövcudluğuna inanmayanlara nə deyərdiniz?

– Bu virusun mövcudluğuna inanmayan çox insan indi xəstəxanada müalicə alır. Onlar vaxtında gigiyena və karantin qaydalarına riayət etsəydilər xəstəlik bu qədər kütləvi hal almazdı.

– Neçə saat kamuflyajda, eynəkdə, maskada və rezin əlcəklərdə olmaq, ailənizdən uzaqlıq, psixoloji çətinliklər… Həyat tərziniz pandemiya dövründə əlbət çox dəyişib? Nə qədər ağırdır?

– Əlbəttə ağırdır. Hər gün 8 saat xüsusi geyimdə çalışırıq. Bədənimizdən su tökülür. Ailəmizdən uzaqda qalırıq. Həyat tərzimiz təbii ki, tamam dəyişib. Amma bütün bu çətinliklərə, mərhumiyyətlərə baxmayaraq bu bəlanın kökünü kəsməkçün dözürük.

– Gündəlik iş rejiminizi öyrənmək maraqlı olardı…

– Dediyim kimi hər gün 8 saat demək olaraq istirahətsiz çalışırıq. Hər gün 8:00-dan 16:00-can 1 saylı xəstəxananın 2-ci yoluxucu şöbəsində işləyirəm. İşə gələn kimi gecə növbəsindən məlumat alırıq ki, gecə xəstələrin vəziyyəti necə olub. Sonra bir-bir palataları gəzib xəstələrin vəziyyəti ilə tanış oluruq, şikayətlərini dinləyirik.Tibb bacıları xəstələrə günlük qəbul ediləcək həbləri paylamağa başlayır. Səhər yeməyini xəstələr yeyib qurtaran kimi sistemlər, iynələr vurulmağa başlanır. Bu qayda ilə…

– Xəstəxananızda müalicə alan xəstələr əsasən hansı şəraitdə yoluxurlar?

– Müxtəlif şəraitdə. Mən artıq bir ay yarımdır ki, bu işlə məşğul oluram. Daxil olan xəstələrdən harda yoluxmaları haqda soruşuram və çox vaxt cavab o olur ki, yasdan, dəfndən sonra özünü pis hiss etməyə başlayıb. Ələlxüsus da qadınlar. Yoluxmalara daha çox insanların kütləvi şəkildə toplaşması səbəb olur.

Operativ Qərargah bu cür tədbirləri, kütləvi toplaşmağı qadağan etsə də bəziləri bu qaydalara riayət etmir və xəstəliyə yoluxur.

Beləcə onlar təmasda olduqlarını, ətrafdakıları da yoluxdurur. Oğlum tez-tez tələbə yoldaşları ilə görüşürdü, mən ona bunu qadağan etdim, çünki bu təhlükəlidir. Valideyinlər övladlarına yoluxmamaq üçün müəyyən qadağalar qoymalıdırlar. Böyüklər özləri də başa düşməlidir ki, əgər deyilirsə ki, kütləvi bir yerdə yığışmaq olmaz, demək bu onların özləri üçün təhlükəlidir.

Bundan başqa yay fəslidir, istiyə dözmək çətindir. Bir çox xəstələr deyir ki, məsələn, çimdim getdim yatdım qaldım kondisionerin altında, səhər ayıldım ki, artıq halım yoxdur. Və ya soruşursan nədən xəstələnmisən, deyirlər soyuq su içdim və ya dondurma yedim boğazım ağrıdı.Yəni əslində bu “bəhanədir”. Artıq bədən zəifləyir və virusa yoluxmağa tam “hazır” olur və bir “səhv hərəkət” gözləyir ki, COVİD-ə yoluxsun.

Ümumiyyətlə COVİD əsasən gözün selikli qişasından burun və ağız vasitəsi ilə keçir. Xəstə öskürdüyü zaman xəstənin ağzından çıxan selik digər adamın üzərinə keçir, bununla da virusun ötürülməsi prosesi baş verir. Və yaxud virusa yoluxmuş insan öskürən zaman əli ilə ağzını tutur, sonra hər hansısa bir yerdən tutur. Sağlam adam da həmin o yerdən tutduqda virusa yoluxur. Buna görə də mütləq maska taxılmalı və gigeyina qaydalarına mütləq şəkildə əməl olunmalıdır. Mən insanlara müraciət edərək demək istəyirəm ki, hərarətiniz olduqda evdə qalıb bunu gizlətməyin, həkimə müraciət edin. Vaxtında həkimə müraciət etdikdə xəstəlik yüngül keçir.

