Tribuna İnformasiya Agentliyi

KOROĞLU SİRRİ: ƏFSANƏDƏN HƏQİQƏTƏ

21 Noyabr

ikinci hissə 

ikinci hissə

<!–[if !supportLineBreakNewLine]–>

Çinlilər barıtı doqquzuncu əsrdə icad etdikdən sonra od püskürən, yanar maye tullayan cürbəcür silahlar düzəltmişdilər. Uzaq şərqdəki müharibələrdə bu silahlardan yüz illərlə geniş istifadə edilmişdir.Amma 1259-cu ildə Çouçunfu / indiki Çousian, Anxoy vilayəti / şəhərinin silahqayıranları yeni silah istehsalına başladılar. Bu silah artıq od püskürmür, yanar maye tullamırdı. Lüləsinə doldurulmuş dəmir parçalarını, kiçik daşları və ya gil qab qırıntılarını böyük sürətlə uzağa atırdı. Yəni görünüş etibarilə indiki tüfənglərə oxşamasa da dünyada ilk tüfəng idi.

Təbii ki icaddan sonra tələbat olmalıydı ki, sifariş alınıb kütləvi istehsala başlanılsın. Amma bizə məhz istehsal tarixi lazımdır; tüfəng kütləvi istehsal olunmalıydı ki, adi bir kəndli də onu ala bilib çiynindən aşıraraq öküzlərini otarsın. Böyük bir ehtimalla ilkin sifarişlər ovçuluq və ya yaramaz adamlardan qorunmaq məqsədilə tək-tük müştərilər tərəfindən verilmişdi. Silah tacirləri məmləkətlər gəzərək bu yeni silahı yaxın-uzaq ellərə yaya bilərdilər, hökmdarların öz ordularını bu silahla silahlandırmaları isə xeyli sonraların işi idi. Ona görə də icadla ilkin istehsalın arasından nə qədər vaxt keçməsinin bizim axtarışımız üçün heç bir əhəmiyyəti yoxdur.

Demək, 1259-cu il…

Koroğlu silah aləmindəki bu qeyri-adi yeniliyin xəbərini dərhal almalı idi. Düzdür, bu hadisədən xeyli əvvəl dəlilərini Çənlibeldən dağıdıb mübarizəsinə son qoymuşdu. Amma uzun illərin mahir sərkərdəsi kimi dövrünün ordularının taktikasını,strategiyasını,istifadə etdikləri və ya edə biləcəkləri silahlari öyrənmək marağını da buraxması mümkün idimi? Xeyr. Öküz otaran kişi ilə təsadüfi görüşü olmasaydı da o mütləq istehsaldan sonrakı bir neçə il ərzində tüfənglə maraqlanacaqdı.Yəni onun tüfənglə görüşü 1260—70-ci illər arasında olmalı idi.Bu da ,mənim fikrimcə, Koroğlunun qocalıq illəridir.

Bahoooo! Bu ki monqol əsridir!Onda belə çıxır ki, Koroğlu uzun illər boyunca monqollara qarşı mübarizə aparmışdır?! Axı o zaman bütün Asiya və Şərqi Avropa onların tapdağı altında idi. Amma o əsrdə monqollara qarşı baş qaldırmaq mümkün idimi? Həm də bəlli bir qalada yaşayaraq açıq-açığına mübarizə aparmaq! O əsrdəki hadisələrdən xəbəri olanlar qətiyyətlə “xeyr” deyəcəklər. Bəli, bu, fantastika olardı. O dövr haqqında məlumatı olmayanlara isə qısaca da olsa anlatmaq istəyirəm niyəsini.

