Tribuna İnformasiya Agentliyi

KOROĞLU SİRRİ: ƏFSANƏDƏN HƏQİQƏTƏ – beşinci hissə

28 Noyabr

1219-cu ilin yazında Çingizxan məğlubedilməz ordusunu üç hissəyə ayırıb böyük Xarəzm imperiyasına soxulur. 

1219-cu ilin yazında Çingizxan məğlubedilməz ordusunu üç hissəyə ayırıb böyük Xarəzm imperiyasına soxulur.

 Cuçi xanın qoşunu Amudərya sahillərindəki şəhərləri itaət altına almalı idi. Cığatayla Uqedeyin qoşunu Otrar şəhəri istiqamətində hərəkət etməli idi. Xaqan özü isə sonbeşiyi Tuli xanla birbaşa Buxaraya doğru istiqamət alacaqdı. Hər üç qoşun bu şəhər tərəflərdə birləşməli idi.

Otrar şəhəri mühasirəyə alınanda Çingizxan əmr edir ki, o yaramaz İnalçik Kair xanı diri tutun, onun cəzasını özüm verəcəyəm. Kair xan sevimli şahının bu gün-sabah böyük bir qoşunla yardıma yetişəcəyini güman edib qala qapılarını bağlayaraq şəhərin müdafiəsinə başlayır. Amma beş aylıq mühasirədən sonra monqollar müdafiəni yarıb şəhərə soxulurlar. Əhalinin müqaviməti tez qırılır. Sonda Kair xan bir neçə döyüşçü ilə bir evin damına çıxır və oradan monqollara əlinə keçən daş,saxsı parçaları tullayır. Nəhayət, onu diri tutub xaqanın hüzuruna gətirirlər.

Kair xan… Əziz oxucularım, bu yaramaz adamın adını yadınızda saxlayın, çünki irəlidə göstərəcəyəm ki, bu adama dastanın ayrıca bir hekayəsi həsr edilmişdir. ”Koroğlunun Ballıca səfəri” və ya “Düratın itməkliyi” deyirlər adına.

Kair xan xaqanın önündə diz çökmədən qəzəblə “qaniçən, qatil, cəllad” deyir ona. Dərhal sərkərdələrdən birisi arxadan təpiklə vurub Kair xanı yerə sərir, qılıncını siyirib parça-tikə etmək istəyəndə xaqan əlinin hərəkəti ilə onu saxlayır. “Bir gör necə ağıllıdır! ” – deyir, -Nələr törətdiyini bilir, istəyir rahat ölsün, ona görə məni qəzəbləndirmək istəyir. Sən bu boyda şəhərin hakimiydin, amma belə başa düşdüm ki, var-dövlətdən doymamısan, çünki yüzlərlə dəvəni yüküqarışıq yemisən, adamları da edam etmisən, elədirmi? Nə edək, indi doyarsan… “

Cəlladlara əmr edir ki, bir qabda qızıl əridilsin, onun qulaqlarına və gözlərinə tökülsün. Bəli, zülmkar şəhər hakimi beləcə layiq olduğu cəzasına çatır. İndi növbə onu belə qudurdan şahın idi, bunun üçün isə paytaxta getmək lazım idi.

Diqqət! Gələcəkdə Koroğlu ləqəbi ilə tarixə düşəcək məşhur qəhrəman da bax bu üç hissəyə bölünmüş monqol ordusundadır. Ordunun içində olub mahnıları ilə əsgərləri döyüşə ruhlandıran, qəhrəmanlıq göstərənlərə nəğmələr qoşan xalq aşıqları, təbii ki, onun haqqında da nəğmələr oxuyurdular. Amma əvvəla hər üç bölük Çingizxanın və oğullarının tabeliyində idi. Çənlibeldə isə Koroğludan böyük heç kimsə yox idi. İkincisi isə, monqol aşıqları onu , təbii ki, öz adı ilə çağırmalı idilər. Daha doğrusu, adı və ya orduda ona verilən ləqəbi ilə. Məsələn, məşhur sərkərdələrdən birisi orduda sıravı əsgər kimi qulluğa başladığı gündən xaqan ona “cebe” / monqolca “ox” / ləqəbi vermişdi, çünki mahir ox atıcısı idi. Və o da orduda bu ləqəblə tanınmışdı. Ona nəğmələr qoşan monqol aşıqları, təbii ki, adına Cebe deyəcəkdilər. Dastandan bilindiyi kimi Koroğlu da ləqəb idi, amma əgər monqol ordusunda bu ləqəbdə sərkərdə yox idisə, demək bu ləqəbi ona digər türk xalqları —Türküstan və Azərbaycan xalqları verə bilərdi. Türküstana isə monqol ordusu yenicə girmişdi. Odür ki davam edək.

