Tribuna İnformasiya Agentliyi

Konqres Türkiyəyə qarşı daha bir qanun layihəsi hazırlayıb

16 May

ABŞ və Türkiyə arasında S-400 və F-35 böhranı davam edir. Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə qurğuları almasına mane olmaq üçün Vaşinqton Ankaraya qarşı təzyiqləri günü-gündən artırır.

Ən son olaraq ABŞ Konqresi Təsisat Komitəsi Türkiyəyə F-35 döyüş təyyarələrinin satışının əngəllənməsini nəzərdə tutan büdcə qanunu layihəsi irəli sürüb. Komitənin təklif etdiyi layihədə F-35-lərin Türkiyəyə təhvil verilməsi üçün federal büdcə vəsaitindən istifadənin yasaqlanması təklif edilir. ABŞ Konqresi siyasi qərarlara təsir etmək üçün zaman-zaman bu cür üsullara əl atır. Əgər qanun qəbul olunsa, təyyarələrin Türkiyəyə təslimatı üçün lazımi vəsait – yanacaq təminatı və pilotların maaşları ödənilməyəcək.

BBC-nin məlumatına görə, Konqresin Müdafiə Təsisatı alt komitəsi ABŞ Müdafiə Nazirliyinin büdcəsini müzakirəyə çıxarır. F-35-lər üçün ayrılacaq xərclər ABŞ hökumətinin 690 milyard dollarlıq müdafiə büdcəsinin cüzi hissəsini təşkil edir. Və aydın məsələdir ki, bu layihə Türkiyəyə təzyiq məqsədi daşıyır, Ankaranı S-400 almaq qərarından imtinaya məcbur etdirmək üçündür. Əlbəttə, qanun layihəsinin qəbulu üçün layihənin demokratların çoxluqda olduğu Konqresdən və respublikaçıların çoxluqda olduğu Senatdan keçməsi lazımdır. Amma aydındır ki, bu bir siyasi təzyiqdir və qəbulu daha çox Vaşinqtonun Ankara ilə münasibətlərindən asılı olacaq.

Ankara S-400  F-35 ile ilgili görsel sonucu

Xatırladaq ki, Türkiyə dünyanın ən məşhur silah istehsalçısı olan “Lockheed Martin” şirkətinin həyata keçirdiyi “Müştərək Hücum Proqramı” çərçivəsində 5-ci nəsil döyüş təyyarələri hesab olunan F-35 “Lightning II” layihəsinə 2002-ci ildə qoşulub. Ümumi məbləği 25 milyard olan anlaşmaya əsasən F-35 qırıcılarının bəzi ehtiyat hissələri Türkiyədə istehsal olunacaq və Ankara 116 qırıcı alacaq. Layihənin şirkətinin saytında qeyd olunan məlumata əsasən, Türkiyə şirkətləri F-35-in ehtiyat hissələrinin istehsalından 12 milyard dollar gəlir əldə edəcək.  Bu layihədə Türkiyənin ASELSAN, HAVELSAN, ROKETSAN, AYESAŞ, Alp Havacılık, Türk Havacılık və Uzay Sanayii (TUSAŞ) kimi şirkətləri iştirak edir.

Ən müasir, 5-ci nəsil döyüş təyyarələri olan F-35-lər dünyada böyük maraqla qarşılanıb. Uzunluğu 15, 4 metr, qanadlarının eni 10,7 metr olan döyüş təyyarələri 134 ton ağırlığındadır. Bu təyyarələr bir dəfəyə 2200 kilometr uça bilir. F-35 qısa məsafəli qalxma-enmə, şaquli qalxma-enmə, radara görünməzlik texnologiyası və bağlı hissələrdən silah sistemlərinin tətbiqi kimi xüsusiyyətlərə malikdir.

F-35 təyyarəsi 25 mm-lik GAU-22/A aviasiya topu, “havadan havaya”, “havadan quruya” tipli raketlər, həmçinin ayrıca GBU-31JDAM, GBU32JDAM idarə olunan bombalarıla təchiz edilib.

F-35-in mühərriki “Rolls-Roys” (Rolls-Royce) şirkətinin iştirakı ilə hazırlanıb. Nüvə silahı ilə təchiz edilə bilər, 1,3 min kilometr məsafədən ballistik raketlərin atılmasını fiksə etmək qabiliyyəti var.

Ankara S-400  F-35 ile ilgili görsel sonucu

Artıq layihə son mərhələdidir, ABŞ və İsrail ordusunda F-35-lər mövcuddur. Türkiyə isə bu ilin yayında təyyarələrin bir neçəsini təhvil alacaq. Lakin indi Pentaqon Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaması üçün Ankaraya təzyiq edir. ABŞ ordusu bildirir ki, S-400-lərin Türkiyədə olması F-35-lər üçün riskdir. Belə ki, Rusiya HHM qurğuları F-35-ləri izləməyə ala və bu qırıcıların xarakteristikasını ələ keçirə bilər. Amma Türkiyə tərəfi bunu təkzib edir.

Ankara isə bəyan edib ki, Rusiya ilə S-400 alınması ilə bağlı anlaşma qüvvədədir, bu layihədən imtina etmək mümkün deyil. Bu ilin payızında Rusiya S-400-lərin ilk partiyasını Türkiyəyə təhvil verəcək.

Ancaq Vaşinqton hələ də Ankaraya təsir göstərib bu qərardan imtina etdirməyə çalışır. ABŞ hökuməti ötən ilin dekabrında Türkiyəyə “Patriot” zenit-raket kompleksinin satışına icazə verib. Ancaq Ankara bəyan edib ki, Rusiya ilə bağlanmış anlaşmadan geri çəkilməyəcək. Bundan sonra isə ABŞ Dövlət Departamenti bəyan edib ki, Türkiyə F-35 yeni nəsil qırıcı istehsalı proqramından çıxarıla bilər.

Aydın məsələdir ki, Türkiyənin bu cür dayanması, 67 illik NATO üzvü olan bir ölkənin ABŞ-dan imtina edərək məhz Rusiyanı seçməsi siyasi baxımdan Rusiyanın qazancıdır. Üstəlik, bu işin həm də ciddi maddi uğuru var. Rusiya Türkiyəyə 2,5 milyard dollar dəyərində hava hücumundan müdafiə batareyaları satır. Hazırda Qərbin ağır sanksiyaları ilə üz-üzə olan Rusiya üçün bu məbləğ böyük bir uğurdur. Üstəlik, bu satış aktiv hərbi əməliyyatlar aparan Türkiyə və Rusiya arasında silah və texnika satışını canlandıra bilər. Bu isə davamlı bazar deməkdir.

Vaşinqton isə Türkiyəyə maksimum dərəcədə təzyiq edərək fakt qarşısında qoyaraq seçim etməyə məcbur edir. Yaxın zamanlarda ortaq variant tapılmasa yəqin ki, Ankara ya S-400, ya da F-35-lərdən imtina etməli olacaq.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”