Uzun sürən mübarizələrdən sonra monqol cöllərindəki dağınıq tayfaları yumruq kimi birləşdirən Temuçin 1206-cı ildə Çingizxan ləqəbi götürüb özünü böyük xaqan elan etdi.Göydə göy Tanrı, yerdə böyük xaqan.Artıq yer üzündə Çingizxandan başqa hökmdar olmamalı idi. Bütün digər xalqlar ya bunu qəbul etməli, ya da məhv edilməli idilər. Bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməzdi. Sülh istəyirsənsə müharibəyə hazırlaş.Ordunu onluq sistemlə qurub onluqlara, yüzlüklərə, minliklərə və onminliklərə / tümənlərə / bölən Çingizxan o zamanın misli görünməmiş qüdrətli bir ordusunu yaratmışdı. İlk hərbi yürüş Çinə oldu. Çin torpaqlarında daş daş üstdə qalmadı. 1215-ci ildə Pekin alındı və Şimali Çin monqol dövlətinə qatıldı. 1219-cu ildə böyük xaqan üzünü qərbə — qüdrətli Xarəzm imperiyasına tutdu. Xarəzmşahın açıq mübarizədən qorxub qaçması üzündən bütün Orta Asiyanı,İranı əhatə edən,o zamanın bu ən güclü və böyük islam dövləti tezliklə Çingizxan atlılarının tapdağı altında qaldı, Buxara, Səmərqənd, Ürgənc kimi böyük, mədəni şəhərlər xarabazarlığa çevrildi. Şahı tutmaq üçün göndərilən 20000-lik qoşun türkmən çöllərini, İranı, Azərbaycanı, Şimali Qafqazı qarşısıalınmaz bir sel kimi keçib getdi.İtaət edən şəhərlərə toxunulmadı,itaət etməyənləri dağıdıb yandırdılar. Ən sonda rusların 80000-lik qoşununu darmadağın etdikdən sonra Çingizxanın yanına geri döndülər.

Xarəzmşah Xəzər dənizindəki bir adada öldükdən sonra yerinə oğlu sultan Cəlaləddin keçmişdi. Dövləti və ordusu əldən getmiş bu yenilməz, cəsur insan Əfqanıstan tərəflərdə 70000-lik qoşun toplayıb 40000-lik monqol ordusunu darmadağın edir. Çingizxan məğlubedilməz hesab edilən ordusunun bu ilk məğlubiyyət xəbərini alınca qəzəblənib özü onun üstünə yeriyir. Qeyri-bərabər döyüşdə uduzduğunu anlayan Cəlaləddin özünü hündür, sıldırım qayanın başından at belindəcə Sind çayının köpüklü sularına atır. Bu adam monqollara qarşı açıqca vuruşmuş ilk və son qəhrəman idi. Çingizxan oğulları və sərkərdələri ilə qayanın kənarına yaxınlaşır. O hündürlükdən özünü sulara atan çətin ki sağ qala bilərdi, amma az sonra köpüklü sulardan Cəlalıddinlə atı görünür. At üzə-üzə quyruğundan tutmuş sultanı obiri sahilə çıxarır. Cəlaləddin ayağını torpağa basan kimi dönüb qayanın başında duranlara baxır və barmağını silkələyərək Çingizxanı hədələyir. Bunu görən sərkərdələrdən birisi onu oxla vurmaq istəyir, amma heyrətdən barmağı dodaqlarında qalan xaqan qətiyyətlə: “Olmaz! — deyir,— Mən onu döyüş meydanında tutun, demişdim. Ora döyüş meydanı deyil”. Həmişə sərkərdələrinə döyüşlərdə şəxsi qəhrəmanlıq nümunəsi göstərən xaqan onlarda düşmənin igidləri ilə başqa cür davranmaq ruhunu da tərbiyə edirdi, “Qəhrəman düşmən hörmətə layiqdir”, deyirdi. İndi də özünü mərd aparır və atına minib ağacların arasında gözdən itən Cəlaləddini oğullarına göstərərək deyir: “ Bax, kişi oğlu belə olar ! “.