Oğulları sarıdan Çingizxanın bəxti gətirmişdi. Dördü də atalarından mükəmməl hərb dərsi almışdı. Monqol qoşunları onların rəhbərliyi altında qarşılarına çıxan kəndləri, şəhərləri yandıra-yandıra, dağıda-dağıda Buxaraya tələsir. Əvvəl Buxara, sonra Səmərqənd, daha sonra paytaxt Ürgənc alınıb xarabazarlığa çevrilir, cavan oğlanlar qılıncdan keçirilir, qız-gəlinlər əsir edilir. Hara baxsan qalaq-qalaq insan meyidləri… Doyunca meyid yeməkdən piy bağlamış, həddindən artıq yekələnib buğa boyda olmuş, ona görə də yerlərindən tərpənməyə taqətləri olmayan sahibsiz köpəklər…O qanlı-qadalı günlərin şahidi olan bir dərviş-şair belə deyəcəkdi: ”dünya həbəşin saçları kimi qarışmışdı ”.

Böyük xaqan ardıcıl qələbələrdən məst olmuşdur. Artıq paytaxt da dağıdılmış, artıq Xarəzm imperiyası çökmüşdür. Lakin şah yoxdur, xaqan ürəkdən sevinə bilmir. Çaparlar xəbər gətirirlər ki, şah Amudəryanın o biri sahilində yay iqamətgahındadır, digərləri deyirlər onu Xorasan tərəflərdə görmüşlər.

Xaqan buradan irəli artıq özü getmir, Tuli xanı 70000-lik qoşunla Xorasan tərəfə göndərir. Şahın anası təkəbbürlü Türkan xatun şahın qızları və nəvələri ilə qaçıb bir qalada gizlənmişdi. Monqollar onların yerini tapıb qalanı mühasirəyə alırlar və qalaya gedən içməli suyun qarşısını kəsirlər. Bir neçə ay keçir, qalada son udum su da içiləndən sonra Türkan xatunun ailə üzvləri ilə birlikdə onlara təslim olmaqdan başqa çarəsi qalmır. Xaqan şahın bir-birindən gözəl qızlarını dərhal oğullarına paylayır. Türkan xatunun acıqlı sözləri ona xoş gəlmir və hamı hesab edir ki, edam ediləcək. Amma xaqanın belə qəzəbli anlarında araya girib ağıllı sözləri ilə çox zavallını ölümün pəncəsindən qurtaran Yelyu sakitcə deyir: “Böyük xaqan, o, şah deyil, şahın anasıdır. Hökmdar kim olur olsun, anası ehtirama layiqdir, çünki nəcabətli nəsildəndir.” .Xaqan ona sərt bir nəzər salır, amma görür ki, o həmişəki kimi ağıllı danışır, ona görə də başının hərəkəti ilə onun dedikləri ilə razılaşır; qadını edam etdirmək kişiyə baş ucalığı gətirməz, həm də əsir qadını. Amma Türkan xatun sonralar bəlkə də deyəcəkdi ki, kaş onda məni edam etdirəydi. Çünki xaqan sərkərdələri ilə çadırında yeyib-içəndə onu, o lovğa və təkəbbürlü qadını çadırın qirişində oturdacaqdı və gəmirdiyi sür-sümüyü köpəyinə atırmış kimi ona atacaqdı.

Çingizxan Tuli xanı Xorasana göndərdiyi vaxtlarda Subuday Bahadırla Cebe noyonu yanına çağırır və onlara “yekə… / əndam / şahın arxasınca Amudəryanın obiri sahilinə keçib onu yerə girsə də, quş olub göyə çıxsa da tutub gətirmələrini “ əmr edir. Və elə həmin gün, yəni 1220-ci ilin isti may günlərindən birində bu iki sərkərdə hərəsində bir tümən əsgər olmaqla monqol ordugahından ayrılırlar. Və…

Diqqət! Koroğlu əfsanəsi də bax elə buradan da başlayır. Koroğlu əfsanəsi də yox, Koroğlu reallığı. Bu tamamilə real hadisələr sonradan əfsanələşdirilmişdir.

