Koronavirusla mübarizəyə yeni bir portal da qoşulur – “Sağlamlıq.az”backend

Koronavirusla mübarizəyə yeni bir portal da qoşulur – “Sağlamlıq.az”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Cəfərov: “Şuranın maliyyəsi ilə yaradılan sayt sağlamlığın bütün spektrlərini əhatə etməyi hədəfləyir”

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura”) dünyada və ölkəmizdə yaranmış koronavirus kabusu ilə əlaqədar olaraq bir sıra qrant layihələrinin icrasında dəyişikliklər edib. Bunlar icrası xüsusilə məktəb şagirdlərinin iştirakı ilə və digər kütləvilik tələb edən yerlərdə nəzərdə tutulan layihələrdir. Bildiyiniz kimi, indi insanların toplum halında bir yerə cəmləşməsi mümkünsüz olduğundan həmin layihələrin icra istiqamətində də müəyyən dəyişikliklər edilmişdir. İkinci əsas məqsədsə təbii ki, ölkəmizdə aparılan koronavirusla mübarizədə əhalinin maarifləndirilməsi prosesinə dəstək verməkdir ki, bu da hazırda ən təxirəsalınmaz işlərdən biridir.

Bu amilləri nəzərə alan Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Şuranın maliyyə dəstəyi ilə ““Koronovirus pandemiyası” ilə bağlı ölkə vətəndaşlarının maarifləndirilməsi” layihəsinin icrasına başlayır. İctimai Birliyin sədri Əli Cəfərovun mediaya açıqlamasına görə, layihənin icrasına 01.07.2020-ci il tarixdən etibarən başlanılacaq. Layihədən əsas məqsəd xalqın pardemiya ilə bağlı maarifləndirilməsi olacaq. Bəs maarifləndirilmə hansı vasitələrlə gerçəkləşdiriləcək sualına cavab olaraq birlik sədri söyləyib ki, Şuranın qərarı əsasında bunun üçün “Sağlamlıq.az” internet portalının hazırlanması və təcili olaraq fəaliyyətə başlaması nəzərdə tutulub.

Onu da qeyd edək ki, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi indiyədək Şuranın maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi bütün layihələri yeniyetmə və orta məktəb şagirdlərinin yalnız müxtəlif istiqamətlərdə maarifləndirilməsinə həsr edib.

Bu dəfəki layihə də məhz həmin yaş qruplarının “radikal dini cərəyanlardan qorunması” yönündə maarifləndirilməsini əhatə edirdi. Lakin obyektiv gerçəklikdən qaynaqlanan hazırkı situasiya layihənin həyata keçirilməsinə köklü problemlər yaratmış oldu. Elə buna görə də birlik sədri hazırkı şəraitdə insanların, xüsusilə də birliyin daim təmasda olduğu yeniyetmə və şagirdlərin toplantılarsız, tədbirlərsiz maarifləndirilməsi üçün internet saytının yaradılmasını ən ideal variantlardan biri hesab edir. Onun sözlərinə görə, nəzərdə tutulan portal onları həm asudə vaxtlarından səmərəli istifadə etməyə ruhlandıracaq, həm də koronovirusla bağlı maarifləndirilmələrində əvəzsiz və təhlükəsiz vasitəyə çevriləcəkdir.

Saytın fəaliyyət istiqamətləri barədə də məlumat verən Ə.Cəfərov dedi ki, portalda müxtəlif bölmələr və rubrikalar yaradılacaq. Saytda oxucular koronovirusun yaranma səbəblərindən tutmuş ondan qorunma vasitələri, eləcə də dünyada pandemiyanın gedişiatını əks etdirən xəbərlərlə, ölkəmizdə pandemiyanın gedişiatı barədə məlumatlarla tanış ola biləcəklər. Həmçinin beynəlxalq miqyasda tanınmış və yerli mütəxəssislərin koronovirus barədə fikirləri, müsahibələri portal vasitəsilə oxucuların ixtiyarına veriləcək. Maarifləndirici yazılarla bərabər, mövzunun əhatə dairəsini vizual əks etdirəcək videoroliklər də saytda yerləşdiriləcək. Portalsa sağlamlıqla bağlı bütün spektri əhatə etməyi hədəfləyir. Yəni, gələcəkdə də fəaliyyətini dayandırmadan bütövlükdə əhalinin sağlamlığı, ekologiya, bir sözlə insan həyatı ilə bağlı bir çox aspektləri işıqlandırmaq niyyətindədir.

N.Zöhrablı