Tribuna İnformasiya Agentliyi

Kondisioner olmayanda insanlar necə sərinləyirdi…

02 İyul
Havalar isindikcə kondisionerlərə “güc” veririk.
Ümumiyyətlə müasir dövrdə qızmar yay mövsümündə özümüzü kondisionersiz təsəvvür belə edə bilmirik. Əgər iş yerində, avtomobildə, yaşadığımız evdə kondisioner olmazsa, dərhal şikayətlənir, bunun dözümsüz olduğunu bildiririk. Halbuki, yaşayışımızı bu mövsümdə daha rahat edən kondisionerlərin sağlamlığımıza zərər vurduğunu da bilirik. Məsələn, mütəxəssislər bildirir ki, uzun müddət kondisionerdən istifadə müxtəlif bakterial xəstəliklərə, baş ağrısına, dəri probleminə, müxtəlif əzələ ağrılarına səbəb ola bilir. Həmçinin qeyd olunur ki, kondisioner çöldə olan bakteriya və virusları içəri daşıyır. Havaya qarışan virus və bakteriyalar kondisioner vasitəsilə olduğumuz məkana dolur. Nəticədə insanlarda soyuqdəymə, qrip tipli xəstəliklər yarana bilir.
Bundan başqa, iddialara görə, kondisionerlə yoluxan arzuolunmaz xəstəliklərdən biri “legionella pnevmaniyası”dır. Bu mikrob insanı ağciyər, bronxit, rinit kimi infeksiyalara yoluxdurur, qulaq və diş iltihablarına gətirib çıxarır və sairə. Lakin maraqlıdır, çağdaş insanı kondisionersiz yayı keçirə bilmir, bəs bundan əvvəl kondisioner, sərinkeşlərin olmadığı dönəmdə, insanlar necə yaşayıb, dözüb? Məgər o zamanlar yay mövsümü bu qədər isti keçmirdi, yoxsa?
İlk öncə ilk kondisionerlərin yaranma tarixinə nəzər salaq. Araşdıranda məlum olur ki, banisi rus alimi Mixail Lomonosovdur. Belə ki, Lomonosov kondisionerin 1763-cü ildə, “mədənlərdə havanın sərbəst hərəkəti” elmi əsərində “hava hərəkətinin nəzəriyyəsini” təsvir etmişdi və məhz bu nəzəriyyə kondisionerin yaranmasında ilk dönüş nöqtəsi oldu. Hətta soyuducu maşınların ilk ixtiraçıları Mixail Lomonosovun həmin nəzəriyyəsinə istinad edir.
1815-ci ildə isə fransız Jan Şabannes şəxsi metodu olan binaların kondisiyalaşmasını patentlədi. Həmin vaxt “condition” və “air” sözlərinin birləşməsindən kondisioner sözü yarandı. Lakin fransız ixtiraçısı otaqların soyudulmasının yalnız nəzəri metodunu hazırlaya bilmişdi. Bir əsr sonra Uillis Karrier 1902-ci ildə öz əlləri ilə istehsalı optimallaşdırmaq məqsədi ilə havanı soyudanın maşının birinci nümunəsini yarada bildi. Onun texniki maşını Bruklin mətbəəsinin keyfiyyətinə təsir etdi. Mətbəənin işçiləri heyran qalmışdılar, çünki mətbəədə iş üçün rahat temperatur vardı. Bu məqamda xatırladaq ki, bu gün də dünyanın bir çox ölkələrində Uillisin adını daşıyan “Carrier” şirkəti kondisioner istehsal edir. Bundan 20 il sonra iş adamları kondisionerlərdən biznesin idarə edilməsi üçün istifadə etmək qərarına gəldilər. Beləliklə ictimai yerlərin kondisionerləşdirilməsi erası başlandı. Tezliklə evlərdə də bu aparatdan istifadə etməyə başladılar. Öz quruluşuna görə müasir kondisionerləri xatırladan soyuducu aparatlar ilk dəfə 1929-cu ildə “General Electric” firması tərəfindən istehsal olunub satışa çıxarıldı. Bunlar ilk otaq kondisionerləri idi.
Lakin “General Electric” kondisionerləri partlayış təhlükəsi olan ammonyakda işləyirdi. Ölümlə nəticələnmiş bir neçə bədbəxt hadisədən sonra istehsalçı uzaq təhlükəli elementləri kondisionerdən çıxardı.