Amma yox, irəlidə hələ böyük bir dərya var, hələ onu keçmək lazımdır, onu keçənə qədər Koroğlunun öz adı var, ata-anasının verdiyi ad. Xeyr, xeyr, Rövşən deyil onun adı, irəlidə bildirəcəyəm niyə ona “Rövşən” demişlər. Gəlin tələsməyək, biz səyahətimizin ən maraqlı yerindəyik.

Bəli, iki məşhur sərkərdə şahı tutmaq üçün yola düşürlər. Hər biri müstəqil sərkərdə olsa da Cebe noyon hər zaman Subuday bahadıra qulaq asardı, ona görə də hər iki tümən faktiki olaraq Subuday bahadıra tabe idi. Cebe noyon gənc idi, ölçüb biçmədən döyüşə atılardı. Subuday bahadır isə döyüşlərdə bərkdən-boşdan çıxmış təcrübəli birisi idi, Cebe noyonu savaş meydanlarında çox çıxılmaz vəziyyətlərdən xilas etmişdi. Xüsusilə Çin müharibəsi zamanı sərkərdəlik məharəti üzə çıxan Subuday bahadır o savaşlardan birində sağ gözünü və sağ əlinin hərəkətliliyini itirmişdi; alnından dəyən düşmən qılıncı sağ gözündən, yanağından, çənəsindən keçib sağ qolunun əzələlərini kəsmişdi. Buna görə də ona “zəncirini qırmış dəli” , “qudurmuş köpək” ilə yanaşı “pəncəsi parçalanmış qaplan” da deyirdilər. Heç olmamışdı ki, göndərildiyi döyüşdən məğlub dönsün, ona görə də adı dillər əzbəri idi, şan-şöhrəti yerə-göyə sığmırdı. Temuçinin hələ gənclik illərində “quldur” ləqəbli böyük qardaşı Celmeliklə onun ordusunda xidmətə gəlmişdi. Monqol çöllərindən döyüşə-döyüşə Adriatik dənizi sahillərinə qədər gedən yeganə ordu komandanı idi. Monqol dövlətinin qurulmasında, güclənməsində və genişlənməsində əvəzsiz xidməti olan bu sərkərdə böyük xaqandan “bahadır” titulunu almışdı: qəhrəmanlığa görə mükafatların zirvəsi olan bu şərəfli ada tək-tük monqol sahib ola bilmişdi.

Tarixdən gəlib keçmiş qəhrəmanlar xəyalımızda at belindədirlər, amma mindikləri atdan başqa tövlələrində daha neçə atlarının olması hansı birimizi maraqlandırır? Ümumiyyətlə, bu nə dərəcədə maraqlıdır? Məsələn, Teymurləngin, Napoleonun, Atillanın neçə atı olmuşdur? Deyəcəklər bunu bilmək nəyə lazımdır? Amma bəs niyə Koroğlunun iki atı olduğunu bilirik? Uşaqdan da soruşanda heç düşünmədən deyəcək ki, Koroğlunun iki atı vardı: Qırat və Dürat. Qəribədir, niyə onun məhz iki atı olmuşdur? Niyə üç yox, beş yox, müqəddəslik bildirən yeddi yox, məhz iki? Dastandan belə məlum olur ki, dərya atlarından cəmisi iki qeyri-adi at əmələ gəlmişdir. Mifologiyanı bir tərəfə qoyub məsələyə real yanaşsaq necə? Onda deyə bilərlər adam sadəcə iki at istəyib, vəssalam. Yox, yox, bu bir az düz çıxmır axı. Necə yəni iki at istəyib? Hamımız bilirik ki, qəhrəmanların atlara xüsusi bağlılıqları olmuş, onları vəfalı dost bilmişlər. Əgər Koroğlu adi yoxsul bir kəndli olsaydı, deyərdik ömrü boyu cəmisi ikicə at almağa gücü çatmışdı. Amma onun kimi aləmə səs salmış bir qəhrəmanın bunca az atla kifayətlənməsi nəsə inandırıcı görünmür.