– Tibb müəssisənizə gündə neçə pasiyent daxil olur? Ümumiyyətlə rəsmi rəqəmlərdə yoluxanların azalması, sağalan xəstələrin  çoxalması göstərilir.

– Elədir. Əvvəl yoluxanların sayı çox idi. Məsələn, ilk dövrlərdə bizim olduqumuz şöbəyə 2 günə 51 xəstə gətirilmişdi. Amma, məsələn, dünən artıq bizim şöbəyə 3 yeni virusa yoluxan xəstə qəbul olunub. Hər gün təxminən 5-6 xəstə evə yazılır, 3-4 xəstə daxil olur.

Şöbəmizdə hal-hazırda 42 xəstə var. Sağalan çoxdu. Bu gün 8 xəstəni artıq evinə yola saldıq. Son vaxtlar yoluxanların sayı dövlət səviyyəsində görülən sərt karantin tədbirləri və insanların karantin qaydalarına artıq daha çox əməl etmələri sayəsində azalıb. Elə günlər olur ki, heç xəstə daxil olmur, elə günlər də olur ki, günə 6-7 xəstə qəbul edirik.

Ümumiyyətlə, yoluxanların sayının azalması hiss olunur, sağalanlar isə artır.

– Sizə yaradılan şərait necədir?

– İşdən sonra oteldə qalırıq. Gündə 3 dəfə oteldə yeməklə təmin olunuruq. Bizdə həkimlərin fəaliyyət göstərməsi üçün yaradılan şərait çox yaxşıdır. Xəstəxanamız lazımi dərmanlarla tam şəkildə təchiz olunub. Xəstələri müalicə etmək üçün bütün şərait yaradılıb.

– Bu yaxınlarda COVID-19 sahəsində çalışan rusiyalı tibb mütəxəssislərinin bir qrupu sizin xəstəxanaya cəlb olunub. Bu hansı zərurətdən irəli gəlib?

– Rusiyalı həkimlər yerli həmkarları ilə birgə COVID-19-a yoluxan xəstələrin müalicəsində iştirak edirlər. Bildiyiniz kimi pandemiyanın tüğyan etdiyi vaxt həkimlərimizin böyük qismi virusa yoluxdu. Bizdə 3 anesteziolog var idi və 3-ü də COVID-19-a yoluxdu. Bu yaxınlarda onlardan biri işə geri döndü. İstər-istəməz tibb işçilərimiz sağalanacan həmin arada həkim çatışmazlığı yarandı.

– Həkimlərin COVID-19 -a yoluxmasının əsas səbəbi nədir?

– Həkimlər koronaviris xəstələri ilə birbaşa çalışdığından onların yoluxmaq risqi təbii ki, daha çoxdur. Mən deyərdim onlar birbaşa yox, dolayısı ilə yoluxurlar. Gücləndirilmiş iş qrafiki, yuxusuz gecələr də həkimlərin sağlamlığına  təsirsiz ötüşmür.

Təsəvvür edin, saatlarla fasiləsiz skafandır geyimində, sanki od içində işləmək nə deməkdir.Təbii ki, insan tərləyir, bədəni boşalır, paltarını dəyişdikdə, xəstəxanadan çıxdıqda, avtobusda gözləyərkən,otelə gedərkən cüzi soyuq belə onu xəstələndirə bilər və digər xəstəlikdən əziyyət çəkən həkimin koronavirisa yoluxması üçün münbit şərait yaranır.

– Maraqlı söhbətə görə çox sağ olun!

– Siz də sağ olun!

24. 07. 2020

Söhbətləşdi: İmran Kərimli

Qeyd: Müsahibə “Nar” və TƏBİB-in birlikdə keçirdikləri “Günün Qəhrəmanları” müsabiqəsi çərçivəsində hazırlanıb.