Bəli, Cəlaləddin əsl qəhrəman idi: o, “mən bu dünyaya döyüşçü kimi gəlmişəm, döyüşdə də ölməliyəm” deyən qəhrəmanlar aşiqi Çingizxanın özünü heyrətə gətirə bilmişdi. Çingizxan onun haqqında eşitmişdi, amma bu döyüşdə gözləri ilə görüb şücaətinə, mərdliyinə heyran qalmışdı. Monqolları ilk məğlubiyyətə uğratdıqdan sonra Cəlaləddin özü məktub yazıb onu döyüşə çağırmışdı. “Görüş yerini və vaxtını təyin et, görüşək” , demişdi. Çingizxan böyük bir qoşunla onun üstünə yeriyəndə xəbər gətirmişdilər ki, sultanın əsgərlərinin yarıdan çoxu qənimət üstündə razılığa gəlməyib onu tərk etmişlər, otuz minə qədər əsgəri qalmış olar. Onda böyük xaqan özü ilə o qədər əsgər götürüb qalanlarını pusquda saxlayır. Beləcə hər iki tərəfdə əvvəlcə döyüşçülərin sayı bərabır olur. Sanki xaqan demək istəyirdi ki, mərd kimi döyüşə çağırdın mərd kimi gəldim. Təbii ki, döyüşə başlayana qədər onun sultanı necə olur olsun məhv etmək fikri vardı, məktubu alandan sonra qəzəblənib elə tələsik yol almışdı ki, yolda qoşun yalnız qısa müddətə atları dincəltmək üçün dayanırdı, bəzən heç yemək hazırlamağa da vaxt olmurdu. Amma döyüş zamanı sultanın necə qorxu bilmədən vuruşduğunu görüncə fikrini dəyişir, yaralı aslan kimi özünü qoşunun gah sağına, gah soluna, gah mərkəzinə vuran gənc, qədd-qamətli, yaraşıqlı pəhləvan sultandan cox əsl çöl sərkərdəsinə bənzəyirdi. Belə şücaət gözləməyən Çingizxan döyüşün qızğın yerində sərkərdələrinə əmr verir: “Sultanı oxla, qılıncla yaralamayın!” . Bu , onu diri tutun, demək idi. Hələ tayfalararası mübarizələr dövründən coxlarını igidliklərinə bağışlayıb öz ordusunda yüksək vəzifələrə çatdırmışdı. Diri tutmaq üçün mühasirəyə almaq lazım idi, qüvvələr isə bərabər idi, ona görə də Çingizxan qəfildən geri dönmək əmri verir və ilk olaraq özü atın başını döndərir, monqollar da bir haya bənd imişlər kimi hamılıqla onun ardınca çapırlar. Bunu döyüş meydanından qorxub qaçmaq hesab edən Cəlaləddin qısa tərəddüddən sonra onları təqib etməyə başlayır. Bir xeyli qovhaqovdan sonra elə bir düzəngaha çatırlar ki, bir tərəf meşəlik, obiri tərəf sıldırım qayalıqlar. Qələbənin iyini almış sultan hamıdan irəlidə çapırdı:atın uzun nazik ayaqları sanki yerə toxunmurdu,atın yalına yatmış sultan sanki qızılquş kimi ov ardınca şığıyırdı. Bircə özünü xaqana çatdıra bilsəydi!Ailəsini dağıtmış,ucsuz-bucaqsız ölkəsini viran qoymuş o adama bircə özünü yetirsəydi!Birdən yan tərəfdən,meşəlikdən “ khu, khu, moğollar!” deyə ucalan bağırtı səsləri yeri-göyü titrədir. Ardınca da qara bulud kimi saysız-hesabsız atlılar siyirməqılınc birbaşa sultanın qoşunu tərəfə istiqamət alırlar. Bunlar Çingizxanın pusquda qoyduğu tümənləri idi, bir-birinin ardınca meşəlikdən çıxıb özlərini sultanın qoşununun böyrünə və arxasına vururlar, bu zaman Çingizxan özü də əsgərlərini geri döndərib sultan qoşununun ön hissəsini tutur. Monqollar aypara şəklində vuruşa-vuruşa Cəlaləddini qayanın kənarına sıxışdırırlar. Artıq qaçmağa yer yox idi; ya əsir düşmək, ya da son nəfəsə qədər vuruşmaq. Arxada dərin uçurum vardı, aşağılarda Sind çayının köpüklü suları bozarırdı. Mühasirə get-gedə daralır, əsgərlərin sırası seyrəlir, vəziyyətin çıxılmazlığını görən sultan birdən atın başını uçuruma tərəf döndərir. Ata bir qamçı vurur. Amma at yerindən tərpənmir, cilovu gəmirir. Sultan tələsir, tez-tez həyəcanla arxasına boylanır, atı təkrar-təkrar qamçılayır. At bir-iki addım irəliləyib uçurumun lap kənarında dayanır, bərkdən kişnəyərək şahə qalxır, qorxudan daldala çəkilir. Sultan onu zorla sakitləşdirir, nə edəcəyini bilmir, atsız uçuruma atılarsa dərin sularda boğula bilər, amma fikirləşməyə vaxt yoxdur, monqollar lap yaxınlaşmışlar, tələsmək lazımdır. Qamçıdan bir şey çıxmayacağını görən sultan son çarəyə əl atır: atın boynunu, yalını tumarlayır, öpdükcə öpür, qulağına nəsə deyir, sonra atın boynunu qucaqlayıb böyrünə yüngülcə bir şapalaq vurur. At sanki buna bənd imiş, bu xoş rəftardan cuşə gəlib dal ayaqları üstə qalxır və ildırım kimi yerindən götürülüb qayanın kənarından boşluğa atılır.