Çox qəribədir! Heç demə bizim inanıb-inanmamağımızdan asılı olmayaraq bu sırf həqiqət imiş. Bütün mübarizəsi dövründə onu həmişə iki atla görmüş xalq bu qəribə faktı yaddaşına elə həkk etmiş ki, dastan yaradıcıları bu faktın üstündən sükutla keçə bilməmişlər. Dildən dilə keçən, hər ağızın bir rəng qatdığı qəhrəmanlıq hekayələri aşıqlar tərəfindən dastan halına salınana qədər, təbii ki, xeyli zaman keçmişdir və əslində çox sadə izahı olan “iki at” məsələsinin üstünü bu müddət ərzində möcüzə dolu sirr pərdəsi örtmüşdür; “dərya atı” möcüzəsi həm atların sayına, həm də qəhrəmanın niyə başqa atlara sevgisinin olmadığına aydın cavab verir. Doğrudan da, onun təqsiridirmi ki, dərya atlarından cəmisi iki at dünyaya gəlmiş və onlar bunca qeyri-adi, misilsiz imişlər?

Demək, biz xaqanın sərkərdələri arasında iki atı olanını axtarmalıyıq. Həm də cəmisi üçünün arasında; Subudayın, Cebenin və Toxuçarın arasında. Niyə? Çünki xaqan şahı tutmaq əmrini 1220-ci ilin yazında vermişdi, İrana və Azərbaycana isə 1231-ci ilə qədər bu üç sərkərdədən başqa heç bir monqol sərkərdəsi gəlməmişdi. İndi görək bu üçündən hansı ola bilər? Toxuçar noyonu xaqan xeyli sonra Subuday bahadırla Cebe noyonun arxasınca göndərmişdi və o , demək olar ki, müqavimətsiz olaraq onların keçib getdiyi yerlərdən getmişdi, o zaman Subudayla Cebe artıq Şimali Qafqazda idilər. Toxuçar noyon xaqanın əmrindən çıxan yeganə sərkərdə idi, ona görə də hərbçi taleyini şərəfsiz başa vurmuşdu. Xaqan onların hər üçünə tapşırmışdı ki, itaət edənlərə toxunmayın. Amma Toxuçar noyon özündən əvvəl Subudayla Cebenin itaətə gətirdiyi şəhərlərdən birini talan edib dağıtmış, əhalini isə qılıncdan keçirmişdi. Buna görə də xaqan onu edam etdirmək istəmişdi, lakin sərkərdələrin yalvarışından sonra yumşalmış və onu tümənbaşçılığından sıravı əsgərliyə keçirməklə cəzalandırmışdı. Demək, Koroğlu o ola bilməzdi. Qalır iki sərkərdə. Subuday bahadır və Cebe noyon. Amma öncə iki at məsələsinə aydınlıq gətirək.

Xaqan onlara demişdi ki, şah İran tərəflərə qoşun toplamaq üçün getmək niyyətindədir, ona bunun üçün vaxt vermək olmaz, ona görə də tələsmək lazımdır ki, onu qoşun toplamadan öncə tutasınız.

Yol uzaq idi, buna görə də Subuday bahadır əmr edir ki, hər bir döyüşçü əlavə olaraq bir at da götürsün, çünki bir ata dinclik vermədən gecə-gündüz çapmaq olmaz, dinclik verəcəkləri halda isə vaxt itirəcəklər. Bir at yorulanda digərinə keçməklə dayanmadan nə qədər desən yol getmək olardı. Hə, əziz oxucum, bax həmin bu əlavə ata monqollar “tür at” deyirdilər. Çünki monqolca “türat” müvəqqəti at, yedək at deməkdir. Monqol atları kiçik olur, hündür Qarabağ, ərəb, türkmən atlarına öyrənmiş insanlar bu kiçik atlara “qırat” deyirdilər. Çünki monqollar yaşadıqları alaçıqlarına “qır” deyirdilər, başqa sözlə, “qırat” dedikdə atın qırlarda yaşayanlara, yəni monqollara aid olduğu başa düşülürdü. Türat da monqol atı olduğu üçün qıratdır, sadəcə, əlavə, yedək at olduğu üçün türatdır. /”t” hərfi zaman keçdikcə “d” hərfi ilə əvəzlənmişdir./.