Maraqlıdır ki, sovet dövründə ilk kondisioner 1975-ci ildə məhz Bakıda istehsal olunub. Qeyd edək ki, bu kondisionerlər ilk dəfə yapon texnologiyası ilə “BK” adı ilə paytaxtımızda, Yaponiyanın “Hitachi” firmasının dəstəyi ilə satışa çıxarılıb. “BK” bütün SSRİ-nin təkrarolunmaz və yeganə kondisioneri hesab olunurdu. O, səsli olmasına baxmayaraq o dövrdə kifayət qədər baha qiymətə satılırdı və müştərisi də xeyli çox idi. Dəfələrlə şahidio olmuşuq ki, Bakıda hələ də “BK” kondisionerlərindən istifadə edənlər var.
Kondisionersiz dönəmə gəldikdə isə mütəxəssislər qeyd edir ki, əvvəllər evlərin damı düz tikilirmiş. Belə olduqda günorta Günəşin istisindən qızan dam axşam düşən kimi tez soyuyurmuş. Bakının mərkəzlərində də bu cür evlərə rast gəlinib.
Və yaxud istidən qorunmaq üçün pəncərələr müəyyən quruluşda dikilirdi. Belə ki, evlərin şimal divarlarına pəncərələr qoyulmur, cənub, şərq, qərb istiqamətlərində isə divarlarda aynalar yerləşdirilirdi. Bölgələrdə, eyni zamanda da Bakıda binaların qapıları tağlı idi. “Bamiyə tağı” deyilən bu üslubda qoyulmuş qapılarla yanaşı, pəncərələrin sırf konstruktiv xüsusiyyətləri özündə əks etdirməsi ilə yanaşı, evin içindəki hava dövranında da ciddi rolu vardı.
Yuxarıya doğru nazilərək ən üst nöqtədə birləşən və ucu dartılmış tağ yaradan qapılarla pəncərələrin aşağısı enli, üst hissəsi isə üçbucaq şəklində daralan olduğundan evdəki isti havanı aşağı hissəsi ilə daha tez buraxır, yuxarı (nazik) hissəsi ilə soyuq havanın əks sirkulyasiyasının qarşısını alır, otaqları sərin saxlayırdı.
Bakıdakı binaların damlarına şalbanlar atılır, onların arası ağacla hörülür, sonra samanla qarışdırılmış palçıq tökülürdü. Hamarlanmış palçığın üzərinə isə yonulmuş daşlar döşənirdi. Bu minvalla evin damında ikiqat “hava yastığı” yaradılır, isti havalarda təbii sərinləşdirici effekt əldə olunurdu. Beləliklə, indi soyuq çay və ya maye saxlamaq üçün istifadə etdiyimiz termos effektindən əsrlər əvvəl Bakıdakı binaların tikintisində yararlanıblar.
Sovet dövründə də yay mövsümü zamanı əksər insanlar damlarda yatardı. Eləcə də Abşeron kəndlərində evlərin üzərində hər tərəfi açıq, yalnız damı olan külafirəngilər tikilərdi: onlar yay aylarında ailənin yatdığı məkan idi.
Uşaqların gecədə sərin yatmaları üçün külafirənginin künclərinə iki saxsı kuzələr və ya sərniclərdə su da qoyulardı. O qablar həm gecə saatlarında uşaq oyananda sərinləşməsi üçün su mənbəyi, həm də yataqdakıların üstündən keçən yeli guya sərinləşdirəcək vasitə idi.
Bəs müasir dövrümüzdə kondisionersiz necə sərinlənmək olar?
Mütəxəssislər qeyd edir ki, yataq otağını gün ərzində mümkün qədər pəncərə və qapıları bağlı, qaranlıq saxlamaq lazımdır. Bu zaman isti hava axını otağa girmir və axşam sərin havada yatmaq şansı yaranır.
Və yaxud yatmazdan öncə sərinkeşin qarşısında qabda buzlu su qoyduqda otağın havası sərin olur.
Həmçinin daha çox istifadə olunan üsuldan yaralanmaq olar. Belə ki, nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladıb, daha sonra möhkəm sıxıb, çalma kimi başa və yaxud boyuna bağlamaq olar.
Tövsiyələrdən biri də budur ki, axşamlar evdə olan bütün texnikanı elektrikdən ayırmaq lazımdır. Çünki adi lampanın belə istiliyi olur.
İsti yay mövsümündə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durmaq lazımdır. Bədən daxildən isinəndə sonradan sərinlənmək çətin olur.
Mümkün qədər soyuducuda həmişə buz ehtiyatı saxlamaq lazımdır. Deyilənə görə buz dolu qabı avtomobilə qoyduqda, içərisi sərin qalır. (Musavat.com)