Hər döyüşdə olduğu kimi indi də Çingizxan hər şeyi dəqiq ölçüb biçmişdi. Amma deyəsən bircə bundan başqa. O hündürlükdən atla birlikdə atılmaq kimin ağlına gələ bilərdi! Saysız müharibələrdə cox qeyri adiliklər görmüş böyük xaqan belə bir möcüzəni ilk dəfə görmüş olacaqdı ki, heyrətindən ağzı açıq, barmaqları da dodaqlarında qalmışdı. Şəxsən mənim xəyalımda bu məğrur, igid türkmən bu misilsiz hərəkəti ilə —- hündür qayalıqdan at belində uçuruma atılışı ilə möhürlənib qalmışdır.

Amma xeyr, xeyr, Koroğlu bu deyildir. Çünki hər şeydən əvvəl ona görə ki, o , ilxıçı oğlu yox, sultan oğlu sultan idi,atasının da gözləri kor deyildi. O hadisədən sonra gəlib Təbrizdə Eldəgəzlər dövlətinə son qoyaraq Azərbaycan taxtına oturmuş, 1231-ci ilə qədər Azərbaycan hökmdarı olmuşdu. Monqolların ikinci hücumu zamanı qaçıb Anadolu tərəflərdə bir kəndlinin evində gizlənmiş,kəndli də əynindəki bahalı paltara görə yatdığı yerdəcə onu öldürmüşdü. Demək, Koroglu o ola bilməz.

Davam edək. Sonra Çingizxan monqol çöllərinə dönür, azaciq dincəldikdən sonra şimali qərbi Çindəki Tanqut padşahlığına qarşı hərbi yürüşə başlayır. O zamanadək artıq bütün düşmənlərini məğlub etmiş böyük xaqan sanki yeni bir düşmən axtarırdı. Bəli, bütün düşmənlərindən qisas almışdı. Uşaq ikən atasını zəhərləyən tayfadan, yeniyetmə ikən onu ələ keçirib boynunda boyunduruqla bir neçə il əsir saxlayan tayfadan, evləndikdən qısa bir müddət sonra yurd-yuvasını yandıraraq arvadını qaçıran tayfadan, atasını zəhərləyənlərə havadarlıq edən Çin imperatorundan, karvanını qarət edib tacirlərini öldürən, elçilərini təhqir edən Xarəzmşahdan, qardaşlıq andına xain şıxıb üstünə hücum çəkən uşaqlıq dostundan —- hər bir kəsdən, hər bir tayfadan qisasını almışdı. Bircə Tanqut çarlığı qalmışdı.Hərbi yürüşə də səbəb bu olmuşdu ki, hələ Xarəzmə hücum etdiyi zaman Tanqut hökmdarı əhdinə xilaf çıxıb onun köməyinə qoşun göndərməmişdi,elçisinin diliylə demişdi ki,,,əgər qoşunun azdırsa müharibə etmə,, .Onda xaqan and içmişdi ki, əgər bu yürüşdə ölməyib sağ qalsam onunla haqq-hesab çəkəcəyəm. Əgər o, düşməndirsə qeyd-şərtsiz məhv edilməlidir, düşmən deyildirsə xaqanın bayrağı altına keçməlidir, çünki yer üzündə Çingizxandan başqa ikinci müstəqil hökmdar ola bilməz.