Beləliklə, Subuday bahadırın əmrindən sonra hər iki tümənin döyüşçülərində və tümənbaşılarında qıratdan əlavə dürat da olur. Amma iki tüməndən yalnız birisinə “dəlilər yığınağı” deyirdilər. Hansına? Bəli, əziz oxucum mənim, yuxarıda qeyd etdiyim kimi, Subuday bahadırın tüməninə. Bax, axtardığımız məşhur qəhrəman, səkkiz yüz ilə yaxın bir müddətdə şəxsiyyəti gizli qalmış, əfsanələr pərdəsinə örtülmüş əsl Koroğlu odur.

Bəli, mənim Koroğlu haqqındakı versiyam budur. Bundan daha inandırıcı, sağlam məntiqə dayanan versiya olarsa məmnuniyyətlə qəbul edərəm. Deyə bilərlər ki, necə ola bilər, Koroğlu dastanı da bizim, Koroğlu operası da bizim, amma özü monqol sərkərdəsi.?! Amma bu məntiqlə yanaşsaq onda Leyli ilə Məcnun da bizim olmalıdır, çünki ilk olaraq Nizami Gəncəvi “leyli və Məcnun” poemasını yazmış, ilk olaraq Üzeyir Hacıbəyov bu əfsanə üçün opera bəstələmişdir. Amma bütün dünya bilir ki, o sevgililər ərəb qəbilələrindən idilər və bu möhtəşəm sevgi əfsanəsi hələ yeddinci əsrdən ərəblər arasında məşhur idi.

Monqollar da vahid türk millətinin xalqlarındandir ,necə deyərlər, nəhəng ağacın budaqlarından biridirlər, hər bir türk xalqının qəhrəmanı isə vahid türk millətinin qəhrəmanıdır, buna görə də Koroğlu bizim də qəhrəmanımızdır.

“Korluq “ məsələsinə gəlincə… Görünür xalq öz sevimli qəhrəmanını şikəst görmək istəməmişdir. Alnından çənəsinə qədər dərin çapığı olan, sağ əli hərəkətsiz, sağ gözü kor… Ona görə də bir halda ki, ləqəbi “Koroğlu” imiş, demək atası kor olmalıymış, məntiqi ilə gözlərinə mil çəkilən ata obrazı yaradılmışdır. Bəs niyə məhz ilxıçı? Çünki Temuçinə xidmət etməyə gələnə qədər Subuday ilxıçı olmuşdur. / Batı xanın Avropaya yürüşü zamanı Quyuk xanın hirslənərək dediyi sözləri xatırlayırsınızmı?/. O, 1164-cü ildə uryan-xatay tayfasından olan dəmirçi Xabılın alaçığında dünyaya gəlmişdir. Anası onun ilk addımlarını atdığını görmədən ölür. Bir bacı, üç qardaş imişlər. Bacı böyük olduğu üçün anasından sonra onlara o analıq edir. Subuday evin kiçiyi idi, atası öləndən sonra monqol adətinə görə evin “odçukini”, yəni ata yurdunun od-ocağının sahibi o olmuşdu deyə atasından hər şey ona çatmışdı. Və o, həyatını sakitcə sürdürə bilərdi. Amma heç kəsin öz evində sakitcə otura bilmədiyi, hamının birbirini qarət etdiyi bir dövrdə o da çoxları kimi hərb yolunu seçir. Qardaşı Celmeliklə Temuçinin ordusuna gəlir. 1202-ci ildə tatarlarla müharibə zamanı ona fəxri “bahadır” ləqəbi verilir. /”zəncirini qırmış dəli” , “qudurmuş köpək” ləqəbini isə Temuçinin o zaman hələ yaxın silahdaşı olan Camuka monqolların Naku-kun dağı ətəklərindəki döyüşü zamanı verir /. Bu döyüşdən dərhal sonra Temuçin onu naymanların xanı Kuçluğun və Buyuruk xanın üstünə göndərir. Bu, Subuday bahadırın başçılığı ilə olan ilk böyük döyüş idi .Sürətli yürüş edən Subuday bahadırın qoşunu naymanların ərazilərində qəfil görünür, monqollar onları Suci çayına sıxışdırırlar, Buyuruk xan öldürülür, Kuçluk xan qaçır və başsız qalan nayman döyüşçüləri əsir düşürlər. Bu qələbə ilə Subuday bahadır şöhrətlənir. 1206-cı ildə böyük xaqanı seçmək üçün toplanan qurultayda onun adı səksən səkkiz monqol şahzadəsi və noyonu /sərkərdəsi / arasında əlli birinci olaraq çəkilir…Evli idi, üç oğlu vardı. Amma Xarəzmşahın ardınca Cebe noyonla yürüşə başlayanda hər iki tümənin döyüşçüləri kimi, təbii ki, o da arvadını özü ilə götürməmişdi. Dastan qəhrəmanları isə sevimli yar olmadan yarımçıq olurlar, ona görə də dastan yaradıcıları ona Nigar xanımı Çənlibelə gətirməkdə “yardım edirlər”.