Amma yolda xaqanın halı pisləşir. Dəhşətli yuxu görür və onun təsirindən xeyli vaxt qurtara bilmir. Vəziyyəti get-gedə ağırlaşır və 1227-ci ildə Tanquta çatmadan dünyasını dəyişir. Son nəfəsində vəsiyyət edir ki, Tanqutla heç bir sülh bağlamayın, böyüklü-kiçikli hamını qılıncdan keçirin, özünüz də monqol atlarının ayaqları son dənizin sularında yuyulana qədər savaşın.Bu,dünyanı almaq əmri idi;monqolların təsəvvürüncə “axşam ölkələrinin” sonunda son dəniz yerləşirdi, axşam ölkələri isə Avropa ölkələrinə deyirdilər. Yəni o, monqollara Avropanı işğal edib Atlantik okeanına çıxın, demişdi.

Demək olar ki, sıfırdan başlayıb qolu gücünə böyük bir imperatorluq quran, özündən qat-qat güclü düşmənlərinin üstünə hücumdan çəkinməyən, uzaq-uzaq ellərdə bir tək düşməninin belə sağ qaldığını bilincə gözlərinə yuxu getməyən Çingizxan…

“Tanrının qəzəbi” , “Tanrının qamçısı” , “bəşəriyyəti titrədən” ləqəbli qorxunc Çingizxan…

O, bəşər tarixinin elə tək-tük qəhrəmanlarından idi ki, həqiqətən də onun önündə dura biləcək bir qüvvə yox idi. Əgər Koroğlu monqollara qarşı vuruşmuşsa bu kəsinliklə Çingizxanın sağlığında olmamışdı, çünki sadəcə olaraq belə bir şey mümkün deyildi. Demək Koroğlunu 1227 illə 1260-cı illər arasında axtarmaq lazımdır.

Amma nəticə çıxarmağa tələsməyək. Baxaq görək sonra nələr olmuşdur.

Çingizxan ölümündən azca əvvəl özü qurduğu böyük imperatorluğu dörd oğlu arasında bölüşdürmüşdü. Böyük oğlu Cuçiyə şimal torpaqlarını, ikinci oğlu Cığataya Orta Asiyanı vermişdi. Üçüncü oğlu Uqedeyə Monqolustanı və şimali Çini verməklə bərabər onu özündən sonra bütün monqolların böyük xaqanı elan etmişdi. Kiçik oğlu Tuli isə bütün monqol ordusunun ali baş komandanlığına sahib olmuşdu. Darmadağın edib yer üzündən sildiyi merkitlərin xanının qızı, küsəyən olduğu üçün “Küsültü” ləqəbi almış gözəllər gözəli Kulan xatundan olan oğlu Gülkan isə hələ cox kiçik idi,həm də Çingizxan bildirmişdi ki, monqollar heç bir zaman düşmən tayfanın qızından olan oğulun hakimiyyətini qəbul etməzlər.