Təbii ki, dastan sonralar yaradılmışdır; əvvəlcə Subuday bahadırın mübarizələri olmuş, ona “Koroğlu” deyilmişdir. Amma sual oluna bilər :bir halda ki, dastan hələ yaradılmamışdı, gözlərinə mil çəkilən ata obrazı da hələ yox idi, necə olmuş ki, ona Koroğlu demişlər?

Bəli, yaxşı sualdır. Amma izah çox sadədir. Hətta bu gün də sözdəki mənanı qüvvətləndirmək üçün zalım adama “zalım oğlu zalım” ,xəsis adama “xəsis oğlu xəsis” ,axsaq birisinə “axsaq oğlu axsaq” demirikmi? Hələ söyüşləri demirəm. Bir gözü olmayan, hətta iki gözü olub da eynəklə qəzet-jurnal oxuyanlara “kor oğlu kor” deyənlərimiz azmı yəni? O böyüklükdə Xarəzm imperiyasının şahını şəhərbəşəhər, kəndbəkənd daban-dabana izləyən təkgözlü Subudayı görən camaat da heyrətindən “kor oğlu kor,yaman adamdı” , “kor oğlu kor,şaha göz verib işıq vermir” demış təbii. Və bu “kor oğlu kor” ifadəsi ağızdan ağıza, dildən dilə keçərək on üçüncü əsrin hərb nəhəngi Çingizxandan kamil döyüş dərsi almış Subuday bahadır üçün sonralar “Koroğlu” ləqəbinə çevrilmişdir.

Belə. İndi artıq Koroğlunun kim olduğunu, missiyasının nə olduğunu, Türküstandan bu yana bu böyük ərazidə nə axtardığını bildikdən sonra Koroğlu qalalarının niyə bu qədər geniş torpaqlarda səpələnməsi sualına cavab vermək olar. Bunun üçün isə şahı daban -dabana izləyən Subuday bahadırla Cebe noyonu, sadəcə, biz də daban-dabana izləməliyik.

Qəribədir, böyük bir imperiyanın nə qədər də məsuliyyətsiz və qorxaq bir şahı varmış! Monqollar ölkənin şərq vilayətlərini bir ilə yaxın idi ki, yandırıb dağıdırdılar, o isə hələ də İran tərəflərdə qoşun yığmaq bəhanəsi ilə meydandan qaçıb Amudəryanın obiri sahilindəki iqamətgahında oturmuşdu. Cəlaləddin haqlı imiş, hələ bir il əvvəl ona demişdi ki, hökmdarlar xalqın yaxşı günündə olduğu kimi pis günündə də onunla bir olmalı, qoyub qaçmamalıdırlar. Şəhərləri, kəndləri başlı başına özlərinin müdafiəsinə buraxıb qaçmağımızı xalq heç zaman bizə bağışlamayacaq. Doğrudan da, xüsusilə də Buxara, Səmərqənd,Ürgənc kimi elm və mədəniyyət mərkəzlərinin xarabazarlığa çevrildiyindən sonra xalqda ona qarşı ikrah hissi baş qaldırmışdı; artıq onu şahlığa layiq hesab etmirdilər. Çingizxan yerli xalqın bu əhvali-ruhiyyəsindən casusları vasitəsi ilə yetərincə məlumatlı idi, ona görə də onu ələ keçirmək üçün cəmisi iki tümən göndərmişdi.

Amudərya böyük, enli və dərin olduğu üçün şah rahat idi, hesab edirdi ki, monqollar bu dəryanı keçə bilməzlər, çünki qayıqları yox idi; ona görə də hərdənbir ova çıxır, yeyib-içib xoş keçirdi. İndiki Tacikistanın içindən keçən Vəhş çayı ilə Əfqanıstanla sərhəddən keçən Pənc çayı Tacikistanın cənub-qərbində birləşərək Amudəryanı əmələ gətirir və Özbəkistanın cənubundan, Türkmənistanın şərqindən keçməklə şimalda Aral gölünə tökülür. Əgər monqollar quru yolla onun dalınca gəlmək istəsələr minlərlə kilometr yol gedib o gölü hərlənməli idilər, o zaman da şahın casusları bunu ona vaxtında çatdıra bilərdilər və o, təhlükəsiz yerlərə qaçmağa fürsət tapardı. Amma onun Subudayın gözlənilməz manevrlərindən xəbəri yox idi. Subuday bahadır məhz onun gözləmədiyi çay yolunu seçir və gözləmədiyi yerdən — ona ən yaxın olan dərin yerdəncə o nəhəng çayı keçir. Tacikistanla Özbəkistanın cənub sərhədi tərəflərdə, Vəhş çayının Pənc çayı ilə birləşdiyi yerin yaxınlığında baş verən bu qeyri-adi keçiş xəbərini alan şah bərk qorxuya düşür və təcili yaxın adamları ilə İran tərəfə qaçır. Nişapurda dayanmaqdan qorxur, İsfahana gedir, sonra Bistana dönür, orada bir vəkilinə ləl-cəvahir dolu iki böyük sandıq verib onları Ərdahana aparmağı əmr edir, özü isə Rey şəhərinə tələsir.

Monqollar Nişapura çatıb camaatdan itaət tələb edirlər. Şah izini burada müvəqqəti itirdiyindən Cebe noyonla Subuday bahadır ayrı-ayrı hissələrə bölünüb onu axtarırlar. Subuday bahadır Tus və Radkandan Kuçana, İsfahana, sonra da Damqan və Semnandan Reyə gedir. Cebe də bir neçə Mazandaran şəhərlərini dağıdandan sonra oraya gəlir. Reylilər könüllü təslim olurlar; monqollar qəflətən orada peyda olmuşdular, çünki şahın orada olduğu xəbərini almışdılar. Amma şah monqolların gəldiyini eşidən kimi oradan Farrazin qalasına qaçmışdı. Orada otuz min əsgər vardı. Monqollar bundan xəbər tutan kimi oraya tələsirlər, amma qorxaq şah qalada olan bu qədər əsgərlə onlara qarşı çıxmaqdansa yenə də qaçmağı üstün tutur və oğulları ilə birlikdə Həmədan ətrafındakı Karun adlı dağ qalasına yola düşür. Yolda qəflətən monqollara rast gəlir; o adi kəndli paltarı geyindiyindən monqollar onu tanımırlar, belə kiçik kəndli dəstəsinin ardınca nədənsə getmirlər, ola bilsin əsla vaxt itirmək istəmirlərmiş.Arxalarınca bir neçə ox atıb yollarına davam edirlər. Şah Karunda bircə gün qalır, bilir ki monqollar buraya da gələcəklər. Ona görə də bir neçə at və bələdçi götürüb Bağdad tərəfə yol alır. Amma monqolları aldatmaq üçün hərəkət marşrutunu tez-tez dəyişərək Sərçəxan qalasına gəlir. Orada yeddi gün qalır. Sonra Gilan yoluyla Xəzər sahilinə yetişir. Aylarla sürən bu qaçhaqaç, qovhaqov onu elə üzmüş, elə taqətsiz və miskin bir hala salmışdı ki, cəmisi bir il əvvələ qədər özünü zamanın Makedoniyalı İskəndəri hesab edən bu adam tez-tez şikayətlənirmiş:”Görəsən bu dünyada elə bir yer tapılacaqmı monqolların əlindən bir azca rahat nəfəs alım? “. Artıq yaxın-uzaq vilayətlərin, şəhərlərin böyükləri də ona etinasız yanaşır, çağırışına gəlmirdilər. Birisi ona məsləhət görür ki, Xəzər dənizindəki adalardan birində gizlənsin, monqollar daim buralarda qalmayacaqlar ki, onlar getdikdən sonra geri dönər. Onsuz da heç bir çıxış yolu olmayan şah bu məsləhətə qulaq asır. Onu qayıqla Abeskun şəhərinin qarşısındakı Aşur adasına gətirirlər, yanında da bir aylıq yemək-içmək qoyub geri dönürlər. Bir aydan sonra yanına gələndə isə görürlər ki, meyidi sahildə çürüməkdədir, əynində də paltarı yoxdur. Heç demə bura dəhşətli cüzam xəstəliyinə tutulanların qovulduğu ada imiş. Şahın adamları nə baş verdiyini, onu kimin soyundurduğunu bilmək üçün adanı axtararkən onları tapırlar; birinin qulağı, birinin burnu, birinin biləkləri qopmuş, üz-gözləri yara, qoturluq içində olan bu bədbəxtlər onları görüncə qaçıb gizləniblərmiş. Doğrusunu deməsələr öldürüləcəklərini görüb hər şeyi boyunlarına alırlar. Məsələ belə olub: bir ay əvvəl şah buraya gətiriləndə uzaqdan gizlicə seyr edirlərmiş, görüblər ki , qayıqdakı adamların hamısı ona, o kəndli paltarındakı adama yerəcən təzim edirlər, düşünublər ki, əlbət lap böyuklərdəndir. Onu gərirənlər qayıqlara minib getdikdən sonra o bir xeyli müddət torpaqda diz çöküb oturubmuş, əlləri ilə də üzünü tutubmuş. Cüzamlılar ona yaxınlaşıb kim olduğunu soruşanda önündə qəfildən peyda olmuş bu canlı meyidləri görüb bərk qorxubmuş, dili tutulubmuş, bağıra-bağıra sahil boyu qaçıbmış. Amma hara qaçacaq; kiçicik ada, dörd bir tərəf dəniz. Cüzamlılar onu yaxalayırlar, deyirlər soyun. Kimsə nə vaxtsa onlara deyibmiş ki, güya hokmdarların paltarını geyinsəniz və ya bədəninizə sürtsəniz bu xəstəliyiniz keçəcək. O soyunmadıqda cüzamlılar onu zorla soyundurmağa başlayıblar və onun naz-nemət içində bəslənmiş qoyun kimi ləpələnən yekə əndamını, qadın dərisi tək zərif, pambıq kimi ağappaq dərisini görəndə paltarlarına sahib olmaq məsələsi müvəqqəti olaraq ikinci plana keçib; illərlə cəmiyyətdən məhrum adada qadınsızlıqdan əziyyət çəkən cüzamlılar elliklə onun üstünə atılıblar və… ehtiraslarını söndürdükdən sonra pal-paltarını cırıq-cırıq edib hərəsi öz bədəninin yaralı yerinə — kimisi qoluna, kimisi ayaqlarına, kimisi burnuna,kimisi əllərinə bağlayıb. Sonra onun üçün qoyulmuş ərzaqlardan cürbəcür yeməklər bişiriblər, onu da çağırıblar. Amma o nə o gün, nə də sonrakı günlər, heç vaxt onlarla yeməyə gəlməyib. Ümumiyyətlə, heç nə yemirmiş, sahildə gecə-gündüz böyük bir tonqal qalayıb yanında oturar, ağlaya-aəlaya hey dənizə baxarmış. Eləcə aclıqdan da ölübmüş.