Əslində bu bölgü coxdan aparılmışdı.Xaqan Xarəzmi dağıtdıqdan sonra şamanların etirazına baxmayaraq Hindistana yürüşə başlayır. Lakin bir şəhərin mühasirəsi zamanı şəhər müdafiəçilərinin atdığı böyük bir ox Cığatay xanın balaca oğlunun, xaqanın sevimli nəvəsinin sinəsindən girib kürəyindən çıxır. Uşaq yerindəcə canını tapşırır.Bu təsadüfi faciədən həddən artıq sarsılmış xaqan dərhal mühasirəni dayandırıb bütün qoşunla şəhərə hücum etmək əmri verir. Şəhərin qala divarları monqolların qaladağıdan qurğularinin zərbələrinə tab gətirmir və monqollar şəhərə daxil olub bir nəfəri belə sağ buraxmadan hamını məhv edirlər, bütün tikililəri isə dağıdıb yandırırlar. Şəhər yer üzündən silinir, ondan yalnız üst-üstə yığılmış daş qalaqları xatirə qalır və bu daş qalaqları tarixə “kədər təpəliyi” kimi düşür. Ancaq xaqan artıq irəliyə getmir, həm Hindistanın həddən artıq istisinə dözə bilmədiyi üçün, həm də şamanların etirazını qulaqardına vurduğuna peşman olduğu üçün geri dönməyi əmr edir. Deyilənlərə görə, saysız-hesabsız əsgərləri arasında göz bəbəyi kimi qorunduğu halda sevimli nəvəsinin qəfil bir oxa tuş gəlməklə dünyadan getməsi onu özünün də günün birində belə qəfildən ölə biləcəyi barədə uzun-uzadı düşünməyə məcbur edir. Deyir insan çöllükdə gəzən dəvənin tapdadığı otlar kimidir, hansının nə zaman əziləcəyini kim bilir? Odur ki, həm qurduğu imperiyanın gələcək taleyini düşünən hökmdar kimi, həm də oğullarının o olmayandan sonra torpaq, var-dövlət üstündə boğuşmasını istəməyən ata kimi hələ o zaman vəsiyyətini edir.

Böyük oğlu Cuçi xan o zaman sağ idi. Oğullarından ən ağıllısı və şücaətlisi, həm də müqayisədə mərhəmətlisi o idi. Heç kimsə xaqanın bir sözünü iki eləməzdi, bir tək Cuçi xan sözünü dik onun üzünə deyə bilirdi, qırğınların mənasızlığı barədə onunla cox mübahisəsi düşürdü. Xaqan get-gedə onda hər şeyə bir etinasızlıq hiss edirdi, daha doğrusu, ondan ehtiyatlanmağa başlayırdı. Ona görə də onu mümkün qədər özündən aralı tutmaq üçün vəsiyyətində “şimal torpaqlarını sənə verdim, atının ayaqları hara qədər toxuna bilirsə oralara qədər sənindir” demişdi. Gənclik illərində arvadını düşmən əsirliyindən xilas edəndə o, Cuçiyə hamilə idi, bax o zamandan da xaqanın ürəyinə xal düşmüşdü. Arvadı nə qədər desə də mənə heç bir kəs toxunmayıb, xaqan urəyində heç zaman buna inanmamışdı, körpənin düşmən belindən gəlməsini qət etmişdi, amma heç zaman bunu sevimli arvadına bildirməmişdi. Cuçinin obiri oğullarından fərqlənməsi hər zaman onda bu fikri daha da möhkəmləndirmişdi.

Və… Tanqut padşahlığına hücum hazırlamaq üçün oğullarını çağıranda bir tək Cuçi xan gəlmir, xəbər göndərir ki, bərk xəstəyəm. Amma xaqana deyirlər ki, oğlun yalan deyir, şimal torpaqlarında gününü ovda, kef məclislərində keçirir. Xaqanın artıq səbr kasası daşır və kiçik qardaşı Odçukinə onu gizlicə aradan götürməyi əmr edir. Bir müddət sonra ov zamanı Cuçi xan itkin düşür. Xeyli axtarışdan sonra onu bel sümüyü qırılmış halda kolluqların arasından tapırılar. Bu, monqol adətincə qan axıtmadan şərəfli ölüm hesab edilirdi. Çingizxan bu xəbəri alanda özü də ölümün pəncəsində imiş. Görünür peşman olmuşdu, sayıqlayırmış, ah çəkib “Odçukin… Odçukin… niyə belə tələsdin? O qorxmaz bahadır artıq yoxdur… , demişdi. Amma nə faydası. İş işdən keçmişdi, özü demiş, atılmış oxu geri qaytarmaq olmaz. Bir neçə dəfə “Batı xan” deyə pıçıldayır, Cuçi xanın bir neçə övladı içindən yalnız bu yeniyetmənin adını çəkir və Subuday bahadıra tapşırır ki, onu əsl hərbçi etsin. Beləliklə, Çingizxandan sonra onun imperiyasını idarə edəcək varisləri atalarına layiq üç hərbçi oğul və bir nəvə olur.

(ardı var)

Mirzə Hacıyev