Digər bir tarixçi yazır ki, sonralar şahı o adaya götürənlərdən bəzilərini görüb şəxsən özü söhbət edibmiş, onlar deyirmişlər ki, şahın o adada gizlənməsini məsləhət verən adam orada cüzamlıların olduğunu bilirmiş, sadəcə, şahdan çoxdan incik imiş, ona görə də adanın kimsəsiz olduğunu söyləyibmiş. Amma hətta o adada heç kimsə olmasaydı və o lazımınca yemək də yesəydi belə onun ömrünə çox az qalmışdı, çünki hələ Abeskun şəhərinə gəldiyində artıq sətəlcəm idi və sağalacağına heç bir ümid yox idi.

Nə faciəli sonluq! Uzun illər xalqı əzə-əzə o zamankı dünyanın böyük bir torpağının var-dövlətini təkbaşına yeyən ana ilə oğula Alahın verdiyi cəzaya baxın. Biri Çingizxanın qapısına bağlı köpək kimi gəmirilib qabağına atılmış sür-sümüyə möhtac…O birisi cüzamlılar adasında əyninə örtməyə bir bez qırığı da tapmadan aclıqdan olmüş… Öz xalqına xor baxan, dar günündə də onu düşmənlə üz-üzə buraxıb var-dövlətini yığışdıraraq qaçan hökmdarların taleyi başqa necə olmalıydı?

(ardı var) 

Mirzə Hacıyev